22 Noyabr 2019, Cümə

Təsvirlərini Qobustan qayaları üzərində gördüyümüz, bir vaxtlar ölkəmizdə nəsli kəsilən Qafqaz zubrları yenidən Azərbaycan təbiətinə qaytarılıb.

Qafqaz zubrları IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Almaniya, Fransa və Belçika zooparklarından ölkəmizə, Şahdağ Milli Parkının İsmayıllı bölməsinə gətirilib. İlkin mərhələdə zubrlar burada volyerlərə (heyvanların saxlanması üçün meydança) yerləşdirilib. Bir müddət adaptasiya dövrünü keçdikdən sonra Şahdağ Milli Parkına buraxılıb.

Doqquzu dişi, üçü erkək olan 12 baş zubrun qidalanması üçün gün ərzində iki dəfə yem verilir. Bundan əlavə, zubrlar park ərazisində olan otlardan və ağac yarpaqlarından yem kimi istifadə edir. Zubrların boyunlarına yerləşdirilən xüsusi cihaz vasitəsilə onların yerini izləmək daha asan olur. Baxmayaraq ki, Milli Parkın ərazisində ayı, canavar və digər yırtıcı heyvanlar var, amma onlar zubrlar üçün real təhlükə sayılmır.

Şahdağ Milli Parkının İsmayıllı bölməsinin direktor müavini Əfqan Qəribovun sözlərinə görə, bu ilin may ayında zubrlar gətiriləndən sonra park mindən çox turist qəbul edib. Turistlər zubrları görmək üçün xüsusi maraq göstərirlər.

 “Bu heyvanlar çox dözümlüdür. Belə ki, onlar 20 dərəcə şaxtalı havada da qala bilir. Ümumiyyətlə, iki və beş yaş arası olan bu heyvanlar 9-10 bala verir. Sevindirici haldır ki, parkdakı zubrlardan üçünün gələn il bala verməsi gözlənilir”, - deyə Əfqan Qəribov əlavə edib.

Zubrlar vaxtilə Avrasiyada çox geniş yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli kəsilmək üzrə olub. Eyni zamanda, Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılıb və bu yolla növün bərpasına yönəlmiş səylər davam etdirilir.

Xatırladaq ki, bu ilin may ayında IDEA İB yaradıcısı və rəhbəri Leyla xanım Əliyeva zubrların müvəqqəti saxlandığı əraziyə baş çəkib, onların saxlanılma və bəslənmə qaydası ilə tanış olub.

AZƏRTAC

 

 

 

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR