20 Oktyabr 2020, Çərşənbə axşamı

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 15 sentyabr – Bilik Günü münasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib.

Tədbirdə Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəticəsində bu qəbildən olan uşaqların təhsilə cəlbi sistemli xarakter alıb, onlar məktəbə­qədər, ümumtəhsil, məktəbdənkənar təhsil müəssisələrinə cəlb ediliblər.
Qeyd olunub ki, Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada Gözdən Əlillər üçün Xüsusi İbtidai Məktəb, Distant Tədris Mərkəzi, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri yaradılıb, nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlayıb, təhsilin təşkili ilə əlaqədar görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilib. Yaradılan şəraitin nəticəsidir ki, sağlamlıq imkanları məhdud uşaqların böyük əksəriyyətinin həmyaşıdları ilə bərabər təhsilə cəlbinin davamlılığı təmin olunub.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxışında vurğulayıb ki, muxtar respublikada məktəblilərin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan sağlamlıq imkanları məhdud uşaqlar da kənarda qalmır. Onların ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarında və defektoloji bölmələrə, həmçinin məktəbdənkənar müəssisələrin dərnəklərinə, musiqi məktəblərinə, idmanın müxtəlif növləri üzrə qruplara və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müvafiq bölmələrinə cəlb edilməsi istiqamətində zəruri işlər görülür.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova diqqətə çatdırıb ki, muxtar respublikada dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Ali Məclis Sədrinin rəhbərliyi altında uşaqlar dövlət qayğısı ilə əhatələnərək onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili, intellektual və mənəvi inkişafı təmin olunmaqdadır. Eyni zamanda valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid, aztəminatlı və çox­uşaqlı ailələrin uşaqları da diqqət və qayğı ilə əhatələnib. Belə ki, onların hüquqlarının qorunması, sosial müdafiələrinin gücləndirilməsi ilə bağlı proqramlar qəbul edilir və icra olunur.
Sonra hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 78, sağlamlıq imkanları məhdud 290, aztəminatlı ailələrin övladlarından isə 90 nəfər olmaqla, ümumilikdə, 458 şagirdə məktəbli geyim formaları, çanta və dərs ləvazimatları verilib.
Tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Həmin gün muxtar respublikanın rayonlarında da anoloji tədbirlər keçirilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR