19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Düşüncələr...

1988-ci ildə başlanan hadisələr dövrü doğma yurdumuzun düşdüyü ağır vəziyyəti o günləri yaşayanlar yaxşı xatırlayırlar. İnsanları ən ağır sınaqlara çəkilən Naxçıvan torpağı dəryada sükansız gəmi təsiri bağışlayırdı. Yolları bağlanan, elektrik enerjisi kəsilən, mağazalarının qabağında çörək növbələri yaranan, tez-tez top-tüfəng səsləri eşidilən diyarın sakinlərinin bu gündən sabaha ümidləri qalmamışdı. Ancaq iki-üç il davam edən həmin vəziyyət naxçıvanlıların əzmini sındıra bilmədi. Doğma torpağa bağlılıq, ata-baba əmanəti olan yurd yerlərinə məhəbbət hissi qalib gəldi. Ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlişi insanların sönmüş ümidlərini özlərinə qaytardı. 
Bu gün muxtar respublikamızın rayon və kəndlərindəki inkişaf qədim yurd yerini ürəkdən sevən hər bir naxçıvanlıda qürur hissi yaradır. Bunun səbəbləri isə bir deyil, beş deyil... Mənfur ermənilər muxtar respublikanı blokadaya alanda düşünürdülər ki, Naxçıvan bu çətinliyə tab gətirməyəcək, onlar bu torpağa sahib çıxacaqlar. Ancaq bu gün rayon mərkəzlərimizin və kəndlərimizin sosial-iqtisadi inkişafın ən yüksək pilləsinə qədəm qoyduğunu görəndə məkrli düşmənin bağrı yarılır. Niyə də yarılmasın? İndi hansı yaşayış məntəqəsinə üz tutsan, insanların xoş güzəranının şahidi olarsan. Abadlaşan yollar, ucaldılan möhtəşəm tikililər insanda yüksək əhval-ruhiyyə yaradır. Bütün bunlar isə hər daşında tarix yatan Naxçıvan Muxtar Respublikasının bütün bölgələrinə göstərilən böyük dövlət qayğısının təzahürləridir.

... Bu düşüncələrlə Şərur rayonunun Cəlilkəndinə çatıram. Ulu tarixi var bu qədim yurd yerinin. Sakinləri bu tarixlə fəxr edirlər. Bu yaşayış məntəqəsi 1961-ci ildən Cəlilkənd adlandırılmışdır. Kənd Şərur şəhərindən 4 kilometr şimal-şərqdə, Naxçıvan-Sədərək avtomobil yolunun kənarında yerləşir. Əhalisi 1800 nəfərdir. Kənddə inşa üsulu və texnikasına görə eramızdan əvvəl II minilliyin əvvəllərinə aid edilən və xalq arasında “qalaça” adlandırılan siklop tikililər mövcuddur. Cəlilkənddə “Buzxana” deyilən daha bir memarlıq abidəsi var. Girişi cənub tərəfdəndir. Yerin altında yerləşən Buzxanaya enmək üçün daşdan xüsusi pilləkən düzəldilmişdir. Binanın divarları yüngülcə yonulmuş bozrəngli qaya parçalarından inşa olunmuşdur. İçərisində divarlar boyunca dördkünc formalı səkilər inşa edilmişdir. Buzxana binası XIX əsrə aiddir. 
Ümumiyyətlə, Cəlilkəndin maraqlı tarixi var. Gəlin müəyyən məqamlara birlikdə nəzər salaq.

Cəlilkəndin 128 yaşlı məktəbi

Muxtar respublikanın qocaman təhsil ocaqlarından olan Cəlilkənd tam orta məktəbi 128-ci tədris ilini yaşayır. Bir vaxtlar Şərur-Dərələyəz qəzasının mərkəzi olan bu yaşayış məntəqəsində məktəbin əsası 1885-ci il sentyabr ayının 20-də qoyulmuşdur. Məktəbin yaradılmasında dövrünün tanınmış ziyalısı, Qori Müəllimlər Seminariyasının məzunu Əliməmməd Xəlilov fəal rol oynamış, təhsil ocağının ilk nəzarətçi müdiri olmuşdur. İlk ildə məktəbə 3 müəllim və 50 uşaq cəlb edilmişdir. Məktəb kəndin varlılarından İsmayıl xan Səfiyevə məxsus evdə fəaliyyətə başlamışdır.
Yeri gəlmişkən onu da qeyd edək ki, Şərur qəzasında XIX əsrin 80-ci illərində açılan məktəblərdən birincisi Yengicə kənd məktəbi idisə (1882-ci ildə açılıb), ikincisi Cəlilkənd məktəbi idi.
Şərurun axar-baxarlı bir guşəsində yerləşən Cəlilkənddə o vaxt diyarımızda barmaqla sayılacaq qədər dövlət məktəblərindən birinin açılması heç də təsadüfi deyildi. Kənd Naxçıvan şəhərindən 60 kilometr aralıda yerləşsə də, onun sakinləri məktəbin dünyəvi təhsilin inkişafına, işıqlı həyata aparan yol olduğunu düzgün anlamışdılar. Kənd icmasının dövlət orqanlarına müraciəti, xoşbəxtlikdən, cavabsız qalmamışdı. Adamlar özləri də məktəbin fəaliyyətinə hər cür kömək göstərmişlər. İlk illərdən cəlilkəndlilər uşaqlarını həvəslə məktəbə göndərir, balalarının oxuyub-yazmaq öyrənməsinə sevinirdilər. Beləliklə, bu kənddə yandırılan maarif məşəlinin işığı getdikcə ətraf kəndlərə də yayılırdı. Cəlilkənd məktəbindən pərvazlananlar işıqlı arzuların qanadlarında dövrün daha böyük təhsil ocaqlarına yön alırdılar. Cəlilkəndin sonrakı onilliklərdə Naxçıvanın ma­arifpərvər kəndlərindən biri kimi tanınması, ölkəmizə çox sayda ziyalı bəxş etməsi məhz 128 il əvvəl yandırılan o məşəldən qaynaqlanır.
Ötən əsrin əvvəllərində Cəlilkənd məktəbi beşsinifli rus-tatar məktəbinə, 1920-ci ildə yeddisinifli natamam orta tədris ocağına çevrilmiş, 1944-cü ildən isə orta məktəb kimi fəaliyyətə başlamışdır. 1957-ci il mart ayının 4-də Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə məktəbə Cəlil Məmmədquluzadənin adı verilmişdir. Muxtar respublikada teatr sənətinin inkişafında da Cəlilkənd məktəbinin mühüm rolu olmuş, 1889-cu ildən etibarən bu məktəbdə müəllim və şagirdlərin təşəbbüsü ilə teatr tamaşaları təşkil edilmiş, əldə olunan vəsait məktəbin inkişafına sərf olunmuşdur.
Cəlilkənd məktəbi yarandığı ilk gündən onun yanında kitabxana fəaliyyət göstərmiş, 1901-ci ildə məktəbin kitabxanasında 825 adda 1816 kitab və dərslik olmuşdur.
Müxtəlif vaxtlarda bu məktəbdə Əbülqasım Sultanov, Məmməd bəy Qazıyev, Fərzəli bəy Fərzəlibəyov, Tağı bəy Səfiyev, Ələkbər Süleymanov, Kərim bəy Səfiyev, Abbasqulu bəy Səfiyev və başqaları kimi ömrünü xalq təhsilinə həsr etmiş müəllimlər çalışmışlar.
Bu məktəb həm də onunla qürur hissi keçirir ki, burada dərs deyən müəllimlərdən biri də böyük demok­rat-yazıçı Cəlil Məmmədquluzadə olmuşdur. Bütün ömrü boyu xalqının maariflənməsinə çalışan görkəmli ədib 1887-ci ildə təyinatla bu kənddə “Zemski” adı ilə fəaliyyət göstərən məktəbə göndərilmişdir. Mirzə Cəlil burada iki il çalışmışdır. O, kənddə 24 şagirdə dərs demiş, onlardan 6 nəfəri sonralar təhsilini davam etdirmiş, Vətənə, xalqa ləyaqətlə xidmət etmişdir. Cəlil Məmmədquluzadənin seminariya dostu Ə.Sultanovun tərtib etdiyi “Məktəbə daxil olanlar və bitirənlər”in siyahısından məlum olur ki, böyük ədibin dərs dediyi şagirdlərdən Cəlil Səfiyev Moskva Universitetinin Hüquq fakültəsini, Hüseynqulu Səfiyev isə həmin universitetin Tibb fakültəsini bitirmişlər.
Cəlil Məmmədquluzadə 1889-cu ildə bu kənddə ilk qələm təcrübəsi olan “Çay dəstgahı” alleqorik dramını yazmışdır. Əsər elə həmin ildə məktəbin müəllim və şagirdlərinin iştirakı ilə tamaşaya qoyulmuşdur.
Cəlilkənd məktəbinin məzunlarından 50-dən çoxu ömrünü elm sahəsinə həsr etmiş, elmlər doktoru və fəlsəfə doktoru adı almışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru Asəf Nadirov, görkəmli ədəbiyyatşünas alim Abbas Zamanov, kimya elmləri doktoru, professor, Özbəkistan Elmlər Akademiyasının müxbir üzvü Hidayət Bağırov və başqaları elm-bilik marafonuna Cəlilkənd məktəbindən çıxmışlar.
Cəlilkənd məktəbi daim dövlət qayğısı ilə əhatə olunmuşdur. Təkcə onu demək kifayətdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur rayonundakı Cəlilkənd orta məktəbinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2006-cı il 10 iyul tarixli Sərəncamına əsasən, məktəbin binası yenidən qurulmuş, 342 şagird yerlik ikimərtəbəli binada tədrisin yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılmışdır. Odur ki, məktəb hər il yeni-yeni uğurlara imza atır.Təkcə 2012-ci ildə 9 məzundan 4-ü ali, 1-i isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur.
Cəlilkəndin son illər hərtərəfli inkişafı, muxtar respublikanın böyük, abad yaşayış məntəqələrindən birinə çevrilməsi bu yaşayış məntəqəsinə göstərilən dövlət qayğısının nəticəsidir. Burada yeni kənd mərkəzi, həkim ambulatoriyası, ticarət mərkəzi istifadəyə verilmişdir. Bütün bunlar öz tarixi başlanğıcını Cəlilkənd məktəbindən götürmüşdür. 1987-ci ildə kənddə yaradılan

Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi

də bu sıradadır. Cəlilkəndə gəlib həmin muzeyi ziyarət etməmək mümkün deyil. Biz də həmin muzeydə olduq. Öyrəndik ki, bu ünvana təkcə Naxçıvandan, Azərbaycanın digər bölgələrindən deyil, xarici ölkələrdən də xeyli qonaqlar gəlir, eksponatlara böyük maraqla tamaşa edirlər. Azərbaycanın ictimai fikir tarixində əvəzsiz xidmətləri olan Mirzə Cəlilə belə ehtiram bizim də qəlbimizi fərəh hissi ilə doldurur.
Hazırda muzeyin 4 bölməsində 700 eksponat nümayiş etdirilir. İki zalda yerləşdirilən materiallar tarixiliyi baxımından çox qiymətlidir. Burada “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilərə həsr edilmiş materiallar, Mirzə Cəlilin ilk qələm təcrübəsi olan “Çay dəstgahı” alleqorik pyesinin teatr tamaşasından fotoşəkillər və başqa eksponatlar nümayiş olunur.
Cəlil Məmmədquluzadənin tədqiqatçıları Əli Nazim, Mirzə İbrahimov, Əziz Şərif, Məsud Əlioğlu, Abbas Zamanov, Əziz Mirəhmədov, Əli Sultanlı, İsa Həbibbəyli və başqalarının araşdırmaları, onların fotoşəkilləri də ekspozisiyada öz əksini tapmışdır. Muzey ekspozisiyasının zənginləşdirilməsində Cəlil Məmmədquluzadənin tədqiqatçısı, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin xidmətləri xüsusi qeyd edilməlidir.
Muzey 1991-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin tərkibinə verilmişdir. Muzey binası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində 2002-ci ildə əsaslı təmir edilmişdir. Mədəniyyət müəssisəsinin yeni ekspozisiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə aid zəngin materiallar əsasında guşə yaradılmışdır.
Ekspozisiyada nümayiş etdirilən Səfiyevlər sülaləsinə aid sənədlər içərisində bir fotoşəkil diqqətimi cəlb edir. Fotoşəkil 1898-ci ildə bu kənddə anadan olmuş İbrahim Səfiyevə məxsusdur. Onun muzeydə saxlanılan qısa tərcümeyi-halı ilə tanış oluram. Rəssamın həyatı çox kəşməkəşli olub. Xatirə muzeyinin müdiri Səyyarə Kazımovadan muzeydə İbrahim Səfiyevin rəsm əsərlərinin olub-olmaması barədə soruşuram.
Səyyarə xanımdan “xeyr” cavabını alıram.
– Kənddə Səfiyevlərdən kimlər yaşayır, – sualımı isə belə cavablandırır:
– Səfiyevlərdən kəndimizdə bir nəfər qalıb. Yaşı 90-ı haqlamış İsgəndər əmini deyirəm.
Onunla evində görüşürəm. Öyrənirəm ki, İsgəndər kişi ali təhsilli mühəndisdir, su təsərrüfatı mütəxəssisidir. Arpaçay dəryaçasının tikintisində böyük əmək sərf etmişdir. Maraqlıdır ki, həmişə saatlarla İbrahim Səfiyevin şəklinə baxır, onun tərcümeyi-halını dönə-dönə oxuyur. İsgəndər əmi deyir ki, bu tərcümeyi-hal İbrahim Səfiyevin həyatını tam əks etdirmir, çox kasaddır...

İbrahim Səfiyev necə rəssam olub?

İsgəndər kişi evində saxladığı qədim mücrünü açır, oradan bir qovluq çıxarır. Saralmış vərəqləri gözdən keçirir və aramla söhbətinə başlayır:
– Cəlil Məmmədquluzadənin şagirdi Tağı bəy Səfiyev mənim qayın­atamdır. Böyük yazıçı onların evində yaşamışdır. Tağı bəy İrəvan Müəllimlər Seminariyasını bitirmiş və ömrünün sonunadək kəndimizdə müəllimliklə məşğul olmuşdur. Səfiyevlər sülaləsində tanınmış, adlı-sanlı ziyalılar çoxdur. Ancaq mən İbrahim Səfiyev haqqında danışa bilərəm. İbrahim 3 yaşında olanda atası Əkbər bəy vəfat etmişdir. O, qohumlarının himayəsində böyümüşdür. İbtidai təhsilini kəndimizdə almışdır. Deyilənlərə görə, İbrahim kiçik yaşlarından rəsm çəkməyə həvəs göstərmişdir. Sonra o, İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. İbrahimin rəssamlıq qabiliyyəti seminariyanın rəsm müəllimi, rumıniyalı rəssam E.K.Koltsanın da nəzərindən qaçmamış və müəllimi onun bu sənətə həvəsini daha da artırmışdır. Bu həvəs onu Moskvadakı rəssamlıq universitetinə aparmışdır. İbrahim burada cəmi iki il təhsil almışdır. Rusiyanı bürüyən 1917-ci il inqilabı bir az da romantik xarakterləri olan İbrahimi çox təsirləndirmiş və universiteti yarımçıq buraxaraq Naxçıvana qayıtmışdır. Bir müddət rayonumuzda rəsm çəkməklə məşğul olan İbrahim 1918-ci ildə Türkiyəyə getmiş və ömrünün sonuna qədər orada yaşamışdır.
İstanbulda Gözəl Sənətlər Akademiyasına daxil olan İbrahim Səfiyev 1923-cü ildə buranı bitirmişdir. Türkiyənin məşhur rəssamı Namik İsmayılın emalatxanasında “müsafir tələbə” olaraq çalışmışdır. II Dünya müharibəsinin başlanması ilə hərbi xidmətə çağırılan İbrahim əsgərliyini İstanbulda tamamlayır və həmişəlik olaraq bu şəhərdə yaşayır, həyatını rəssamlığa bağlayır. 1924-cü ildən etibarən sərgilərdə iştirak etməyə başlayır. Türk rəsm sənəti tarixində özünəməxsus yaradıcılıq üslubu ilə seçilən rəssam iki il Münhendə olmaqla, 11 il Avropa ölkələrində yaşayır. Dövlət tərəfindən Roma və Vyanaya da göndərilən İ.Səfiyev bu ölkələrdə fərdi və ümumi sərgilərdə iştirak edir. Təkcə bir faktı deyim ki, 1967-ci ilə qədər onun Marsiliyada 8 fərdi sərgisi açılmışdır.
Rəssam əsərlərinin böyük bir hissəsinin mövzusunu təbiətdən almışdır. Yaradıcılığının ilk illərində tarixi mövzulara da müraciət edən İbrahim Səfiyev Atatürkün rənglərdən “boylanan” obrazını yaratmağa nail olmuşdur. Bu portretdə türk xalqının qəhrəmanlığını, şücaətini özündə hifz edən böyük şəxsiyyətin obrazı bədii kamilliyi, inandırıcı ifadəsi ilə diqqəti çəkir.
1975-1980-ci illərdə İbrahim Səfiyev get-gedə görmə qabiliyyətini itirir. 4 yanvar 1983-cü ildə 100-cü fərdi sərgisinin açılışı axşamı rəssam dünyasını dəyişir.
İsgəndər əmi söhbətinə ara verən kimi mən ondan daha bir məsələyə aydınlıq gətirməsini istəyirəm:
– Cəlil Məmmədquluzadənin Xatirə Muzeyində İbrahim Səfiyevin fotoşəkli və tərcümeyi-halı olsa da, rəsm əsərləri gözümə dəymədi.
İsgəndər əmi köksünü ötürür:
– Doğru deyirsiniz. Əslində, nəinki kəndimizdəki muzeydə, Azərbaycanda da bu rəssamın əsərləri yox dərəcəsindədir. Düzdür, arabir respublika mətbuatında İbrahim Səfiyev haqqında məqalələr dərc olunur. Ancaq onun həyat və yaradıcılığının hərtərəfli tədqiq olunmasına böyük ehtiyac var. Ümumiyyətlə, Azərbaycan rəssamının əsərlərinin öz xalqının malına çevrilməsi üçün onlar ölkəmizə gətirilməlidir.

Son söz yerinə

Kəndlə yaxından tanışlığın, muzey ziyarətinin, cəlilkəndlilərlə söhbətlərimin təsirindən, çətin ki, tezliklə qurtaram. Müasir yaşayış məntəqəsinə çevrilən, qısa bir zaman kəsiyində olsa da, burada yaşayaraq kənd adamlarına maarifçilik ideyaları təlqin edən böyük dramaturq və yazıçımız Cəlil Məmmədquluzadə şəxsiyyətinə və yaradıcılığına diqqət və ehtiram qəlbimi dağa döndərdi. Ancaq bu yurd yerinin yetirməsi olan İbrahim Səfiyevin zəngin yaradıcılığının itib-batması məni də kövrəltdi. İnanıram ki, sənətə, sənətkara böyük hörmət göstərən, İbrahim Səfiyevə məxsus olan rəsm əsərlərindən xəbəri olan insanlar bu qiymətli sərvətlərin üzə çıxarılmasında fəallıq göstərəcəklər...
Cəlilkənddən ayrılarkən isə adını unutduğum filosofun müdrik bir kəlamını xatırladım: “İnsanlar doğulduqları, yaşadıqları yurd yerinə bənzəyirlər”. Cəlilkənd bu qənaəti təsdiq edən yurd yerlərindən biridir.

 Cəfər ƏLİYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3033255
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
65
5369
10487
84586
3033255

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter