21 Noyabr 2019, Cümə axşamı

 (esse)

Soyuq günlərə doğru yaxınlaşdıqca yaxında dərin qış yuxusuna dalacaq uca dağların sinəsindəki payız, sanki ondan küsərək daha güneyə üz tutmuş Günəşin acığına iki-üç deyil, dörd, beş, bəzən də altı rəngə boyanmaqla qızılı-sarıdan tutmuş bəyaza, yaşıldan maviyədək hər kəsin könlünü oxşayır. Dili olmasa da, Dərələyəzin sərin mehinin pıçıltısı və özünəxas çalarları ilə insanı baş-başa qoyan bu payız rənglərinin boz yamaclardakı ürkək kəkliklərin qaqqıltısıtək həzin bir nəğməsi də var.

Bəzən az qala barmaqları donduran ağappaq qar sızıltısı ilə şıltaqlıq etsə də, bir dəqiqə sonra yenidən ilıq yaz günlərindəki ilk sevgisinin hərarəti ilə: Gəl barışaq, – deyir yaşıl rəng. Onun ilboyu boğçasında bəsləyib, hamıdan gizli saxladığı al qırmızı bir hədiyyəsi də var. Bir-­birindən dəcəl, uzunsaçlı sarışın nəvələrin bal yanaqları qədər şirin olan bu gözəl rəngin dadından kim doyar ki?! Həmişə sonsuz ümman təki göylərin əlçatmaz sahibinə pənah gətirib, Vətəninin aydın səması, övladlarının xoşbəxtliyi üçün dualar edən nənənin çox sevdiyi qızılı-sarı isə: Bax, mən payızın lap özüyəm, – deyərək ilk yarpaq tökən tumurcuqlarda gecikmiş məhəbbətini axtarır, sanki.
Bir tənha ağac kimi soyuq küləklər onu bəzən üşütsə də, bu yamaclarda bir-birinə sığınıb sıx məskən salmış tünd-yaşıl yemişan kollarının məzəmmətindən utanırcasına o, hələ də başını dik tutub sərt çovğunları gözləyəcək. Həmin gün göydən ələnən qızıl yağışı kimi bütün yarpaqlarını ilboyu şirə çəkdiyi torpağa döşəyib qışın fırtınalarına dözəcək. Hələlik isə qalın qar buludlarının gəlməsini gözləyən mavi səmanın dərinliyindən səssizcə yola düşən qızılı payıza əlvida deyir.
Gələn yaza nə qaldı ki!

 Əli CABBAROV

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR