17 Noyabr 2019, Bazar

Oktyabrın 18-də Culfa Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə tədbir keçirilib. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev açaraq sığorta sahəsində görülmüş işlərdən danışıb.

Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirib ki, sığorta fəaliyyəti muxtar respublikamızın müasir iqtisadi və sosial inkişafının tərkib hissəsidir. O vurğulayıb ki, muxtar respublikada sığorta işinin daha da təkmilləşdirilməsi, könüllü sığortanın kütləvi tətbiq olunması və səyyar xidmətin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə insanların maarifləndirilməsi, sığorta bazarında aqrar sektorun xüsusi çəkisinin artırılması istiqamətində bir sıra tədbirlər görülüb. Nəticədə, sığorta işinin həcmi əhəmiyyətli dərəcədə artıb, baş vermiş sığorta hadisələri zamanı insanlara dəymiş maddi zərərlərin bərpa olunması təmin edilib.
Sığorta fəaliyyətinin daha da genişləndirilməsinin vacib olduğunu qeyd edən baş direktor bildirib ki, cari ilin 9 ayında Culfa rayonu üzrə 5301 sığorta müqaviləsi bağlanılıb, onlardan 1229-u avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, 2740-ı daşınmaz əmlakın icbari sığortaları olub. Bu dövrdə könüllü sığortalar üzrə isə 1328 müqavilə bağlanılıb.
Baş direktor vurğulayıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığortanın şamil olunduğu bütün obyektlərin sığortası təmin edilməlidir. Son dövrlərdə Culfa rayonunda sığorta sahəsində görülmüş işlərlə bərabər müəyyən çatışmazlıqlar da vardır. Buna görə də rayonda sığorta fəaliyyətinin daha da genişləndirilməsi və bu sahədə maarifləndirmə işlərinə diqqətin artırılması vacib vəzifə kimi qarşıda durur.
Tədbirdə kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Bu barədə də danışan baş direktor bildirib ki, kənd təsərrüfatında aparılan sığorta işi də insanların rifahının yüksəldilməsinə xidmət edir. Buna görə də bölgədə əkin sahələrinin, meyvə bağlarının, heyvanların sığortalanması məqsədilə fermer, torpaq mülkiyyətçiləri və ailə təsərrüfatları sahibləri arasında maarifləndirici işlər genişləndirilməlidir.
Tədbirdə Culfa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi qrupunun baş dövlət avtomobil müfəttişi, polis baş leytenantı Taleh Alışarov və Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəis müavini, daxili xidmət mayoru Murad Qafarov görülmüş işlərin vəziyyəti barədə məlumat veriblər.

 Əli CABBAROV

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR