21 Oktyabr 2019, Bazar ertəsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilib.

Tədbirdə muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin metodist, tibb bacısı və müvafiq sahəyə məsul olan şəxsləri iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev çıxış edərək bildirib ki, bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti bu gün ölkəmizdə, eləcə də muxtar respublikada çoxşaxəli dayanıqlı inkişafa hesablanmış uğurlu dövlət siyasəti kimi həyata keçirilir.

Naxçıvan Muxtar Respublikasında uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir, onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib, dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilib. Həmçinin uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının yaradılması, uşaqların sağlamlığının qorunması ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsi olaraq uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və avadanlıqlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətlərində mühüm addımlar atılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması uşaqların sağlamlıqlarının qorunmasına istiqamətlənmiş mühüm addımlardan biridir.

Qeyd edilib ki, bu gün muxtar respublikada 22 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Naxçıvanda fəaliyyət göstərən dövlət uşaq müəssisələrində il ərzində  Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən monitorinqlər keçirilir. Bu baxımdan bu gün keçirilən maarifləndirici seminar həmin müəssisələrdə sanitar-gigiyenik normaların daha təkmil təmin olunmasını, aparılan işlərin daha yüksək səviyyədə görülməsini və onların həyata keçirilmə metodlarını diqqətə çatdırmaqdan ibarətdir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Orxan Məhərrəmov çıxış edərək bildirib ki, bu gün Naxçıvan Şəhər İcra Hakimiyyətinin əhatə etdiyi 11 məktəbəqədər təhsil müəssisəsində 114 qrupda 2150-dən artıq uşaq təlim-tərbiyəyə cəlb olunub. Məktəbəqədər təhsilin dövlət proqramında (kurikulum) müəyyən olunmuş 4 inkişaf sahəsindən birincisi fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdir.

Qeyd edilib ki, bu gün dövlətimiz tərəfindən bağçalarda uşaqların sağlamlığının qorunması, hərtərəfli inkişafının təmin olunması üçün kifayət qədər şərait yaradılıb. Uşaqların sağlam qidalanması da diqqətdə saxlanılır, uşaq bağçaları keyfiyyətli ərzaq məhsulları ilə təmin olunur.

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar karantin və xüsusi təhlükəli infeksiyalara nəzarət şöbəsinin müdiri Qurbani İbrahimov məktəbəqədər təhsil müəssisələrində olan sanitar-gigiyenik vəziyyət barədə ətraflı məlumat verib, həyata keçirilməsi zəruri olan tədbirləri qeyd edib.

Tədbirdə maarifləndirici məlumatlar slayd vasitəsilə göstərilib, tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq sahə ilə əlaqədar hazırlanmış broşürlər paylanıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR