14 Dekabr 2019, Şənbə

Bu yerlərə təbiətin bir az misgilli vədəsində gəldim, nədən ki, dünənə qədər sinəsinə lalədən, bənövşədən, nərgizdən, min-min şəfalı otlardan bəzək-düzək vuran dağ döşləri saralıb-soluxmuşdu. Heç səhər-axşam bu döşlərə, yastanlara səpələnən, gün batanda kənd həyətlərində badyaları, sərnicləri südlə aşırıb-daşıran qoyun-quzu sürüləri, inək naxırları da gözə dəymirdi. Hər tərəf sarı rəngə boyanmışdı. Bir qədər aralıda nəhəng cəviz ağaclarının altında gizlənən kənd evləri görünürdü. Zirvəsinə baxanda papaq düşürən dağların yalçın qayalarının altından süzülüb üzə çıxan su sızıntıları ağ sicim kimi üzüaşağı sallanır və dərənin dibi ilə axan çaya qovuşurdu. Avtomobilimiz irəlilədikcə mənzərə də dəyişirdi, qənşərdəki Üç qardaş, Camal qalası, Ərəci dağları kəndi doğma balası, övladı kimi ana məhəbbəti ilə ovucunda, qucağında saxlayırdı, amma bu bala şıltaq uşaqlar kimi bu ovuca, bu qucağa sığıb-sığışmaq istəmirdi. Yaraşıqlı evlər dağ döşləri boyu cərgələnir və adama elə gəlirdi ki, bu sıralar, cərgələr artdıqca-artacaq, lap zirvəyə qədər çatacaqdır.

Yadımdan çıxmasın deyə, yazımın bu yerinə onu əlavə edirəm ki, belə bina cərgələrini kənddən azca aralıda da gördüm: hamısı eyni biçimdə, eyni görkəmdə, eyni yaraşıqda. Saydım, 12 ev idi: 8-i üçotaqlı, 4-ü ikiotaqlı. 2011-ci ildə kənddə torpaq sürüşməsi oldu və 12 evə ziyan dəydi. Dövlət heç bir il çəkmədi ki, dədə-baba evlərindən də qəşəng evlər tikib, necə deyərlər, müftə-müsəlləm bağışladı bu insanlara və dedi ki, buyurun, sağlıqla, cansağlığı ilə yaşayın, ömür sürün. Oxucu elə düşünməsin ki, mən bilərəkdən bu kəndin adını çəkməkdə xəsislik edirəm. Xeyr, istəyirəm ki, bu yazını oxuyan kəsdə kənd haqqında az-çox təsəvvür yaransın. Sözün kəsəsi, yolum Şahbuz rayonunun Keçili kəndinə idi.
Nağıllaşan həqiqət
Kəndin bu günü haqqında yazmağa gedirdim. Bəs hardan gəlib düşdü beynimə 80-90 il bundan irəliki əhvalatlar? O əhvalatlar ki, ağızdan-ağıza keçib, rəvayətlərə, nağıllara dönüb, amma o var ki, bu nağılların, rəvayətlərin fövqündə bir insan dayanır – Qaçaq Quşdan. Bu Qaçaq Quşdan kim olub, niyə onun adı Keçili camaatını qürurlandırır? Deyilənlərə görə, Naxçıvan tərəfdə qırmızı imperiya öz bayrağını axırıncı olaraq Keçili kəndində taxıb. Qaçaq Quşdan, əlbəttə, tək olmayıb və bir neçə həmkəndlisi ilə silah götürüb bolşevik hökumətinə qarşı çıxıb. Bu insanlar mülkədar, xan, bəy deyildilər, var-dövlətləri başlarından aşmırdı ki, yeni hökumət onların mal-mülklərini alsın. Bunlar adi kəndlilər idi, amma əqidələri başqa idi və 70 ildən sonra dağılacaq quruluşa qarşı elə 70 il əvvəl çıxmışdılar. 21 yaşında mübarizə yoluna düşən Quşdan 7 il sərasər Keçilini dövrələyən dağlarda yaşayıb, qara-borana düşüb, arada pirli yolla doğma evinə, ailəsinə də baş çəkib, hökumətin xəbərdarlıqları, hədə-qorxuları onu yolundan, əqidəsindən döndərə bilməyib və günlərin birində – 1932-ci ildə evinə, ailəsilə görüşə gəldiyi gün ömrünün sonuncu günü olub. Və bu hadisəni də kənddə belə nağıllayırlar ki, hansısa nankor – onu da əlavə edirlər ki, həmin kəs Keçilidən deyilmiş – Quşdanın kənddə olduğunu hökumət orqanlarına çatdırıb və onlar da dan üzü təzəcə söküləndə Quşdanın evini mühasirəyə alıblar. Silahı yerə qoymaq, təslim olmaq təklifini Quşdan rədd eləyib, qeyri-bərabər döyüşə başlayıb, sonuncu gülləsini isə özünə saxlayıb – onda Quşdanın 28 yaşı vardı.
Bu günün həqiqətləri
Şahbuz şəhərinə çatar-çatmaz sağ tərəfdəki dağlara sarı düz yol ayrılır. Bəri başdan deyim ki, Naxçıvan-Şahbuz yolunun rahatlığına, təhlükəsizliyinə söz ola bilməz. Yol infrastrukturuna belə yüksək diqqət və qayğı məndə fərəh və qürur doğurur. Eyni hissi dağ yolu ilə irəlilədikcə də keçirirdim. Nə bir çala-çuxur, nə bir təhlükəli eniş-yoxuş, nə də sərt döngələr var idi. Və onu da fikirləşirdim ki, bütün bunlar bu həndəvərdə yaşayan insanların rahatlığı üçündür, gediş-gəlişlərinin asanlaşdırılması üçündür. Bu yol səmtinin üstündə rayonun dörd kəndi qərar tutub, əvvəlcə Kiçikoba gəlir, sonra Şahbuzkənd, ondan sonra Külüs və Keçili kəndləri. Bu gün dağ kəndlərinin abadlığına, gediş-gəlişinə, insanlar üçün yaradılan həyat şəraitinə heyran olmaya bilmirsən. Dönə-dönə belə kəndlərdə olmuşam, sakinlər ilə görüşüb söhbət etmişəm, hər dəfə də sözümüzün canı o olub ki, yəni kənd adamını deyirəm, hər şey yaxşıdır. Bir məsələni isə xüsusi diqqətə çəkirlər: o kəslər ki, sovet quruluşunda daha çox yaşayıblar və o eybəcərlikləri görüblər. Məsələn, onu görüblər ki, gərək kəndli dövlətə ət verəydi, yun verəydi, yumurta verəydi, xülasə verəydi, verəydi. Və dövlət də soruşmurdu: “bəs özünə nə qaldı?”
Keçilidə sovxoz həyatından bir epizod nağılladılar, matım-qutum qurudu, necə deyərlər, əlim üzümdə qaldı. Kəndlinin mal-heyvanının, qoyun-quzusunun qış yemi təsərrüfat başçısını qətiyyən maraqlandırmırdı. Gərək hər kəs müəyyən edilmiş normada dağdan-daşdan ot biçib gətirib sovxoza təhvil verəydi, ondan sonra yerdə-yurdda qalan vardısa, özünün mal-heyvanına tədarük edəydi. Və belə olanda kimidi, qapısında inək, yainki bir keçi saxlayan? Kənd adamı yaxşını pisdən seçməyi bacarandır, ona görə də bu günlərindən razıdır: kimdir, onlardan ət, yun, yumurta istəyən, kimdir, onları dağa-daşa ot biçininə göndərən? Dövlət keçillilərə 4 min 342 hektar örüş otlaq sahəsi bağışlayıb, deyib, hamınıza çatar, nə qədər mal-heyvan, toyuq-cücə saxlayırsınız, saxlayın, bir kəs sizə gözünüz üstə qaşınız var deməyəcək. Bəs Keçili sakini bundan necə istifadə edir? Bu barədə bir az sonra danışacağam. Kəndin baş küçəsində üstündə “Çınqıllı” yazılmış böyük bir bina diqqəti cəlb edir. Oxucuya kiçik bir məlumat verim ki, “Çınqıllı” Keçilidə bulaq adıdır və bu bulağın suyu dünyanın “mənəm-mənəm” deyən bulaqlarının kürəyini yerə vurar – dadına, tamına, sərinliyinə, şəfalılığına, süfrədəki hörmət-izzətinə görə.
Ümummilli liderimiz Heydər Əliyev bəyan eləmişdi ki, biz bazar iqtisadiyyatı yolu ilə gedirik və gedəcəyik. Bu ifadədə hər şey vardı – insanların güzəranının yaxşılaşdırılması, yerli xammaldan istifadə etmək imkanları, eyni zamanda yeni iş yerləri açmaqla dövlətə kömək etmək, dükan-bazarı yerli məhsullarla doldurmaq, ucuzluq yaratmaq, xülasə yaşamaq, həm də yaxşı yaşamaq üçün lazım olan bütün şərtlər.
Həmin şərtlərdən biri və bəlkə də, birincisi odur ki, gərək əlindən gələn işin dalınca gedəsən. Söz var, deyərlər, “hər oxuyan Molla Pənah olmaz”, necə ki, hər yerindən duran sahibkarlıqla məşğul ola bilmədiyi kimi. Amma keçilili Mənsur Əsgərlidə bu qabiliyyət varmış və bəlkə də, kimsənin ağlına gəlmədiyi bir işin qulpundan yapışıb. Həmin o Çınqıllı bulağının suyundan bir kiçik boru da çəkib gətirib kəndin bu başına. Təbii ki, bundan əvvəl bütün sənədləşmələr aparılıb, su dönə-dönə yoxlanılıb, müsbət keyfiyyətləri təsdiqlənib və sair. Bundan sonra bina tikilib, avadanlıqlar alınıb quraşdırılıb və Keçili dağlarının şah damarlarından süzülüb gələn Çınqıllı bulağının suyu naxçıvanlıların süfrəsini bəzəməyə başlayıb. Bu əhvalat olub 2007-ci ildə. Mənsur Əsgərli bununla kifayətlənməyib, su istehsalı zavodunun yanında bir lavaş sexi də açıb və hazırda hər iki sexdə 18 nəfər keçilili çalışır.
Kəndin uşaqlı-böyüklü 1828 nəfər əhalisi var, saysan, 286 ev olacaq. Amma təsərrüfat çoxdur, 410 təsərrüfatdır. İlbəil ailələrin sayı artır, təzə mənzillər tikilir, insanlar doğma torpaqlarında daha möhkəm yurd-yuva salırlar. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vüqar Səfərovla yeni istifadəyə verilmiş kənd mərkəzində onun üçün ayrılmış otaqda kənd barədəki məlumatları qeyd dəftərçəmə köçürürəm. Oxucuya çatdırılası xoş məqamlar çoxdur və soruşanda ki, kənddən şəhərə köç və yaxud Şahbuzda, Naxçıvanda iş axtarmağa gedənlər varmı? Hər ikisinə “yox” cavabını aldım. Məlum oldu ki, Keçili kəndinin sakinləri başqa yerə iş dalınca getməyiblər. Ona görə ki, kəndin özündə dolanışıq üçün hər cür şərait var.
– Məsələn, hansı şərait var? – deyə mən dübarə sual edirəm.
– Bilirsinizmi, insan o zaman yurd-yuvasından aralı düşür ki, doğulduğu, boya-başa çatdığı torpaq onu dolandıra, yaşada bilməsin. İstəyirəm, bir qədər əvvələ qayıdam, 1998-ci ilə. Həmin il ümummilli  liderimizin təşəbbüsü ilə həyata keçirilən torpaq islahatı Keçilidə də başa çatdı, adambaşına 3280 kvadratmetr torpaq paylandı. Hətta o vaxt ictimai təsərrüfatın 8 hektarlıq alma bağı da vardı ki, onu da bərabər surətdə, necə deyərlər, dədə malı kimi bölüşdürdülər və adambaşına 40 kvadratmetr də bağ sahəsi düşdü. Bütün bunları qoyuram bir qırağa, ən başlıcası o idi ki, insanlar sərbəstləşmişdilər, iş-güclərində azad idilər, yuxarıdan göstəriş, əmr-filan verən yoxdur və belə olanda da hər kəs papağını qabağına qoyub götür-qoy eləyir ki, hansı işin dalınca getsə, özünə istədiyi güzəranı qura bilər.
Bunları deyəndən sonra Vüqar müəllim özünün qeyd dəftərçəsindəki rəqəmləri göstərdi. Mən də bu rəqəmləri ötəri də olsa, beynimdə saf-çürük eləyəndən sonra gördüm ki, xeyr, keçililinin orda-burda iş axtarmaq barədəki sualım havayı bir şeymiş. Məsələn, kənddə iki mindən ziyadə qaramal var. Bu qədər inəyi Keçilinin 286 evinə böləndə görün hər evə neçə baş qaramal düşür və bu rəqəmi bir də kəndin körpəli, uşaqlı, böyüklü 1828 nəfərlik sakininə bölək, yenə adambaşına bir inəkdən də çox düşür. Kənddən hər gün örüş-otlağa 13 min 400 baş qoyun-quzu çıxır, həyət-bağçalarda 30 mindən çox quş saxlanılır. Elə ailə yoxdur ki, arısı olmasın, çünki qeyd  dəftərçəmə baxıram ki, min rəqəmini yazmışam. Əlbəttə, bunlar ümumi göstəricilərdir, çünki hamı eyni səviyyədə yaşamır, yaşayış səviyyəsi hər kəsin öz əlində, öz bacarığında, qabiliyyətindədir. Məsələn, Təyyar Məmmədovun 30 baş qaramalı, 40 arı ailəsi, yük maşını, otbiçən maşını var. Deməli, təsərrüfat qurmağın yol-yolağasını tapıb. Başqa bir misalı da qeyd dəftərçəmdən bu yazıya köçürürəm: Pəhlivan Kərimov dövlətdən 3 min manat kredit götürüb, gedib kartof əkib, işləyib, zəhmət çəkib və qazancı da o olub ki, dövlətin borcunu qaytarıb, ailə büdcəsinə də xeyli xeyri dəyib. Belə misalların sayını çoxalda bilərəm; göz dəyməsin, Əsədulla Babayevin 150 baş qoyun-quzusu, 30 arı ailəsi, “NİVA” markalı, “QAZ-53” markalı maşını, otbiçən maşını var. Daha nə olmalıdır? Anar Məmmədovun 15 inəyi, 110 qoyunu, hələ balalarını demirəm, yük maşını var. Və bütün bu misalları beynimdə saf-çürük edə-edə görürəm ki, Keçilidən köçmək, dədə-baba qapısını qıfıllı, kilidli saxlamaq olmaz, yox əgər varsa, o kəs günah işlətmiş olur. O məlumatı da aldım ki, sözün qısası, heç kəs bu ucqar dağ kəndindən bir addım da o yana atası deyil. Və yazımın bu yerində oxucuya bir neçə məqamı da çatdırmaq istəyirəm ki, nə əcəb keçilili bu dağlara vurulub, nə əcəb daha rahat yaşayış dalınca qaçmır? Özüm də özümə verdiyim sualın kəsərinə inanmıram, nədən ki, Keçilidə insanların rahatlığı üçün bütün şərait var. İndi mən sayım, siz də görün ki, burada şəhər həyatından, şəhər rahatlığından da qat-qat üstün imkanlar var ki, şəhərdə bunları tapa bilməzsən. Bunlar hansılardır? Keçili camaatının istər qadını olsun, istər kişisi, istər cavanı olsun, istər piranisi, göz dəyməsin, hamısının yanağından, necə deyərlər, qan damır. Bu, sağlamlığın birinci əlamətidir. Keçilinin havası, suyu, nemətlərinin saflığı, təmizliyi dünyaya dəyər. Bunlar Ulu Tanrının Keçili kəndlisinə bəxş etdiyi həyat ərməğanıdır. Bəs dövlət nə verib? Muxtar respublikanın digər kəndləri kimi, Keçili kəndinə də mavi yanacaq – qaz çəkilib – bu, bir. Şəhərdə elektrik enerjisinin nəqli necədirsə, Keçilidə də elədir, yəni ay elektrik kəsildi, belə söz-söhbət ola bilməz – bu, iki. Hər gün kəndə Naxçıvan şəhərindən, Şahbuz şəhərindən dörd avtobus marşrutu işləyir – bu, üç. Hamının evində telefonu, cibində mobil telefonu: istədiyin vaxt dünyanın harasına istəyirsən, zəng elə –bu, dörd. Yazımın əvvəlində qeyd elədiyim kimi, rahat, abad yol və kənddə azından 60-70 ailənin minik, yük maşını. Sakinlərə yeddi mağaza xidmət edir. Şəhərə-filana gedib-gəlməyə ehtiyac yoxdur. Daha nə sayım? Hələ bunlar mənim bildiklərimdir, əminəm ki, bilmədiklərim də az deyil.
Az qala kələfin ucunu itirəcəkdim. O mənada ki, Keçilidə kənd və xidmət mərkəzləri də tikilib. Bu, nə deməkdir? Bunların hamısı keçililərin rahatlığı üçündür. Kəndin icra nümayəndəliyi, bələdiyyəsi, kitabxana, klub, baytarlıq və polis məntəqələri, poçt, ATS burda – kənd mərkəzində yerləşir. Bir az kənarda xidmət mərkəzi var, kənd mərkəzinin yaxınlığında həkim ambulatoriyası inşa olunub. Xülasə, hər hansısa bir kəsin belə qurumlara, xidmət sahələrinə işi düşərsə, necə deyərlər, dağa-daşa üz tutmayacaq, kəndin ortasında yerləşən və hamıya eyni dərəcədə yaxın olan bir ünvana üz tutacaq.
İcra nümayəndəliyindən çıxıb məktəbə sarı yollanıram.
Bu da kənd məktəbi – 2001-2002-ci illərdəki tikintini xatırlayıram. 504 şagird yerlik müasir tələblərə cavab verən ucqar dağ kəndinin məktəbi. Hələ o vaxt Ali Məclis Sədrinin göstərişinə əsasən, məktəblər uzun müddət üçün tikilirdi, yəni gələcək perspektiv əsas götürülürdü və 2002-ci ildə məktəb istifadəyə veriləndə Keçilidə 504 uşaq hardaydı? Düzdür, indi uşaqların sayı ilbəil artır, maşallah olsun! Elə bu il 25 uşaq birinci sinifdə oxuyur. Bu il məktəbin 10 məzunu ali məktəblərə daxil olub, özü də necə? 5 nəfər 500-dən yuxarı, 2 nəfər isə 600-dən yuxarı bal toplayıb. Bilirsinizmi niyə? Yazımın bir yerində dedim ki, dağ kəndi ilə şəhər yaşayışı arasında heç bir fərq yoxdur və bu bərabərlik təhsilə də aiddir. Məktəbdə müxtəlif laboratoriyalar, fənn kabinələri, elektron lövhələr, kompüter dəstləri və daha nələr, nələr. Şəhər məktəbinin şagirdlərinin geyimi ilə Keçili balalarının geyimi arasında da heç bir fərq görmədim, eyni məktəbli forması, eyni çanta, eyni işıqlı, tərtəmiz sinif otaqları. Bütün bunlar Azərbaycan dövlətinin gələcək nəslə olan qayğısından xəbər verir. Məktəbdə 52 müəllim çalışır, hamısı da elə Keçili məktəbinin yetirmələridir.
Payız Günəşi özünün sarımtıl şüalarını Keçilini dövrələyən dağların sarımtıl döşlərindən yığışdırıb qüruba doğru yol alırdı. Dağ kəndinin ikinci həyatı bundan sonra başlanır: mal-qara, qoyun-quzu, toyuq-cücə yerbəyer olunur, axşam sağını başa çatdıqdan sonra tövlə axurlarına ot-alaf tökülür. Artıq çöl-bayırda, sən deyən, ot-əncər qalmayıb, amma qış hələ qabaqdadır. Buraların qışı arana bənzəmir, uzun çəkir. O var ki, kəndli də öz işini yaxşı bilir, hələ yazdan-yaydan qış tədarükünü görüb. Kəndin baytar həkimi Cəfər Əsgərov mal-qaranın sağlamlığından razıdır, üstəlik dövlət də nə dava-dərman lazımdırsa, göndərib,– deyir. Bu yerlərin ab-havası, suyu, Günəşi, hər cür dərdin dərmanı olan süfrə bolluğu, Allah bilir, daha nələr, nələr bu insanları dava-dərmandan uzaq salıb, maşallah, göz dəyməsin, cavanlı-qocalı hamının yanağından qan damır.

Söz var, deyərlər, yolçu yolda gərək. Çoxdan tanıdığım, bəzisi ilə bu gün tanış olduğum insanlarla sağollaşıram. Kənd evləri yavaş-yavaş arxada qalır, rahat, abad, əliçi kimi yol məni üzüaşağı –Araza sarı aparır. Amma ürəyim payızın sarımtıl rənginə boyanmış bu dağlarda çöhrələrindən mərdlik yağan insanların yanında qalır. Dünənimizdən bu günümüzə, bu günümüzdən sabahımıza və neçə-neçə sabahlara aparan yolum hələ qarşıdadır. Oxucuya tanıtdırıb çatdıracağım hələ nə qədər dağ kəndlərimiz var.

Nurəddin BABAYEV
Azərbaycan Respublikasının əməkdar jurnalisti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR