20 İyul 2019, Şənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Sağlamlıq imkanları məhdud övladlarımızın da özlərini cəmiyyətə yararlı hesab etmələri üçün hər cür şərait yaradılıb 

Təhsil bütün dövrlərdə cəmiyyət həyatının inkişafını təmin edən, onu irəliyə aparan amil olub. Çünki biliksiz cəmiyyətlər tarixin qaranlıq küncünə yuvarlandığı kimi, intellektli cəmiyyətlərin də daim inkişaf etdiyini bu gün kiməsə sübut etməyə ehtiyac yoxdur. Müasir dövrdə isə qloballaşan dünyada insan zəkasının səyi nəticəsində qazanılan nailiyyətlər elm və təhsili hərtərəfli inkişafın təkzibolunmaz dayağına çevirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün dünyada o ölkələr inkişaf edərək irəli gedirlər ki, orada təhsilə daha çox sərmayə qoyulur. Çünki təhsilə qoyulan sərmayə xalqların və ölkələrin gələcəyinə qoyulan sərmayədir. Vətənpərvər gənclik isə o gələcəyin ən etibarlı təminatçısıdır. Əgər ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə yetişən gənclik müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmişdirsə, bu gün yetişən gənclik də bu inkişafın gələcəkdə davamının təminatçıları olacaqdır”.

Bu gün Naxçıvan Muxtar Respublikasında da təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Maddi dəyərlərin insan kapitalına çevrilməsi prinsipi muxtar respublikamızda həyata keçirilən təhsil quruculuğu tədbirlərinin əsasını təşkil edir. Onu da xatırladaq ki, ötən əsrin 90-cı illəri bu günümüzlə müqayisə­olunmaz dərəcədə acınacaqlı idi. Bugünkü gəncliyin valideyn və müəllimlərindən, həmin dövrə aid mətbuat və ədəbiyyat səhifələrindən də öyrəndiyi kimi, blokada vəziyyətinə salınmış Naxçıvanda digər sahələrlə yanaşı, təhsilin də vəziyyəti ürəkaçan deyildi. Sovet dövrünün yadigarı olan məktəb binalarının yararsız hala düşməsi, maddi-texniki bazanın yetərli səviyyədə olmaması, yanacaq və enerji çatışmazlığından istilik problemlərinin baş alıb getməsi təkcə şagirdləri deyil, maddi təminatı çox-çox aşağı olan müəllimləri də məktəbdən didərgin salmışdı. Qışın soyuq günlərində bölüşdürülən məhdud yanacaq hesabına neft sobası ilə qızdırılmağa çalışılan sinif otaqlarında oturmaq əsl məşəqqət idi.

Təbii ki, belə bir vəziyyətdə təhsilin səviyyəsindən danışmaq yersiz idi. O ki qala həmin dövrdə bu yazıda haqqında bəhs edəcəyimiz sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasına. Bu hətta xəyal belə, edilə bilməzdi. Lakin tarix dəfələrlə sübut edib ki, hər bir ölkənin, bütövlükdə isə cəmiyyətlərin xilası yalnız uzaqgörən, xalqını sevən, onun gələcəyi üçün bütün çətinliklərə sinə gərərək qətiyyətli addımlar atan liderlərə əsaslanıb.
Bizim də xoşbəxtliyimiz ondadır ki, ­xalqımızın ümummilli lideri Heydər Əliyev həmin ağır və mürəkkəb dövrdə bütün çətinliklərə addım-addım sinə gərərək ölkəmizi, eləcə də onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasını mübarizə meydanlarından qalib çıxarıb. Ulu öndərin dahi ideyalarının layiqincə davam etdirilməsi nəticəsində qədim Naxçıvan tarix üçün çox qısa sayılan bir dövrdə, həm də blokada şəraitində inkişaf edərək özünün yeni tərəqqi dövrünə qədəm qoyub. Bu tərəqqi və yüksəliş dövründə milli təhsilimizin müasir dünya standartlarına uyğun inkişafı isə göz qabağındadır. Son 20 ildən artıq bir dövrdə muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri içərisində təhsil müəssisələrinin yenilənməsi və ya yeni məktəb binalarının tikintisi xüsusi yer tutur. İndiyədək 200-dən çox təhsil müəssisəsinin müasir tələblərə uyğun tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi, onların müasir avadanlıq, o cümlədən informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi, buna paralel olaraq təhsildə yeni islahatların aparılması ötən dövrdə muxtar respublikada bu sahənin keçdiyi böyük inkişaf yolundan xəbər verir.
Təbii ki, sağlam və savadlı insan hər bir cəmiyyət üçün ən dəyərli sərvətdir. Belə bir sərvəti qazanmaq isə hərtərəfli inkişafı prioritet qəbul etmiş ölkələr üçün mühüm şərtdir. Vətəndaşına dəyər verilən, insan amilinin yüksək tutulduğu belə cəmiyyətlərdə sağlamlıq imkanları məhdud insanların, xüsusilə bu qəbildən olan uşaqların cəmiyyət həyatına inteqrasiyası məxsusi əhəmiyyət daşıyır. Diqqət yetirsək, görərik ki, muxtar respublikamızda fiziki imkanları məhdud olan uşaqların reabilitasiyası, onların təhsilə cəlbi istiqamətində çox böyük işlər görülüb.
“Yalnız hərtərəfli təhsil alan, peşə öyrənən, özünü ölkəsinin gələcəyinə hazırlayan gənclər dövlətçiliyimizin və müstəqilliyimizin dayağı ola bilərlər”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ötən dövrdə təhsilin inkişafı ilə bağlı çoxsaylı ­sərəncamlar imzalayıb və bu sərəncamların icrasında məhdud fiziki imkanlıların təhsilə cəlbi də öz əksini tapıb. Belə dövlət sənədləri içərisində isə Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin yaradılması xüsusi əhəmiyyət daşıyır. 2014-cü il oktyabrın 1-də istifadəyə verilən bu mərkəz, sözün həqiqi mənasında, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyət həyatında iştirakı üçün əsl məbəd rolunu oynayır. Burada mərkəzi server və çevirici avadanlıqların quraşdırılması, tədris sinfinə intellektual-elektron lövhə, kompüter, smartkamera, monitor və digər texniki vasitələrin qoyulması bu qəbildən olan uşaqların distant təhsilə cəlb olunmasına geniş imkanlar açmışdır. Eyni zamanda tədris mərkəzində audio və elektron kitabxanaların fəaliyyəti, Brayl əlifbası ilə çap olunmuş dərsliklər, eləcə də digər ədəbiyyat və jurnallar da sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiya olunması naminə atılan mühüm addımlardır.
Hazırda muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi istiqamətində daha bir mühüm dövlət proqramı icra olunur. Belə ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Rabitə və Yeni Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqların tədris prosesinə cəlb olunması işləri daha geniş şəkildə həyata keçirilir. Bu sahədə atılan ən mütərəqqi addım isə distant tədris sisteminin tətbiq edilməsidir. Bu məqsədlə onların yaşadıqları mənzillərə yüksəksürətli internet xətləri çəkilir, müvafiq texniki avadanlıqlar quraşdırılır. Bir sözlə, məktəb dərsə gedə bilməyən fiziki qüsurlu uşaqların “evlərinə gəlir”. Fikrimcə, insan amilinə verilən yüksək dəyərin bundan daha mükəmməl ifadəsi yoxdur.
Bəs hazırda bu qəbildən olan uşaqlar onlar üçün yaradılmış distant təhsilin imkanlarından necə yararlanırlar? Bu məqsədlə yaxın günlərdə Kəngərli, Şərur və Sədərək rayonlarında yaşayan sağlamlıq imkanları məhdud uşaqların evlərinə üz tutmağı qərara aldım. Distant təhsilə cəlb edilən uşaqların 23 nəfərdən ibarət siyahısına göz gəzdirib yola düzəldim.
Səhər saatlarında Naxçıvan-Sədərək avtomobil yolu ilə məni qeyd etdiyim ünvanlara aparan avtomobilin pəncərəsindən ətrafdakı gözəllikləri seyr edərək düşünürdüm: Bir-biri ilə yarışa girən müasir və abad yaşayış məntəqələri, rəngarəng təbiət mənzərələri, insan əlinin gözəlliklər bəxş etdiyi yamyaşıl düzlər, çağlayaraq bu yaşıllıqlara həyat verən su xətləri, bar vermiş ağaclarda budaqdan-budağa adlayaraq bahar nəğməsi oxuyan quşlar... Bütün bunlar insanda həyat eşqini coşduran gözəlliklərdir. Bu gözəllikləri görmək, duymaq, doya-doya yaşamaq və hətta belə gözəl cəmiyyətdə hansısa bir fəaliyyətlə məşğul olub öz doğma yurdunun daha da gözəlləşməsinə çalışmaq isə hər bir insanın haqqıdır. Fiziki imkanlarından asılı olmayaraq... Nə yaxşı ki sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində çox mühüm işlər görülən bir diyarda yaşayırıq...
İlk baş çəkdiyimiz ünvana çatmağımız məni bu gözəl duyğulardan müvəqqəti də olsa, ayırdı. Söhbətləşdiyim uşaqlardan yaşca ən böyüyü olan Maisə Seyidovagildəyik. Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayan Maisə 2002-ci ildə anadan olub. Ancaq səhhətindəki anadangəlmə problemlərə görə sərbəst yeriyə bilmir. Yaşıdları kimi oxumaq, yazmaq istəsə də, bu arzusunu yalnız 2016-cı ildən reallaşdıra bilib. Belə ki, distant tədris mərkəzində qeydiyyatdan keçdikdən sonra aidiyyəti qurumlar tərəfindən yaşadığı mənzilə internet xətti çəkilib, kompüter dəsti quraşdırılıb.
Xəstəlik onun gəzmək arzusunu məhdudlaşdırsa da, ruhən sarsıda bilməyib. Dövlətimizin diqqət və qayğısı ilə o da cəmiyyətin fəal bir nümayəndəsinə çevrilib. Onun dediklərindən: “Təhsil almaq ən böyük arzum olub. Fiziki imkanım olmadığına görə kiçik yaşlarımdan bunu yalnız xəyal etmişəm. Sağ olsun, dövlətimiz, mənim kimi uşaqların xəyalını reallığa çevirib. Çox sevincliyəm ki, mən də təhsil ala bilirəm. Mövcud şərait məndə tam qənaət yaratdı ki, təhsil almaq üçün sırf məktəbə yollanmaq şərt deyil. Sözün açığı, məktəbə getmirəm də deyə bilmərəm. Çünki məktəbi öz evimdəymiş kimi hiss edirəm. Bu sevinci mənə və valideynlərimə bəxş edənlər sağ olsun! Bizim üçün keçilən dərslərdə hər dəfə maraqla iştirak edirəm. Müəllimlərimizdən də razıyam, çox həvəslə öyrədirlər. Bizə diqqət və qayğısını əsirgəməyən müəllimlərimin əməyi sayəsində çox şey öyrənmişəm. Hər zaman yaxşı qiymətlərlə oxumağa çalışıram. Arzum budur ki, dövlətimizin bizə göstərdiyi bu etimadı doğruldam”.
Həmin rayonun Yeni Kərki kəndində yaşayan 12 yaşlı Fidan Babayeva isə 2016-cı ildən mərkəzin tədris proqramına cəlb olunub. Uşaqlıqda beyin iflici keçirmiş balaca qəhrəmanımız distant dərslərin sayəsində özünü xeyli təkmilləşdirib. Artıq saymağı bacarır, sadə riyazi çalışmaları sərbəst həll edir. Oxumağı və yazmağı da yetərincə mənimsəyib. Bu, təbii ki, hər kəsdən çox valideynlərini sevindirir. Onlar böyük minnətdarlıq hissi ilə qeyd etdilər ki, dərs günləri gəldikdə Fidanın sevincinin həddi-hüdudu olmur. Yeni dərsləri öyrənməkdən, müəllimi ilə ünsiyyətdə olmaqdan zövq alır.
Şərur rayonunun Danyeri kəndində isə fərqli ailələrdə yaşayan iki balaca qəhrəmanımızla tanış oluruq. Sadiq Həsənli 13 yaşındadır. Anası Günel xanım bizimlə söhbətində bildirir ki, serebral iflic xəstəliyindən əziyyət çəkən, həm hərəkət qabiliyyətinin məhdudluğu, həm də nitq qüsuru olan oğlunun taleyindən əvvəllər çox nigaran olublar. Lakin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant tədrisə cəlb olunduqdan sonra onda xeyli irəliləyişlər müşahidə edilir. Belə ki, Sadiq artıq nisbətən sərbəst danışmağı öyrənib. Eyni zamanda yazmaq vərdişlərini də xeyli təkmilləşdirib. Distant təhsilin övladının həyatında böyük rol oynadığını bildirən Günel xanım indi gələcəyə daha ümidlə baxdığını qeyd edir və yaradılmış şəraitə görə ailə üzvləri adından minnətdarlığını bildirir.
8 yaşlı İldırım Cəfərov da həmkəndlisi kimi iflic xəstəsidir. Kiçik yaşlarından sərbəst hərəkət qabiliyyətinin məhdudluğu, nitq qüsuru olan İldırım müvafiq müalicələrə və distant təhsilə cəlb olunduqdan sonra onda müəyyən irəliləyişlər nəzərə çarpır. Belə ki, valideynlərinin dediyinə görə, o, sadə sözləri tələffüz edir, ədədləri sərbəst saymağı bacarır. Hətta toplama və çıxma əməliyyatlarını da yerinə yetirir. Oxumağa böyük həvəs göstərən İldırım evdə daim dərsləri ilə məşğul olur, yaşıdları kimi daha çox öyrənmək istəyir. Digər sağlamlıq imkanları məhdud uşaqlar kimi, o da müvafiq məktəbli forması və dərs ləvazimatları ilə təmin olunub. Bir neçə dəqiqə əvvəl həmsöhbət olduğum Fidanın dedikləri yadıma düşdü: “Məktəbi evimdə hiss edirəm”. Hər kəsin üzərində gəzdirdiyi məktəbli formasını geyinmək, müəllimlərlə ünsiyyətdə olmaq, dərslərə çalışmaq və verilən tapşırıqları həll etmək. Tədris üçün başqa nəyəsə ehtiyac varmı?
Öyrənirik ki, dövlət tərəfindən onlara daim böyük qayğı göstərilir. Ev şəraitində yalnız ailənin daxili imkanları hesabına övladının bu cür müsbət nəticələr əldə etməsinin mümkün olmadığını deyən valideynlər yaradılan şəraitdən razılıqlarını bildirirlər.
Sədərək rayonunun eyniadlı kəndində yaşayan Quliyevlər ailəsində isə sağlamlıq imkanı məhdud 9 yaşlı Nurgül Quliyeva aprel ayından distant təhsilə cəlb edilib. Bu məqsədlə onun yaşadığı mənzilə rabitə və internet xətləri çəkilib, müvafiq texniki avadanlıqlar quraşdırılıb. Təbii ki, balaca Nurgül də zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimi ilə təmin olunub, ona tədris prosesinin gedişinə uyğun müvafiq təlimatlar verilib. İndiyədək Nurgülün ölkə xaricində tibbi müayinəsi də təşkil olunub. Həmçinin Naxçıvan Uşaq Bərpa Mərkəzində mütəmadi olaraq fizioterapiya müalicəsi davam etdirilir. Bununla yanaşı, sözügedən ailənin aztəminatlı olması nəzərə alınaraq ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq üzrə dövlət pro­qramına da cəlb edilib.
Sözün açığı, ünsiyyətdə olduğum məhdud fiziki imkanlı uşaqlar məndə həyat eşqini daha da alovlandırdı. Onlarla həmsöhbət olub xoş düşüncələrlə geri dönməmək mümkün deyil. 5-10 il bundan öncə valideynləri üçün gözdağı olan bu balaca fidanlar, indi onların fəxarət, qürur mənbəyidir.
Yazının əvvəlində də qeyd etdiyimiz kimi, çox yaxın dövrdə – təxminən, 25 il bundan əvvəl blokada vəziyyətinə salınmış, iqtisadi sahələri iflic olmuş, sabaha heç bir ümidi qalmayan muxtar respublikada sağlam uşaqların belə, oxuması üçün lazımi şərait yox idi. Bu gün isə sağlamlıq imkanları məhdud uşaqlar paytaxtdan 50, 80 kilometr uzaqlıqda yerləşən yaşayış məntəqələrindən distant üsulla təhsillərini davam etdirirlər. Həmin şagirdlər onlar üçün yaradılan bu şəraiti dərindən dərk edir, ölkəmizin gələcək inkişafı üçün öz intellektual səviyyələrini artırmağa səy göstərirlər.
Hazırda distant təhsil sistemindən dünyanın inkişaf etmiş bütün ölkələrində ali təhsil müəssisələrində tədris və imtahan proseslərinin müasir tələblər səviyyəsində təşkili üçün istifadə olunur. Naxçıvan isə bu imkanları dövlət səviyyəsində həm də sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində tətbiq edən çox az diyarlar sırasındadır. Bu sistemin muxtar respublikamızda tətbiqi buradakı hərtərəfli inkişafın və insan amilinə verilən yüksək dəyərin göstəricisidir. Məhz bu addım sağlamlıq imkanları məhdud uşaqların təhsil almaq hüququnu təmin etməklə, onları cəmiyyətin fəal bir üzvünə çevirir. Başqa sözlə, diyarımızda hər kəs üçün bərabərhüquqlu yaşayış təmin edilir. Mən də qürur duyuram ki, sosial vəziyyətindən asılı olmayaraq, hər kəsin qayğısına qalan bir dövlətin gənciyəm!

 Gülcamal TAHİROVA
Bu yazı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda
yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4280642
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3607
5856
33807
112000
4280642

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter