23 Sentyabr 2019, Bazar ertəsi

Naxçıvan torpağının yetirməsi, görkəmli rəssam İbrahim Səfiyev (1898-1983) XX əsr Türkiyə rəssamlıq sənətinin ən böyük nümayəndəsi olub. 10 mindən artıq rəsm əsərinin müəllifi İbrahim Səfiyev müasir türk təsviri sənətində ən məhsuldar fırça ustası kimi tanınıb. Türkiyə rəssamlığında özünün yaradıcılıq məktəbi, fırça ustalarının öncülü olmuş bu böyük sənətkar ilk rəsm əsərlərini Azərbaycanda, Naxçıvan torpağında yaradıb. Belə ki, hələ 1913-cü ildə çəkdiyi “Araz balıqçıları” və bir az sonra meydana çıxan “Köç” əsərləri onun gələcəyin böyük rəssamı olacağından xəbər verirdi. Türkiyədə İbrahim Səfiyev haqqında nəşr olunan kitabda əksini tapan bir müsahibədə bu sənət korifeyi həmin məsələyə də toxunub, XX əsrin yetmişinci illərini – keçmiş günləri xatırlayaraq bildirib: “Qafqazda incəsənətə qarşı böyük maraq vardı. Qızlar rəngbərəng xalçalarda arzularını, diləklərini naxışlara çevirərkən oğlanlar həsir, ağacoyma kimi el sənətkarlığı ilə məşğul olardılar. Bütün bu gözəlliklər addım-addım məni rəssamlığa yönəltdi. Ətrafımdakı akademiya məzunları, müəllimlərim məni dəstəkləyir, gələcəkdə yaxşı bir rəssam olacağımı söyləyirdilər. Mən isə rus rəssamı Repinin əsərlərini bəyənir, gələcəkdə onun kimi bir rəssam olmağı çox istəyirdim”.

İbrahim Səfiyev realist rəssamdır və ömrünün sonuna kimi yaradıcılıq ənənəsinə sadiq qalıb. Sənət fədaisinin əsərləri onu əhatə edən və real olan əşya və hadisələrin təsvirindən ibarətdir. O, mücərrəd mövzulara, demək olar ki, müraciət etməyib. Rəssam realist üsluba üstünlük verməsini belə izah edib: “Mənim sənət anlayışım rəssamlıqda gözəllik axtarmaq və gözəllik yaratmaqdan ibarətdir. Mən gözəlliyi bəyənirəmsə, başqasına da bunu bəyəndirməyə çalışıram. Sənət xalqa bağlı olmalıdır, insanların anlayacağı şəkildə yaradılmalıdır. Mən rəssamlıqda gerçəkçiyəm, portağal çəkirəmsə, yuvarlaq çəkirəm, amma modernist onu künclü-bucaqlı çəkir”.

Sənətşünas Süleyman Arısoyun “Türk kültürü” jurnalında çap olunmuş “Sənətkar rəssam İbrahim Səfi” adlı məqaləsində qeyd edir: “İbrahim Səfi yaradıcılıq aləminə gəldiyi ilk günlərdən indiyə kimi realizmə sadiqdir. O, öz yaradıcılıq təcrübəsində dünya incəsənətinin ən mütərəqqi ənənələrini davam etdirir”.
İbrahim Səfiyev ensiklopedik yaradıcılığa malik rəssam olub. O, əsərlərini müxtəlif janrlarda – natürmort, portret, mənzərə və kompozisiya janrlarında yaradıb. Onun yaratdığı portret qalereyasına yüzlərlə simalar daxildir. Ən dəyərli portretlərindən biri olan “Atatürkün portreti” onun yaradıcılığının şah əsərlərindəndir. Rəssam müxtəlif illərdə Türk dünyasının lideri Mustafa Kamal Atatürkün portretini böyük sənətkar­lıqla əbədiləşdirib. O, ilk dəfə 1925-ci ildə bu mövzuya müraciət edib, XX əsrin 60-70-ci illərində “Atatürkün Samsuna çıxışı” və 1975-ci ildə çəkdiyi “Atatürk” əsərləri ilə cümhuriyyət qurucusunun parlaq obrazını yaradıb.
İbrahim Səfiyevin Türkiyə mövzusuna və xarici ölkələrə həsr etdiyi əsərləri onun yaradıcılığında üstünlük təşkil edir. “Qara dəniz sahilləri”, “Topxana meydanı”, “Ankara Maltəpədən”, “Caddəbostan”, “İzmirdə sərgi köşəsi”, “Ankaralının portreti”, “Maranqoz Hüseyin”, “Ankara qalası”, “Boğazda 1935-ci ilin buz axını”, “Qaladan Ankara”, “Konkord meydanı Paris” kimi tablolar bu qəbildəndir.
Görkəmli sənətkar həm müxtəlif sərgilərdə iştirak edib, həm də özünün 100 fərdi sərgisini reallaşdırıb. O, 1955-ci ildən sonra xarici ölkələrdə sərgi açmağa başlayıb. İbrahim Səfiyev Almaniya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Fransa, Yunanıstan və digər ölkə­lərdə yaradıcılıq ezamiyyətində olub, bu ölkələrə aid təsirli, yaddaqalan tablolar yaradıb. Bir faktı qeyd edək ki, onun tək Fransanın ən böyük ikinci şəhəri olan Marseldə səkkiz fərdi sərgisi açılıb. O, Almaniyanın əhalisinin sayına görə üçüncü şəhəri olan Münhenə aid “Münhendə bir qış mənzərəsi”, “Münhendə axşam”, “Almaniyada Tolsi qəsəbəsi”, “Münhendə Hakker Kaller qarşısında” kimi mənzərələri də kətan üzərinə köçürüb. Qeyd edək ki, rəssam ömrünün iki ilini Münhendə yaşamış və həmin əsərlər də onun yaradıcılığının Münhen dövrünə aiddir. O da vurğulanmalıdır ki, beynəlxalq aləmdə nüfuz qazanması avropalı gənc rəssamlarda da ondan dərs almaq istəyi oyadıb. Təsadüfi deyildir ki, tanınmış ingilis rəssamı Conson Baker İbrahim Səfiyevin yetirməsi olub.
Ömrünün sonuna kimi ancaq yaradıcı­lıqla məşğul olan görkəmli rəssam XX əsr Türkiyə incəsənəti tarixinə adını qızıl hərflərlə yazdıran azərbaycanlıdır. Ölümündən 35 il keçməsinə baxmayaraq, Türkiyədə onun zəngin yaradıcılığına diqqət azalmayıb. Sakarya Universitetinin müəllimi Rumeysa İşıq Yayla görkəmli rəssamın bədii irsini tədqiq edib, “İbrahim Səfi yaradıcılığında Şərq mövzusu” adlı dissertasiya işi yazaraq böyük fırça ustasının əsərlərində Şərq mədəniyyətinin ifadə vasitələrini, xüsusiyyətlərini dərindən araşdırıb.
Ancaq bunlara baxmayaraq, dünya şöhrətli bu görkəmli rəssamın irsi çox az öyrənilib, onunla əlaqədar cəmi üç kitab, bir kataloq işıq üzü görüb. Bu kitablardan birini dostu professor Ənvər Tali Çətin 1990-cı ildə İstanbulda öz vəsaiti ilə nəşr etdirib. “İbrahim Səfi” adlı bu irihəcmli kitabda böyük rəssam haqqında araşdırmalar, müsahibələr, xatirələr öz əksini tapıb. Ənvər Tali adını çəkdiyimiz kitabda belə yazır: “İbrahim Səfi 1960-cı ildən əvvəlki İstanbulun taxta evlərinin, baqqal dükanlarının, kiçik məscidlərinin, çeşmələrin bəzədiyi məhəllələri, tarixi dəyərlə gördüyü hər küçəsini yorulmadan dolaşıb, bu gün tarix olan gözəl­likləri təsvir edib. Xəyali şəhər İstanbulun sehrli görünüşünü rəngləri ilə canlandırıb, İstanbul şeirini tablolarına yazıb. Bu tablolar bir araya gətirilərsə, bir İstanbul albomu meydana gələr. Böyük sənətkar Mərmərənin gözləri qamaşdıran günəşli, məhtablı görünüşlərini, Boğaziçinin könüllərə səslənən sehrli gözəlliklərini, Xəlicin, Qalata körpüsünün, İstanbul meydanlarının, camilərinin qəlboxşayan zənginliyini, canlılığını böyük sevgi ilə kətan üzərinə köçürmüşdür”.
Həqiqətən də, İstanbul mövzusu böyük sənətkarın yaradıcılığında önəmli yer tuturdu. O, uzun illər boyu yaşadığı bu şəhəri təkcə olduğu kimi təsvir etməklə kifayətlənməyib, həm də xəyal gücünü də hərəkətə gətirərək Şərq koloritini müasir bir üslub içərisində bu günün gözü ilə ifadə etməyə nail olub. Zamanın təqdim etdiyi bu keyfiyyətləri qiymətləndirən rəssam yaxın keçmişin sosial dəyişiklikləri arasında tarixləşən və ya qədim mədəniyyətə şahidlik edən səhnələri real boyalarla tamaşaçısına çatdırıb.
İbrahim Səfiyevin dostlarından, tədqiqatçılarından biri də Naci Tərzidir. Bu fırça ustası İbrahim Səfiyev sənətinin çoxsaylı pərəstişkarlarından olub. O yazırdı: “İbrahim Səfi Türkiyəyə rəng anlayışını gətirmiş sənətkardır. Türk rəssamları rəngin nə olduğunu ondan sonra dərk etməyə başladılar. Mən indiyə qədər onun kimi alicənab, sənətinə aşiq olan bir adam görmə­mişəm. Türk rəsm sənəti İbrahim Səfidən çox şey öyrəndi”.
Daha sonra Naci Tərzi sənətkarın ömrü boyu vətən həsrəti çəkdiyini müşahidə etdiyini göstərərək yazır: “İbrahim Səfi daim doğulub böyüdüyü yerlərin xiffətini çəkirdi. Bunu hiss etdirməməyə çalışsa da, mən daim gözlərindəki nisgildən sezirdim. Məncə, İbrahim Səfi bu dünyadan gözləri açıq getdi, çünki 20 yaşında tərk etdiyi doğma yurdunu görə bilmədi”.
Başqa bir mənbədə də bu fikri təsdiq edən faktlara rast gəlirik. Belə ki, akademik Rasim Əfəndiyev 1970-ci illərdə Türkiyəyə səfərə gedibmiş. İstanbulda İbrahim Səfiyev ilə görüş ona böyük təsir bağışlayıb. O, tanınmış fırça ustası ilə görüşünü, evində qonaq olmasını belə təsvir edib: “Vaxtımız az olduğundan İbrahim Səfi nəfəsini dərmədən danışır və mənə suallar verirdi. O, çox şeylərlə maraqlanırdı. Tez-tez qəhərlənirdi, elə hey: “Darıxıram, onun üçün darıxıram. Bircə dəfə hüsnünü görə bilsə idim, rahat ölərdim”, – deyirdi. Mən dözməyib ondan soruşdum: İbrahim bəy, kimin xiffətini çəkirsiniz? Bu zaman o, əllərini bərk-bərk sıxdığı başından aralayıb arxasındakı divara, oradan asılmış tabloya tuşladı və dedi: “Onun üçün, onun üçün”. Divardakı rəsmə yalnız indi diqqət yetirdim, bayaqdan ev bir az qaranlıq olduğu üçün fikir verməmişdim. Bu, İbrahim Səfinin qürbətdə çəkdiyi “Haçadağ” əsəri idi”.
Görkəmli rəssamın fırçasının hər telinə hopan Vətən və yurd sevgisi, sonsuz həsrət, genetik yaddaş onun əsərlərinin hər birinə doğma Naxçıvanın bir parçasını həkk edib.
Sovet Azərbaycanında İbrahim Səfi­yevin yaradıcılığından, demək olar ki, bəhs olunmayıb. Müstəqillik illərində bu rəssam haqqında mətbuatda bəzi yazılar çap edilsə də, geniş ictimaiyyət onun varlığından, əsasən, xəbərsiz olub. Azərbaycan muzeylərində İbrahim Səfiyevin cəmi 11 əsəri mövcuddur.
Digər milli dəyərlərimiz, mədəni irsimiz kimi dünya şöhrətli rəssam İbrahim Səfi­yevin şəxsiyyətinə, yaradıcılığına da dəyər verən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 17 oktyabr tarixdə “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı ­Sərəncam bu sahədə böyük mədəni və ictimai-siyasi əhəmiyyətli hadisə oldu. Sərəncamda göstərildiyi kimi, İbrahim Səfiyevin şəxsiyyəti və yaradıcılığının tədqiqi bütünlükdə hər bir vətəndaş, xüsusilə rəssamlarımız üçün vacibdir. Azərbaycanı xarici ölkələrdə öz yaradıcılıq fəaliyyəti ilə layiqincə təmsil edən rəssam bu gün həyatda olmasa da, onun yaratdıqları öz sənət dəyərini saxlamaqdadır. Adıçəkilən sərəncamın işığında Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda böyük sənətkarın 54 əsəri nümayiş etdirilib, mətbuatda İbrahim Səfiyev yaradıcılığı ilə bağlı maraqlı məqalələr nəşr olunub, Bakıda Atatürk Mərkəzində görkəm­li fırça ustası İbrahim Səfiyevin yaradıcılığına həsr edilmiş elmi-praktik konfrans keçirilib. Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva ­görkəmli sənətkarın həyat və fəaliyyətinin, sənət irsinin elmi tədqiqi ilə məşğuldur.
Muxtar respublikamızda görkəmli rəssamın irsinə dövlət tərəfindən diqqət və qayğı göstərilməsi bir ziyalı kimi bizi çox sevindirir. Heç şübhəsiz ki, sərəncamın icrası istiqamətində görülən işlər dünya şöhrəti qazanmış, Türk dünyasının tanınmış naxçıvanlı rəssamı İbrahim Səfiyevin həyat və yaradıcılığının daha geniş şəkildə tədqiqinə, ictimaiyyətə, sənətsevərlərə təqdim olunmasına şərait yaradacaq, müasir gənc­liyə, gələcək nəsillərə layiqincə tanıdılmasına imkan verəcək.

Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR