17 İyun 2019, Bazar ertəsi

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Martın sonlarında qəfil yağan qarın soyuğundan üşüyüb daş altına sığınan utancaq bənövşələrin günəşlə doyunca baxışaraq yenidən boy göstərdiyi bu yaz günlərində ucqar bir dağ kəndinə gəlib, ətri ilə insanı məst edən çiçəkləri, gur şırıltısı ilə zehni yüngülləşdirən dağ çayını və səhər saat 5-dən başlayan qaynar həyatı görənlər iş-gücə baxmayıb bir gün yenə buraya gəlməyi çox arzulayır. Yaşıllığa bürünmüş kəndi üzük qaşı kimi dövrələyən sərt qayalı dağlardan həzin-həzin axan bulaqların gözündən bir ovuc su içib dərindən nəfəs aldıqca bu dünyada yaşadığınız ən gözəl günləri də dostlarla paylaşmaq yerinə düşər. 

Hələ qədimdə soyuq qış gecələrində isti kürsünün başında oturub səbirlə yazın gəlişini gözləyən dədə-babalarımız, – yazın bir günü, yayın bir həftəsi, payızın yarısı, qışın hamısı, – deyiblər. Doğrudan da, yazda Günəşin doğmasından da erkən oyanan kəndli sabahın ilk şəfəqlərindən başlayaraq onu gözləyən işlərinin arxasınca tələsir. İş də ki maşallah, bir deyil, beş deyil. Kəndin büllur kimi saf, təmiz havasını, suyunu, aşıb-daşan meyvəsinin, bal-qaymağının dadını heç nə ilə dəyişməyən bu torpağın sakinlərinin yaz günlərindəki başdan aşan işlərini saymaqla bitməz. Yalnız dolanışıq üçün ala-babat bir iş tapıb gün keçirmək istəyən “şah tənbəlləri”nin əksinə olaraq bugünkü işgüzar kənd­li həyətində yüzə yaxın arısı, bir o qədər toyuq-cücəsi, 5-10 baş mal-qarası, yaxud 50-60 qoyun-quzusu olmasa, necə deyərlər, qaralı (qərarı) gəlməz. Hamı bilir ki, yay aylarında belə, dağ kəndlərinin qonaq-qarası əskik olmaz. Bir də baxdın ki, hələ yay təzə girəndə şəhərdən uşaqların tələbə yoldaşları tökülüb gəldilər. Aranın 40 dərəcə istisindən qaçıb kəndin sərinliyində xumarlanan belə əziz qonaqlara geniş süfrə açmaq üçün kəndlinin evində nə desən var. Odur ki, bu cür bir həyat tərzinə alışmış insanların bu yaz günlərində əl-ayağını kəndirlə bağlasan da, bir yerdə duran deyil.

Kəndin yaz günləri uzun və mənalı keçir. Doğrudur, indi kəndlinin həyatında şəhər elementləri artıb, xüsusən xanımların bir çox məişət və mətbəx işləri avtomatlaşdıqca özünü, bir növ, ultramüasir hesab edib, həyətindəki atasından qalma alma ağaclarına qulluq əvəzinə, sadəcə, samovar salıb çay içməklə gününü keçirənlər də vardır. Amma qonşudan 3-4 dənə ev yumurtasını pay umub, broyler toyuğundan da kabab çəkən belələrinin yerinə elə qoçaq kənd adamlarından da danışmaq lazımdır ki, hər biri istəsə, elə bu gün şəhərdə 3 otaqlı mənzilin pulunu nağd sayıb ala bilər. Necə deyərlər, bağına sahib çıxıb, təsərrüfat qurub, təmtəraqlı gün keçirən belə insanların nə qədər istəsən, qonağı ol. Odur ki, bir həftəsonu yolunu kəndə salıb, asudə vaxtını mənalı keçirənlər bu yaz gününün haradan belə sürətlə keçdiyini özləri görəcək.
İş-gücün qaynadığı yaz günlərində kəndin sosial həyatı da, sözün əsl mənasında, gur bulaq kimi çağlayır. Qəbul imtahanlarına hazırlaşan yeniyetmələrin həyəcanı, yeni işə girmiş gənclərin hazırlıqları, yaxud yenicə nişanlanmış qızların cehizlik tədarükü və kəndi hamıdan yaxşı tanıyan qarı nənələrin pıçhapıçla toy-düyün qiybətləri sanki bu aylarda bir-birinə qarışır. Kənd ziyalıları da builki yetirmələrinin uğurlarına öz övladları kimi hamıdan çox inanaraq onları kəndin gələcək həkimi, müəllimi görmək arzusu ilə xeyir-dualar edirlər. Bəli, bu kənddə yaşayan insanların hamısı bir-birinə doğma olmasa da, yad da deyil. Odur ki, el duası müstəcəb olar, – inancı ilə yola çıxan heç bir gənc indiyə qədər kəndə əliboş qayıtmayıb, onu böyüdüb ərsəyə gətirən valideynlərini və müəllimlərini həmişə sevindiriblər. Allahın köməyi ilə bu il də belə olacaq!
Yaz günləri şıltaq olur. Bir də görürsən ki, parlaq yaz Günəşinin istisinə aldanıb, evdən hazırlıqsız çölə çıxdığında Dərələyəzin quzeyindən ilanquyruğu qara bir bulud aldı başının üstünü, bir anda elə yağdı, elə yağdı ki, oldun cumculuq. Amma payıza baxma, bu yağış bir-birini sevənlərin küsülülüyü kimi cəmi 5-10 dəqiqə çəkər. O, yenidən öz yerini masmavi səmaya verəcək. Min illərdir, buna alışmış bu yerlərin insanlarına görə isə belə yaz yağışı, əslində, ruzi-bərəkət, erkən yazda torpağa əkilənlərə can verən nurdur. Çünki bu dağlardakı qar-yağış olmasa, nə bulaqlar çağlayacaq, nə kəndi tən yarı edən çay kükrəyəcək, nə çiçəklər açacaq, nə də aranın bol taxılı olacaq. Odur ki, bu yaz günündə yağan yağışın doyunca tamaşasına çıxıb, sonra da Qanlıgöldən Salvartının zirvəsinədək uzanan Fatma nənənin gözoxşayan “yeddi­rəngli xalçası”nı seyr etmək istəyən varsa, həftə sonunadək kənddə qalmağa dəyər. Xalq təqviminə görə, bu aylarda hər cümə axşamına doğru Uca Yaradan bu torpaqların nur payını, ruzi-bərəkətin rəhni olan yaz yağışını əsirgəməyəcək.
Yaz həm də sevgi, məhəbbət fəslidir. Şehli dağ çəmənlərində sanki məhəbbət dastanlarındakı sevgililərtək bir-birinə sarılmış lalə-qərənfilin rayihəsini, yaxud həyətin ortasındakı uca alma ağacının uc budağındakı yuvasında sübh nəğməsi oxuyan quşların cəh-cəhini duymaq istəyənlər üçün bu yaz günündə kəndə gəlmək əsl fürsətdir.
Burada həyat lap nağıllardakı kimidir. İnsana sevgisi, ağsaqqal, ağbirçəyinə olan hörmətilə həmişə öyünən, həyatın ən çətin sınaqlarında insanların elliklə bir-birinin dadına çatdığı bu kənddə nə cəftəli qapı, nə də kilidli darvazalar var. Qonşuya təşrif buyuran əziz qonağın görüşünə gəlib xoşgəldin edən, toy səsi gəldiyində ev sahibindən də çox sevinib, bir işin ucundan yapışan bu saf insanların yurd sevgisi yazın gəlişi ilə sanki yenidən pöhrələnib qol-budaq atır, körpə ürəklərdə də özünə dərin yuvalar salır. Burada hamı həyatın axarını, bax, bu məhəbbətdə görür. Hamı istəyir ki, onların övladları da gələcəkdə bir-birlərini, bax beləcə, sevib, əzizləsinlər. Ata-babalarından onlara miras qalmış yurd sevgisi kimi...

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4078355
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1252
5301
1252
41955
4078355

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter