22 Sentyabr 2020, Çərşənbə axşamı

12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Uzunoba gölü ətrafında təmizlik aksiyası keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Gənclər Fondunun birgə təşkil etdiyi aksiyada 30 gənc iştirak edib. Aksiyanı keçirməkdə məqsəd gənclərin maarifləndirilməsi və onların asudə vaxtlarının səmərəli təşkili, ətraf mühitin mühafizəsi və bununla bağlı məsuliyyət hissini daha da artırmaq olub.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ayaz Cabbarov və Təhsil Nazirliyinin əməkdaşı Rəşad Adıgözəlov Gənclər Fondunun əməkdaşı Arzu Qasımov bildiriblər ki, 1998-ci ildən etibarən avqustun 12-si Beynlxalq Gənclər Günü kimi gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur. Ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Bu gün gənclərin asudə vaxtlarının səmərəli təşkili dövlət gənclər siyasətinin tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasında da bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, gənclərin mənalı istirahəti təmin edilir. Onların müasir dövrün tələb və çağırışlarına hazırlıqlı olması, müasir biliklərə yiyələnməsi, beynəlxalq aləmdə rəqabətədavamlı şəkildə yetişmələri daim diqqət mərkəzində saxlanılır. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Bu gün diyarımızda gənclər milli dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır. Ən əsası isə muxtar respublika gəncləri dövlətçilik ənənələrini daim uca tutur, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyüyürlər.
Çıxışlardan sonra aksiya iştirakçılarına təmizlik avadanlıqları paylanılıb, gölün ətrafı tullantı və daşlardan təmizlənib.
Aksiyada iştirak edən gənclərin fikirlərini öyrəndik:

Salatın Məmmədova: – Təmizlik aksiyası çərçivəsində Uzunoba gölü ətrafındakı məişət tullantılarının, eyni zamanda daşların toplanmasına nail ­olduq.
Tədbir çərçivəsində burada istirahət edən qonaqların diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək, həmçinin davranışımızla ətrafdakılara örnək olmaq vacib idi. Hər bir kəs əlindən gələn köməkliyi göstərməklə, ətraf mühitin təmizliyinin qeydinə qalmalıdır. Bəzən bunun üçün, sadəcə, məişət tullantılarını təmizləmək belə kifayət edir. Bu cür aksiyaların keçirilməsi həm də gənclərin bir araya toplanması və asudə vaxtlarının səmərəli təşkili üçün əla fürsətdir.

Çinar Hacıyev: – Bu aksiya artıq təmizlik mədəniyyətinin bir hissəsinə çevrilib. Əsas məqsədimiz gözəlliklər məskəni olan doğma diyarımızı təmiz saxlamaq və onun təbiətini qorumaqdır. Buna görə də hazırda Uzunoba çimərliyində artıq tullantıları təmizləyərək bu işə öz töhfəmizi veririk. Bu, çox gözəl təşəbbüsdür və alqışlanmalıdır. Aksiyada iştirak etmək gənclər üçün xeyirxah bir işdir.

- Ceyhun MƏMMƏDOV

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR