19 Sentyabr 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iyul ayında yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işi, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin standartların tələblərinə uyğunluğu diqqətdə saxlanılmış, məhsul nümunələrinin 127 halda, o cümlədən qida məhsullarının 126 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunmuş və bu istiqamətdə nöqsan aşkar edilməmişdir.

İstehsal olunan əla növ un məhsulunun 2 halda laboratoriya analizləri aparılmış və dəmir mineral tozu ilə zənginləşdirildiyi müəyyən edilmişdir. Digər növ un məhsullarında müvafiq faiz nisbətləri üzrə kəpəkli undan istifadə olunmaqdadır. Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması məqsədilə iyul ayında məhsulların 48 halda standartlara uyğunluğu yoxlanılmış və nöqsan aşkar olunmamışdır. Kənd təsərrüfatı məhsullarının istehsalında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələrin tətbiqinə, xaricdən idxal edilən üzvi və qeyri-üzvi gübrələrin keyfiyyət göstəricilərinə, eləcə də toxumların və tingçilik məhsullarının müəyyən olunmuş tələblərə cavab verməsinə nəzarətin gücləndirilməsi istiqamətində buğda toxumundan nümunələr seçilərək analizləri aparılmış və nəticələrin standartlara uyğunluğu müəyyən edilmişdir.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində bal məhsullarının 2 halda laboratoriya analizləri aparılmış, sınaqların nəticələrinin standartlara uyğunluğu müəyyən edilmişdir. İyul ayında, ümumilikdə, 2 ailə təsərrüfatına istehsal etdikləri məhsulların etiketlərinin hazırlanmasında müvafiq köməkliklər göstərilmişdir. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət edilməsi üçün onlardan 24 halda nümunələr götürülərək analizlər aparılmış və standartlara uyğunluğu müəyyən edilmişdir. Naxçıvan şəhərində və Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni ailə təsərrüfatlarının fəaliyyətə başlaması təmin olunmuşdur və ilkin olaraq çörəkotu, kokos, çaytikanı yağları, keçibuynuzu doşabı istehsal olunmaqdadır. Bazarın tələbinə uyğun olaraq məhsul çeşidinin artırılması, muxtar respublikada satışı ilə yanaşı, Bakı və Gəncə şəhərlərinə, həmçinin xarici ölkələrə ixracı nəzərdə tutulur.
Ötən ay alkoqollu içkilər istehsal edən 2 müəssisədə istehsal olunan arağın 2, pivənin isə 1 halda laboratoriya analizləri aparılaraq standartlara uyğunluğu müəyyən edilmişdir. 68 bərbərxana və 63 gözəllik salonuna, 30 ət satışı mağazasına, 77 ictimai iaşə və xidmət sahəsinə, 177 ərzaq və qeyri-ərzaq mağazasına maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması təmin edilmişdir. Ümumilikdə, 7 təsərrüfat subyektində, o cümlədən 3 istehsal müəssisəsində, 4 ictimai iaşə və xidmət sahəsində təmir işləri başa çatdırılmış, metroloji norma və qaydalara uyğun olaraq 1355 ölçmə vasitəsi yoxlanılmışdır.
Muxtar respublikada istehsal olunan məhsulların markalanmasına nəzarət məqsədilə 7 istehsal müəssisəsində maarifləndirmə xarakterli monitorinqlər aparılmış, 2 müəssisədə istehsal olunan məhsulların etiketlərində orfoqrafik səhvlərin olduğu və standartların tələblərinin pozulduğu aşkarlanmış, çatışmazlıqların aradan qaldırılması üçün müvafiq təsərrüfat subyektləri məlumatlandırılmışdır.
Hesabat dövründə istehlak bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli məhsul istehsalının təmin edilməsi, ailə təsərrüfatları məhsullarının ixracına dəstək göstərilməsi üzrə verilmiş tapşırıqların icrası istiqamətində təsərrüfat subyektləri ilə 18 halda abonent müqaviləsi bağlanmışdır. Eyni zamanda istehsal olunan məhsulların ixrac olunacaq ölkələrə uyğun markalanması, beynəlxalq idarəetmə standartlarının tətbiqi, zərurət olduqda ixrac olunan məhsulların partiyalarla sertifikatlaşdırılmasının təmin edilməsi, təsərrüfat subyektlərinə məxsus əmtəə nişanlarının məhsul ixrac olunacaq ölkələrdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı vasitəsilə beynəlxalq mühafizəsi üçün informativ xidmətlər haqqında məlumatlar müəssisə rəhbərlərinin diqqətinə çatdırılmışdır. Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun olaraq davamlı qaydada məhsulların göndərilməsi təmin edilir. “Naxçıvan məhsulları” mağazalar şəbəkəsi vasitəsilə satılan məhsulların aylar üzrə uçotu aparılmaqdadır.
Fövqəladə Hallar Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birgə iyul ayında, ümumilikdə, 31 məişət qaz cihazına baxış keçirilmiş və nöqsan aşkar edilməmişdir. Ötən ay standartlara uyğun olmayan 1524 manat dəyərində keyfiyyətsiz məhsullar satışdan çıxarılmışdır.

Naxçıvan Muxtar Respublikası
Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR