18 Sentyabr 2021, Şənbə

Qloballaşma bu gün həyatımızın bir hissəsinə çevrilib. Müasir inkişafın cəmiyyətə bəxş etdiyi yeniliklər, iqtisadi və mədəni inteqrasiya dünya ölkələrini və xalqlarını bir-birinə daha çox yaxınlaşdırır. Bu yaxınlaşma fərqli mədəniyyətlərə özünüifadə baxımından geniş qapılar açır, bununla belə, iqtisadi maraqlar da arxa planda qalmır. Dolayısı ilə bu gün hər bir ölkə öz maraqları və maraqlı tərəfləri ilə önə keçməyə can atır. Bu “yarış cədvəlində” zəngin dəyərlərə və gözəlliyə sahib ölkələrlə bərabər, şəhərlər də az deyil. Elə bu yazıda da məhz belə şəhərlər – brend şəhərlər haqqında məlumat verəcək, qədim şəhərimiz Naxçıvanı brendləşməyə aparan yollardan bəhs edəcəyik.

Paris dedikdə ilk olaraq ağlımıza nə gəlir? Bəs Venesiya, İstanbul, Nyu-York?.. Dünyanın bu məşhur şəhərlərinin hər birinin adı çəkilərkən, düşüncəmizdə həmin şəhər haqqında müəyyən bir assosiasiya yaranır. Məsələn, əksəriyyətimiz Paris dedikdə Avropa aristokratiyasının mərkəzi, əsrarəngiz Eyfel qülləsi, Venesiya dedikdə adalar bolluğunda yaradılmış romantika şəhəri, İstanbul dedikdə möhtəşəm asma körpüsü ilə Avropa və Asiyanı birləşdirən böyük bir meqapolis, Nyu-York dedikdə göydələnlər şəhəri və sair düşünürük. Qeyd etdiyimiz bu şəhərlər brend şəhərlərdir. Məsələnin mahiyyətinə varmaq üçün bu şəhərlərdən birinin – Parisin üzərində təhlil aparaq. Şəhər brendinq haqqında düşüncələrimizə keçməzdən əvvəl Parisin insanların düşüncəsində hansı hiss və fikirlərin yaratdığına diqqət edək. Başlayaq Eyfel qülləsindən. Bu qüllə tikilən zaman çoxları bundan narazı idi.

Ancaq Eyfel qülləsi şəhəri ən gözəl seyretmə nöqtəsi və bənzərsizliyi baxımından bu gün Fransa iqtisadiyyatına milyonlarla avro pul qazandırır. Bundan əlavə, Paris muzeylər şəhəridir və dünyaca məşhur Luvr muzeyi burada yerləşir. Paris həm də teatr şəhəridir. Şəhərdə fəaliyyət göstərən çoxsaylı teatrlar buranın elit mərkəzə çevrilməsində mühüm rol oynayır. Bütün bu parametrlərinə görə Avropanın bu gözəl şəhəri insanları daim özünə cəlb edir. Vurğulamaq lazımdır ki, brend şəhərlərin “tərcümeyi-halında” tarixilik əsas rol oynasa da, sürətli və düşünülmüş iqtisadi tərəqqi bəzən buna kölgə salmağı da bacarır. Məsələn, adının mənası “yeni şəhər” olan Nyu-Yorkun tikintisinə iki yüz ildən bir az artıq əvvəl başlanılıb. Ancaq mühəndislik möcüzəsinin dünyaya bəxş etdiyi bu şəhər indi çoxlarını təəccübləndirir. Bir zamanlar hindu qəbilələrinin ova getdikləri torpaq cığırlarının yerində indi dünyanın ən bahalı küçə və prospektləri yerləşir. Şəhər iqtisadiyyatının həcmi bir çox dünya ölkələrinin iqtisadi gücündən dəfələrlə artıqdır. Və yaxud başqa bir misal. Bineyi-qədimdən yeddi təpə üzərində salınmış İstanbul tarixi məkanları – Ayasofya camisi, Qız qalası, Topqapı Sarayı və digər yerləri ilə bərabər, həm də müasir memarlığın yeni nümunəsi – asma körpüsü ilə məşhurdur və şəhərin adı çəkiləndə insanların ilk ağlına gələn obyektlərdən biri də iki qitəni birləşdirən məşhur körpüdür. Şimal qonşumuz Rusiyanın paytaxtı Moskva şəhəri kifayət qədər böyüklüyü və iqtisadi güc mərkəzi olmasına baxmayaraq, Sankt-Peterburq həm arxitektura gözəlliyinə, həm ağ gecələrinə, həm də mədəni göstəricilərinə görə bu şəhəri dəfələrlə geridə qoyur və nəticədə, turistlər rus elitasının bu mərkəzinə daha çox üz tuturlar. Bu qısa məlumatlardan sonra istər-istəməz düşünürsən: bəs 5000 illik şəhər mədəniyyəti tarixini özündə yaşadan Naxçıvan şəhərinin brend şəhərə çevrilməsi imkanları necədir?
Bəlkə də, bir çoxları bu fikri böyük bir iddia kimi qəbul edəcək, ancaq əlahəzrət fakt bunu deməyə əsas verir. Əvvəlcə şəhərin brendəçevrilmə yollarını nəzərdən keçirək və düşüncələrimizi bu istiqamətə yönəldək.
Naxçıvanın brend şəhərə çevrilməsinə tarixilik və müasirliyin vəhdəti prizmasından yanaşmalıyıq. Bunun üçün bu coğrafiyada mükəmməl baza var. Təkcə Nuh Peyğəmbərin məzarüstü türbəsinin mövcudluğu bəşər tarixinin bu torpaqda yazılması faktını dünya ictimaiyyətinə diktə edir və bu fakt heç bir əcnəbinin maraq dairəsindən kənarda ola bilməz. Dünya memarlıq inciləri sırasında bənzərsizliyi və mükəmməl mühəndislik fantaziyasını ortaya qoyan Möminə xatın türbəsinin heyrətamizliyi bu şəhərin simvollarından biridir. Naxçıvanın son illərdə muzeylər və teatrlar şəhərinə çevrilməsi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması və irili-xırdalı müxtəlif memarlıq abidələrinin bərpa olunması, müasir memarlıq üslubunda binaların inşası şəhərin ecazkar mənzərəsinə yeni bir rəng qatır. Mən burada bilərəkdən şəhərdənkənar və turistlər üçün maraqlı sayılan obyektləri – Duzdağ, Əshabi-Kəhf, Əlincə qalası və sair yerlərin adlarını qeyd etmirəm. Ancaq unutmaq olmaz ki, dünyada son yüz ildə şəhərlərin böyüməsi daha sürətlə gedir. Bu haqda bəzi maraqlı faktları sizinlə bölüşmək istərdim. XIX əsrin əvvəllərində Nyu-York şəhərinin əhalisi 80 min nəfər idi. 2010-cu ilin statistik göstəricilərinə görə, əhalinin sayı 8 milyon 175 min nəfərə çatıb.
Diqqətlə fikir versək, son illərdə Naxçıvan şəhərinin nə qədər böyüdüyünün fərqinə vararıq. 20 il bundan əvvəl şəhərin “57-ci” məhəllə adlanan hissəsi böyük bir çöllük ərazini xatırladırdı. İndi isə yaşayış evlərinin sərhədi şərq tərəfdən Naxçıvan çayı ilə sərhədlənir. Və yaxud şəhərə bitişik Əliabad qəsəbəsinin Şorsu deyilən əraziyədək genişlənməsi bu günün reallığıdır. Subyektiv təxminlərə görə, şəhərin genişlənməsi gələcəkdə qərb tərəfə daha çox meyillənəcək. Təcrübə göstərir ki, şəhərlərin böyüməsinin əsas səbəblərindən biri də ölkələrin inkişafı ilə bağlıdır. Az əvvəl Nyu-York şəhərinin əhalisinin bir zamanlar 80 min, yəni Naxçıvan şəhərinin indiki əhalisinə bərabər olduğunu qeyd etdik. Bəlkə də, bəziləri bu iki şəhərin müqayisəsinin “qüsurlu” olduğunu düşünər. O zaman yaddan çıxarmayaq ki, XVII əsrdə hazırda yaşadığımız şəhərin əhali sayı 150 mindən artıq olub.
Bu dediklərimizdən belə nəticəyə gəlmək mümkündür ki, şəhər tarixilik, yerləşdiyi coğrafi mövqe (Böyük İpək Yolu üzərində) sürətli və davamlı inkişaf və dəyərlər bazası baxımından brend şəhər olmağa iddialıdır və Naxçıvanın brend şəhərə çevriləcəyi gün uzaqda deyil. Brend şəhər olmağın digər amillərindən biri də odur ki, şəhərin inkişafı, çiçəklənməsi üçün şəhər sakinləri daim çalışmalıdırlar. Dünya təcrübəsində də bu əsas götürülür ki, şəhər sakini yaşadığı şəhərdən narazıdırsa, o şəhər brendə çevrilə bilməz. Buna görə də Avropanın bir çox tanınmış brend şəhərlərində tez-tez “Mən şəhərimi sevirəm” adlı layihə çərçivəsində müxtəlif tədbirlər keçirilir. Bunun üçün şəhərin daimi sakinlərinə xüsusi kartlar verilir və sakinlər bu kartlar vasitəsilə şəhərdəki müxtəlif xidmətlərdən – nəqliyyat, restoran, otel və sairdən turistlərə nisbətdə daha ucuz qiymətlərə yararlanırlar. Bu layihələr çərçivəsində sakinlər özlərini doğma şəhərlərində daha rahat hiss edirlər.
İndi isə gələk Naxçıvana. Tətbiq­edilmə səbəbindən asılı olmayaraq, artıq neçə illərdir, Naxçıvan sakinləri üçün əsas gediş-gəliş marşrutu olan təyyarə biletləri güzəştli şərtlərlə satılır. Naxçıvan şəhərində təhsil alan tələbələr üçün təhsil haqları ölkənin digər yerlərindən bir neçə dəfə aşağıdır. Buna görə də ölkənin digər bölgələrindən, həmçinin paytaxt Bakı şəhərindən burada təhsil alıb məzun olan və sonra burada işləməyə qərar verən xeyli gənc var. Bundan başqa, şəhərdəki (digər bölgələrə də aiddir) çoxsaylı yaşayış binalarının sakinlərdən heç bir xərc tələb edilmədən əsaslı və gözəl təmir olunması şəhər sakinlərinə öz şəhərlərini sevmək şəraiti yaradır. Yəni Naxçıvan şəhərinin sakini olmaq bu imkanlardan yararlanmaq deməkdir. Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, brend şəhərin sakini özündə “əsl sakin” imicini formalaşdırmalıdır. Şəxsi təcrübəmdən deyə bilərəm ki, “Mən köhnə peterburqluyam” demək Rusiyanın bir zamanlar şimal paytaxtı sakinləri üçün bir prestijdir. Yəni bu, peterburqluların öz şəhərlərini, özlərinin belə fərqinə varmadan brend­ləşdirmək üçün yaratdıqları bir emosiyadır. Deməli, şəhər sakinlərinin öz şəhərlərini sevmələri şəhər brendinqinə aparan yolların başında durur. Digər istiqamətlərdən biri və ən əsası da odur ki, şəhər haqqında formalaşdırılan fikirlər düzgün təbliğ olunmalıdır. Yeri gəlmişkən, brend şəhərlərin özündə indi ən əsas problemlərdən biri şəhərlərin təmizliyidir. Fəxrlə demək lazımdır ki, Naxçıvan şəhərinin təmizliyi indi istənilən Avropa şəhərinə nümunə ola bilər.

Fikirlərimizi yekunlaşdıraraq belə nəticəyə gələ bilərik ki, istənilən şəhərin brendləşməyə gedən yolu onun qədim tarixindən, bənzərsiz arxitekturaya malik tikililərindən, yerləşdiyi mövqedən və düzgün təbliğatdan asılıdır. Tam cəsarətlə demək olar ki, bu kriteriyalar 5000 illik şəhər mədəniyyətinə malik Naxçıvanın brend şəhərə çevrilməsinə gətirib çıxarır.

Səbuhi HƏSƏNOV

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR