27 Oktyabr 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasında uşaqların fiziki inkişafının təmin olunması, xəstəliklərinin ilkin mərhələdə aşkar edilməsi məqsədilə profilaktik və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi xüsusi diqqətdə saxlanılır. Onların mütəmadi olaraq kompleks müayinələrdən keçirilməsi, müəyyən olunmuş xəstəliklərin vaxtında müalicə edilməsi uşaqlara göstərilən dövlət qayğısının bariz nümunəsidir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın da məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmənin, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasından ibarətdir. Proqramın icrası istiqamətində işlər ikinci rübdə də davam etdirilmiş, icbari dispanserizasiya ilə əhatə olunmalı 5 min 739 uşaq qeydiyyata alınmış, 808 uşağın valideyninə elektron kart paylanmışdır.

Uşaqların erkən yaşda sağlamlıqlarının qorunmasını təmin etmək üçün müayinələr zamanı müəyyən edilmiş xəstəliklərin düzgün müalicəsinin təşkili xüsusi əhəmiyyət kəsb edir. Uşaqdakı xəstəliyin vaxtında aşkar­lanması və onun müalicəyə cəlb edilməsi sağlamlıq göstəricilərinin erkən əldə edilməsinə səbəb olur. Dövlət proqramının icrası istiqamətində ikinci rübdə dispanserizasiya zamanı xəstəlik aşkar edilmiş 87 uşaq əlavə müayinə və müalicəyə cəlb edilmişdir.

Uşaq xəstəliklərinin müalicəsində reabilitasiya, tibbi bərpa prosedurları mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların sosial statusunun bərpa edilməsi və onların cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Dövlət proqramında da sağlamlıq imkanları məhdud uşaqlar üçün bərpa müalicəsinin təşkili və onların göndərişlərlə təmin edilməsi ilə bağlı tapşırıq müəyyən olunmuşdur. Tapşırığın icrası məqsədilə ikinci rübdə 26 sağlamlıq imkanı məhdud uşaq göndərişlə təmin edilmişdir.
Xəstəlik aşkar edilmiş uşaqlarla müalicə işinin təşkilində səhiyyə müəssisələrində çalışan tibb işçilərinin peşəkarlığı mühüm rol oynayır. Peşəkarlığın artırılmasına isə mütəmadi olaraq metodik tövsiyələrin hazırlanması və paylanması əsaslı təsir göstərir. Dövlət proqramının icrası məqsədilə ikinci rübdə uşaqların inkişafının monitorinqi üzrə 2 metodik vəsait hazırlanaraq ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçilərinə paylanmışdır.
Uşaqların sağlamlığının qorunması üçün valideynlərin maarifləndirilməsi həyati əhəmiyyət daşıyan məsələlərdəndir. Dövlət proqramında da uşaqların dispanserizasiyaya cəlb edilməsi məqsədilə əhali arasında xəstəliklərin risk amillərinə dair müvafiq mövzular üzrə maarifləndirmə işinin həyata keçirilməsi ilə bağlı tapşırıq müəyyən edilmişdir. Tapşırığın icrası istiqamətində ikinci rübdə Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Dövlət Tele­viziyası və Radiosunda 5 maarifləndirici çıxış olmuşdur.
Dövlət proqramında müəyyən edilmiş tapşırıqların vaxtında icra olunması muxtar respublikada uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamikanın əldə edilməsinə səbəb olur.

“Şərq qapısı”

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR