23 Noyabr 2019, Şənbə

Birləşmiş Millətlər Təşkilatının 1992-ci il 22 dekabr tarixli qərarı ilə 17 oktyabr dünyada “Yoxsulluqla Beynəlxalq Mübarizə Günü” kimi qeyd olunur.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi böhran və iqtisadi tənəzzül qısa zaman ərzində aradan qaldırılmış, ictimai-siyasi sabitlik bərqərar olmuş, iqtisadiyyatda mövcud geriləmə dayandırılmış və yeni inkişaf mərhələsinə keçid təmin edilmişdir. Keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda ulu öndərin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət bütün sahələr üzrə inkişafı təmin etməklə yanaşı, yoxsulluğun azaldılması üçün də ciddi zəmin yaratmış, yoxsulluq səviyyəsinin minimum həddə endirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yoxsul­luqla mübarizəni əsas istiqamət elan edərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirməkdədir. Bu sahədə aparılan islahatlar cari il ərzində də davam etdirilmiş, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamının icrasına uyğun olaraq 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz ­artırılmışdır.

Naxçıvan Muxtar Respublikasında davamlı iqtisadi islahatlar iqtisadiyyatın dinamik inkişafına, makroiqtisadi göstəricilərin artımına, əhalinin rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasına əlverişli şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı” məşğulluq siyasətinin əsaslarını müəyyən etməklə əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsində, müasir iqtisadi reallıqlar nəzərə alınmaqla əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılmasında və işaxtaranların, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun artırılmasında mühüm əhəmiyyətə malikdir.
Dövlət proqramının icrası ilə bağlı muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə mütəmadi təhlillər aparılır, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatı müəyyənləşdirmək məqsədilə müəssisələrdə sorğular keçirilir. Bununla yanaşı, kompleks məşğulluq tədbirləri, o cümlədən əmək yarmarkaları, əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil olunur. Bu il də muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılmış, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın öyrənilməsi üçün müəssisələrdə sorğular keçirilmişdir. Bununla yanaşı, kompleks məşğulluq tədbirləri, o cümlədən əmək yarmarkaları, əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil olunmuşdur. Görülən işlərin nəticəsi olaraq sözügedən dövr ərzində 2150 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işə göndərilmiş, 221 nəfər ictimai işlərə cəlb edilmiş, kənd xidmət mərkəzlərində mövcud olan vakant yerlər üzrə 43 nəfər işlə təmin olunmuşdur. İşə göndərilənlərin 56 nəfərini ünvanlı sosial yardımın alınması üçün rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət edənlər, 66 nəfərini isə sağlamlıq imkanları məhdud şəxslər təşkil etmişdir. Eyni zamanda hərbi xidmətdən yeni tərxis olunan gənclərin məşğulluqlarının təmin edilməsi məqsədilə keçirilən görüşlər nəticəsində 18 gənc iqtisadiyyatın müxtəlif sahələrində işə göndərilmişdir.
Muxtar respublikada sahibkarlıq fəaliyyəti genişlənmiş, yeni istehsal müəssisələri fəaliyyətə başlamış, sənaye və kənd təsərrüfatında istehsal, əsas kapitala yönəldilən investisiyalar dəfələrlə artmışdır.
Sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar nəticəsində sosial müdafiəyə ehtiyacı olan insanlara, o cümlədən əlillərə, şəhid ailələrinə, tənha ahıllara, habelə sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmiş, bu istiqamətdə həyata keçirilən tədbirlər fasiləsiz xarakter almışdır. Sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası məqsədilə də bir sıra tədbirlər görülmüşdür. Muxtar respublikada yaradılan yeni iş yerləri hesabına aztəminatlı ailələrdə əməkqabiliyyətli ailə üzvlərinin fəal əməyə cəlb olunması nəticəsində ehtiyac meyarının və muxtar respublika əhalisinin davamlı olaraq artmasına baxmayaraq, sosial yardım alan əhalinin sayı ilbəil azalmışdır. Həmçinin cari ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması ilə bağlı il ərzində 100 ailənin özünüməşğulluğu təmin edilmiş, onların ailə təsərrüfatlarının formalaşdırılmasına köməklik göstərilmişdir.
Muxtar respublikada iqtisadi və sosial əhəmiyyətli infrastruktur layihələrinin icrası, məşğulluq səviyyəsinin yüksəldilməsi, sosial xidmətlərin həcminin və keyfiyyətinin artması, makroiqtisadi sabitliyin qorunub saxlanması bütün sahələrin davamlı inkişafını bundan sonra da təmin edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR