06 Dekabr 2019, Cümə

Uşaqları qorumaq və onların hüquqlarını müdafiə etmək hər birimizin borcudur. Çünki uşaqlar həm hər bir evin, ailənin bəzəyi, yaraşığı, həm də hər bir dövlətin, millətin sabahı, gələcəyidir. Bu səbəbdən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsini təmin etməyi, hüquqlarının qorunmasını, onların layiqli vətəndaş kimi formalaşdırılmasını özünün ən mühüm vəzifələrindən biri hesab edir.

Uşaq hüquqlarının müdafiəsinin hərtərəfli təmin olunması ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Uşaqların keyfiyyətli təhsil almaları, yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir.

Naxçıvan Muxtar Respublikasında da uşaqlar dövlət qayğısı ilə təmin edilir, onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bu gün muxtar respublika əhalisinin 35 faizi və ya 163 min 815 nəfəri uşaqdır.
Muxtar respublikada uşaqların yaxşı təhsil almaları, layiqli vətəndaş kimi formalaşmaları istiqamətində bir çox işlər görülür, müasir avadanlıqlarla təchiz olunmuş yeni-yeni məktəb binaları tikilərək istifadəyə verilir. Eyni zamanda uşaqların təhsilləri ilə yanaşı, asudə vaxtlarının da səmərəli təşkili, fiziki cəhətdən sağlam böyüməsi də diqqət mərkəzində saxlanılır. Bunun üçün muxtar respublikada müasir standartlara uyğun olimpiya idman kompleksləri, üzgüçülük və şahmat mərkəzləri, uşaq-gənclər şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri və digər obyektlər istifadəyə verilmişdir. Bu hərtərəfli şərait istedadlı uşaq, yeniyetmə və gənclərin təhsil, mədəniyyət, idman və digər sahələrdə uğurlar qazanmalarına zəmin yaratmışdır. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada 30 minə yaxın uşaq idmanla məşğul olur.
Həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı ailələrdən olan uşaqlara dövlət qayğısının göstərilməsinə xüsusi önəm verilir.
Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsili, reabilitasiyası da səmərəli təşkil edilir. Belə ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası daim nəzarətdə saxlanılır, uşaqlar məktəbəqədər, məktəb, məktəbdənkənar və peşə təhsil müəssisələrinə cəlb edilir. Cari ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 69 uşaq məktəb, məktəbəqədər, məktəbdənkənar və müalicə reabilitasiya müəssisələrinə cəlb olunmuşdur. Eyni zamanda komitə tərəfindən muxtar respublikamızda qeydiyyatda olan sağlamlıq imkanları məhdud uşaqların xəstəlikləri üzrə təhlillər aparılır, muxtar respublikanın rayon və kənd mərkəzlərində belə xəstəliklərin qarşısının alınması ilə əlaqədar qadınlar arasında maarifləndirici tədbirlər həyata keçirilir.
Sağlamlıq imkanları məhdud uşaqlar arasında müxtəlif yarış və müsabiqələrin keçirilməsi onların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, istedadlarının üzə çıxarılması, əqli və fiziki inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Həmin kateqoriyadan olan uşaqların tarixi abidələrə, muzeylərə, istehsal və emal müəssisələrinə ekskursiyaları təşkil edilir, onlar arasında əyləncəli idman oyunları, yarışlar və müsabiqələr keçirilir, film, konsert proqramı və tamaşalar nümayiş olunur. Müvafiq kateqoriyadan olan uşaqların iştirakı ilə konsert proqramı, rəsm və əl işlərindən ibarət sərgilər təşkil edilir, Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq “Gənc istedadların “Qızıl kitabı”nın yaradılması, 11 istedadlı uşağın adının bu kitaba yazılması və onlara xüsusi təqaüdlərin verilməsi istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir.
Həmçinin Ali Məclis Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmiş, uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmiş, monitorinq qrupu yaradılmışdır. Uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının qarşısının alınması məqsədilə uşaq müəssisələrində monitorinqlər aparılmışdır.
“Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı təşkil olunmuş, 25 min uşaq haqqında fərdi məlumatlar banka daxil edilmişdir.
Muxtar respublikada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar da hər zaman diqqət mərkəzində saxlanılır, onlara qayğı ilə yanaşılır. Bayram günlərində və tədbirlərdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan uşaqlara hədiyyələr verilir, həmin uşaqlar məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunurlar. Cari ilin ötən dövrü müvafiq kateqoriyadan olan 751 uşağa hədiyyə və sovqatlar verilmiş, 379 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunmuşdur.
Uşaqların sağlamlıqlarının qorunması ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsi olaraq uşaq tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, müasir avadanlıqlarla təchiz edilməsi əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətlərində mühüm addımlar atılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Pro­qramı”nın qəbul olunması bu sahədə atılan mühüm addımlardan biridir. Görülən işlərin nəticəsidir ki, ildən-ilə sağlamlıq imkanı məhdud olan uşaqların sayı azalmış, uşaq ölümü halları minimuma endirilmişdir.
Uşaq ədəbiyyatı uşaqların vətən­pərvərlik ruhunda böyüməsində, milli dəyərlərimizi mənimsəməsində və dünyagörüşlərinin formalaşmasında əsas vasitələrdəndir. Buna görə uşaqların asanlıqla qavraya biləcəkləri kitablar nəşr olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə “Uşaqlar və Günəş” almanaxı, “Gəncliyimiz-gələcəyimiz” “Təmsillər”, “Şeir və hekayələr”, “Şeirlər”, “Poema və pyeslər”, “Naxçıvan bəstəkar­larının uşaq mahnıları”, “Sevimli dostlarım kitablar” adlı uşaq kitablarının nəşr olunması uşaqlarda mütaliəyə marağı artırmışdır.
Muxtar respublikada qazanılan hərtərəfli uğurlar sırasında ailələrimizin davamı, dövlətimizin gələcəyi olan uşaqlarla bağlı gerçəkləşdirilən ardıcıl siyasətin ürək­açan, sevincli nəticələri də diqqətçəkəndir. Göstərilən diqqət və qayğının nəticəsində muxtar respublikada dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş, məktəbdən yayınan, cinayət məsuliyyətinə cəlb olunmuş uşaq yoxdur.

Uşaqlar hər bir evin, ailənin ən dəyərli sərvəti, hər bir xalqın gələcəyidir. Gələcəyimiz olan uşaqları qorumaq hamımızın borcudur. Muxtar respublikada həyata keçirilən tədbirlər gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual vətəndaşları olacaq bugünkü uşaqların firavan həyatının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəlmişdir. Uşaqlara qayğı, onların hüquqlarının qorunması istiqamətində hər birimiz uşaqların hərtərəfli böyüdülməsi üçün səy göstərməli, əlimizdən gələni əsirgəməməliyik.

Zərnigar Orucəliyeva
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının İctimaiyyətlə əlaqələr və informasiya
təminatı üzrə baş məsləhətçisi

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR