15 Noyabr 2019, Cümə

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın aparıcı sahəsi kimi sənayenin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Bu baxımdan yüksək texnologiyanın tətbiqi ilə işləyən sənaye müəssisələrinin yaradılması və hazır məhsulların ixrac bazarlarında reallaşdırılması iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfədir.

Bu günlərdə “Cahan Pen plastik məmulatları istehsalı və satışı” MMC-nin istehsalı olan inşaat materiallarının Rusiya bazarlarına ilk ixracı bu sahədə qazanılan uğurların davamıdır.
Bu barədə cəmiyyətdən aldığımız məlumatda bildirilir ki, 2018-ci ildə əsaslı investisiya qoyuluşundan sonra yenidən istifadəyə verilmiş müəssisədə istehsal olunan 7 növdə, 160 adda məhsula həm daxili bazarlarda, həm də xaricdə tələbat artır. Azərbaycan brendi kimi ixrac edilən bu məhsullar arasında PVC qapı-pəncərə profil və aksesuarları, hər ölçüdə içməli su və istiliyə davamlı kompozit borular, 120 adda fitinqs məmulatları mühüm yer tutur. “Magna” əmtəə nişanı ilə xaricə ixrac olunan və Rusiyanın Moskva şəhərinə ilk olaraq 23 ton həcmdə göndərilən məmulatların bu ölkədə yerli istifadəçilər tərəfindən həvəslə alınacağı gözlənilir. “Cahan Holdinq” Şirkətlər İttifaqının Rusiya Federasiyasında açılmış satış ofisi bununla bağlı zəruri işləri də həyata keçirir. Qeyd edək ki, bundan əvvəl “Cahan Holdinq”in Türkiyənin İqdır şəhərində də satış ofisi fəaliyyətə başlayıb. Eləcə də digər ölkələrə də ixrac olunması nəzərdə tutulan plastik məmulatlar 300-ə yaxın işçisi olan müəssisənin iş imkanlarının daha da genişlənməsinə və muxtar respublikamızın xarici ticarət dövriyyəsinin artmasına mühüm töhfə verəcək.

 Əli CABBAROV

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR