Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası mühüm əhəmiyyətə malikdir.
Ötən dövr ərzində proqramın icrası ilə əlaqədar olaraq işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunması sahəsində xeyli işlər görülüb. Belə tədbirlər sırasında muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi üzrə təhlillər aparılması, boş iş yerlərinin müəyyən edilməsi xüsusi vurğulanmalıdır. Kənd mərkəzlərində fəaliyyət göstərən xidmət sahələrinin kadrlarla təmin olunması üçün işaxtaran və işsiz şəxslərin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Regional Peşə Tədris Mərkəzində müvafiq kurslara cəlb edilməsinə də xüsusi önəm verilir. Ötən il ərzində kənd xidmət mərkəzlərinin kadrlarla təmin olunması üçün tədris mərkəzində bərbər, bərbər-manikürçü və dərzi peşələri üzrə kurslar təşkil edilib. Müdavimlər həmin kursları müvəffəqiyyətlə başa vuraraq sertifikatlar aldıqdan sonra kənd xidmət mərkəzlərindəki vakant yerlərdə işlə təmin olunublar. Qeyd edək ki, 2019-cu il ərzində 23-ü bərbər, 24-ü bərbər-manikürçü və 5-i dərzi peşəsi üzrə olmaqla, ümumilikdə, 52 işaxtaran vətəndaş kənd xidmət mərkəzlərində işə götürülüblər.

Cari ilin əvvəlində Ordubad rayonunun Vənənd kəndində istifadəyə verilmiş xidmət mərkəzində də gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, eləcə də 3 anbar yerləşdiyindən burada da artıq 9 nəfər kənd sakini işlə təmin olunub. Təbii ki, əksər yaşayış məntəqələrində belə infrastrukturun yaradılması yerli əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində də mühüm rol oynayır.
Onu da xüsusi vurğulamaq lazımdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası xüsusi qayğıya ehtiyacı olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrin icrasına əlverişli zəmin yaradıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması burada yeni ailə təsərrüfatlarının formalaşmasına geniş imkanlar açıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində özünüməşğulluq proqramına cəlb olunmuş aztəminatlı ailələrin üzvlərinə bərbər-manikürçü və dərzi ləvazimatları təqdim edilib və onlar kənd xidmət mərkəzlərində müvafiq peşə sahələri üzrə işlə təmin olunublar.
Göründüyü kimi, 2019-cu il muxtar respublikada əhalinin məşğulluğunun təmin edilməsi baxımından da uğurlu illərdən biri olub. Bu, muxtar respublikamızda insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter almasının göstəricisidir.

Elmin FƏRƏCOV
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Məşğulluq və miqrasiya şöbəsinin müdiri