16 Sentyabr 2019, Bazar ertəsi

Muxtar respublikamızda insanların mənalı istirahətinin təmini istiqamətində lazımi tədbirlər görülür, yeni-yeni istirahət və əyləncə mərkəzləri qurularaq sakinlərin istifadəsinə verilir. 2014-cü ilin iyul ayında Naxçıvan şəhərində çimərliyin fəaliyyətə başlaması insanların doğma diyarımızda bu istirahət növündən yararlanmasına imkan yaradır.

İyunun 17-də Naxçıvan şəhər çimərliyində növbəti mövsümün başlanması münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, muxtar respublikamızda bütün sahələrdə insanların rahatlığının təmin edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Çimərlik istirahət zonasında da su və digər idman növləri üzrə yarışların, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Həmçinin çimərlikdə istirahət edənlərin istifadəsinə skuter, pedallı qayıq verilib. Burada futbol və voleybol meydançaları da yaradılıb. Bu da isti yay günlərində sakinlərin və diyarımıza üz tutan qonaqların istirahətlərinin səmərəli təşkilinə imkan verəcəkdir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxışında qeyd edib ki, bu gün Naxçıvan şəhərində insanların sağlamlıqlarının qorunması və istirahətinin səmərəli təşkili diqqət mərkəzində saxlanılır. 2014-cü ildə istifadəyə verilən Naxçıvan şəhər çimərliyi də bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi mühüm əhəmiyyət kəsb edir. Yeni mövsümə başlayan çimərlikdə yüksək səviyyəli istirahət şəraitinin yaradılması və xidmətin təşkili insanların mənalı istirahətini daha da rəngarəng edəcək.
Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının komandiri, polkovnik-leytenant Azadil Hüseynov yeni mövsümdə Naxçıvan şəhər çimərliyində həyata keçirilən tədbirlər barədə məlumat verib, burada göstəriləcək təhlükəsizlik xidmətlərindən danışıb.
Məlumat üçün bildirək ki, yeni mövsümə başlayan çimərlikdə istirahət və xidmət üçün 38 çətir, 4 duş kabinəsi quraşdırılıb, 120 yerlik paltarsaxlama və 2 soyunub-geyinmə yeri hazırlanıb, restoran və digər xidmət sahələri də fəaliyyət göstərir. Burada təhlükəsizlik tədbirləri də diqqətdə saxlanılır, müşahidə qülləsi yaradılıb, ərazidə xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub. Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarının 7 nəfərdən ibarət dalğıc heyəti ərazidə xidmət göstərir.
İstirahət zonasının ümumi sahəsi 10 min kvadratmetrdir. Burada böyüklər və uşaqlar üçün nəzərdə tutulmuş iki çimərlik sahəsi var. Uşaqlar üçün çimərliyin uzunluğu 60, eni 35, dərinliyi isə 3 metrdir. Böyüklər üçün çimərliyin uzunluğu 350, eni 55, dərinliyi isə 4-14 metrdir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub.
Onu da qeyd edək ki, çimərlik hər gün axşam saat 2000-dək açıq olacaq. Naxçıvan şəhərindən çimərliyə və əks-istiqamətə avtobus xidməti də fəaliyyət göstərəcək.

 Nail ƏSGƏROV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR