20 Noyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Uşaq dünyası! Görünüşdə sadə bir söz birləşməsidir. Məğzinə varanda isə hər kəs üçün dünyaya açılan qapının astanası, şəxsiyyət kimi formalaşdığımız, öz ideyalarımızı müəyyənləşdirdiyimiz zaman kəsiyi. Bu zaman kəsiyi elə bir çərçivə sistemində tarazlaşır ki, uşaq onu gözləyən həyata doğru addım-addım irəlilədikcə ağlına işıqsaçan düşüncələri onu zirvəyə – kamilliyə doğru aparır, müdrikliyə səsləyir. Ucaldığı müdrikliksə artıq insanın qocalığıdır. Filosoflardan biri yaşlıları “qocalmış uşaqlar” deyə xarakterizə edib. Bu müdrik qocalarsa dönüb geridə qoyduğu təcrübəsinə, əxlaqi-mənəvi dəyərləri özündə əks etdirən həyat yoluna baxanda “əsas olan bu qədər yaşamağım yox, sən demə, necə yaşamağım imiş”, – deyərək fərəh hissi keçiriblər. Bəli, bu cümləni biz həyatımız boyu əməllərimizin nəticəsi kimi qəbul edirik. Ya yaxşı, ya da pis. Məhz bu yaxşıya, yaxud da pisə doğru gedən yolun astanasıdır uşaq dünyası. 

Uşağa “istədiyin kimi yaşa, sən azad insansan” və yaxud “mən çox demokratik fikirli valideynəm, uşağımın sərbəstliyini əlindən almıram”, – deyərək onların tərbiyəsini başlı-başına buraxmaq uşağı mənəviyyatsızlıq bataqlığının çirkablarına atmaq kimidir. Burada isə tərbiyədən söhbət gedə bilməz. Valideyn insani münasibətlər təcrübəsini uşağa elə aşılamalıdır ki, uşaq cəmiyyətdəki yerini, həyatını dərk edərəkdən istəklərini təmin edə bilsin. Bu davranış qaydalarını aşılayan zaman valideyndə özünəinam hissinin olması vacib şərtdir. Əgər valideyn tərəddüd edib düşünürsə ki, “uşağın bu nöqsanını tərbiyə etmək çətindir, mən bunu bacara bilmərəm”, inanın, belə də olacaq, bacara bilməyəcək.

Ailə uşağın isti yuvasıdır. İlk ibtidai bilgiləri ailədə mənimsəyən uşaq burda müəyyən bacarıq və vərdişlərə yiyələnir. Bu vərdişləri ona mənimsədən valideyn uşaqla özü arasında olan münasibətlərin tarazlığını həmişə müəyyən çərçivə daxilində saxlamağa çalışır. Valideyn çalışır ki, etdiyi hərəkətlərin səbəbini uşağa izah etsin, onu məlumatlandırsın. Eyni zamanda uşağının onun hərəkətlərinə qarşı olan münasibətini və fikirlərini də qəbul edir. Bu, norma ilə tənzimlənən ailə qanunlarıdır. Ailə üzvlərinin hər biri, hətta valideynlər özləri belə, ailədə hökm sürən qayda-qanuna tabe olmalı, bu qanunlara hörmətlə yanaşmalıdırlar. 
Bir Çin məsəlində deyilir: “Uşaqlarla elə davranın ki, elə bil əlinizdə quş tutmusunuz. Onu əlinizlə bərk sıxmayın. Çünki quş ölə bilər. Amma çox boş da tutmayın, çünki uça bilər”. Əslində, hər bir ailədə uşağa münasibət müxtəlif meyarlara əsaslanır. Əgər uşağa hər hansı bir şeyi zorla qəbul etdirmək üçün səsimizi ucaldaraq acıqlanmağımız, qışqırmağımız, yaxud da əksinə, istənilən bir şeyi ona qəbul etdirmək üçün az qala yalvarırmış kimi arxasınca gəzib onu dilə tutmağımız istəyi qətiyyən düzgün deyil. Hər iki halda uşaq bu qaydalara əməl etməyəcək.
İnsan yaranan bir gündən yaxşı ilə pisi ayırd etməyə çalışıb: əlbəttə ki, hər kəs öz düşüncəsi tərzində. Bəzi ailələr hər vəchlə uşağının elmli, savadlı, dünyagörüşlü olması üçün onu oxutmağa çalışdığı halda, başqa bir ailə uşağının bu qayğıları haqqında düşünmür, övladının var-dövlətinin gücü ilə həyatda yer tutmasına çalışır. Birinci ailəyə məxsus olan uşaq böyüyəndə onu gələcəkdə gözləyən əngəllərdən, çətinliklərdən qorxmayacaq. Bu maneələrə qarşı mübarizəyə həmişə hazır olacaq. İkinci tip ailənin uşağı isə qayğı və çətinliklə qarşılaşanda çaşıb qalacaq, bu qayğıların daşıyıcısına çevrilə bilməyəcək. Belə uşaqlar heç nəyi dərk etmədən hər şeyi elə olduğu və gördüyü kimi sadəlövhcəsinə qəbul edərək “xam məhsula” çevrilirlər. Onlar üçün həyatın faciəsi bəlli deyil. Və ona elə gəlir ki, onun imkanlı atası hər şeyə qadirdir. Həmişə belə olacağına əmin olan uşaq heç bir qənaətbəxş hərəkət etmədən ömrü boyu həyatının yüksək səviyyədə təmin olunacağına ümid edir. Zamanın gedişindən doğan təsadüf nəticəsində valideyn kasıblayarsa, onda onlar bir anın içində uşağın gözündən düşəcək, kiçiləcəklər. Bu “yox”luq nə qədər ki aradan qalxmayıb, belə ərköyün uşaqlar çətinlik qarşısında çabalayacaqlar. Çünki güvəndiyi var-dövləti ona ağıl qazandırmamışdı. İrəlidə heç nəyi görə bilmədiyindən arxaya – keçmişə baxmaqla təsəlli tapacaq: “əli yaxşı gətirən atası” onu “yağ-bal” içində böyüdürdü. Atasının “sel kimi gələn qazancını” bitib-tükənməyən arzularının müqabilində su kimi səpirdi. Qaydaları pozur, özünü hamıdan üstün bilirdi. Bütün bunlar bir ailənin zahirən görünən sosial-iqtisadi tənəzzülü – faciəsidir. Artıq belə ailədə ailədaxili mənəvi böhran başlayıb. Belə olan təqdirdə nə etmək lazımdır? İlk növbədə, buraxılan səhvlərdən başlamaq lazımdır. O səhvlərdən ki, maddi durumumuzun imkanlı, imkansız vaxtlarında həmişə ailədaxili maddi problemlərimiz barədə uşaqlarımızın yanında danışmalı, onlara düşdüyümüz vəziyyət haqqında məlumat verməliydik. Bunlarsa uşaqların pulun həqiqi dəyərini dərk etməsinə səbəb olardı. Nəticədə isə “ailənin maddi səviyyəsi” kimi anlayışlar onun uşaq şüurunda formalaşardı.
Ailənin əmin-amanlığı onun iqtisadi həyatından bilavasitə asılıdır. Əgər maddi vəsait çatışmırsa, ailənin gəliri ilə çıxarı düzgün hesablanmırsa, onda ailədə söz-söhbət, münaqişə baş alıb gedəcək, psixoloji durum istər-istəməz pozulacaqdır. Uşaqların doğulması ilə artan məişət qayğıları isə ataya, anaya ailə büdcəsindən qənaətlə və məqsədli istifadə etmək məsuliyyəti aşılayır. Çünki valideyn üçün uşaqların ehtiyacı həmişə ön planda olur. Bu baxımdan ailənin ümumi xərcləri barədə uşağını məlumatlandıran valideyn onun yersiz istəklərinin də qarşısını sadə şəkildə almış olur. Bu zaman ailə büdcəsinin formalaşmasında iştirak edən uşaq, beləcə, bu büdcənin xərclənməsinə də qayğı ilə yanaşır. Valideyn uşaqdan heç vaxt ailədaxili maliyyə planını gizlətməməlidir. Belə olan halda uşaq daha vacib olan xərcləri, onun dəyərini qiymətləndirərək heç nədən narazı qalmayacaq. Hətta özünəməxsus bəzi ehtiyacları ixtisar etmək iradəsinə də malik olacaq. Uşaq olmağına baxmayaraq, qənaətin var toplamağa bərabər olduğunu da anlayacaq. Qazanmağa nə var ki, şərt onu xərcləməkdir. Bu ağıllı düşüncələrsə onu “ümumi ailə ehtiyacı”nın təmin olunması kimi bir vəzifənin iştirakçısına çevirəcək.
“Uşaq ailə büdcəsi haqqında məlumatlanmalıdır” deyəndə qətiyyən o başa düşülməməlidir ki, valideyn ailə büdcəsini minbir əzabla, çətinliklə ödəyir və yaxud ödəmək iqtidarında deyilsə, bütün günü ah-vay edib uşaqların da psixologiyasına mənfi təsir etməlidir. Əlbəttə, yox! Bu zaman mətin iradə ilə çətinliklərin aradan qaldırılmasına çalışılmalıdır. Bu, uşaqlara da sirayət edəcək, onlar bizi mənən başa düşərək böyüyəcəklər.
Bəzən elə vaxt olur ki, valideyn yaşının az olmasına baxmayaraq, uşağı bazar-dükan qayğıları ilə yükləyir. Bu zaman problemlər o qədər çox olur ki, qayğı aşıb-daşaraq əzab səciyyəsi daşıyır, uşaq özünəməxsus olan heç bir işi tam görə bilmir. Belə “iş rejimi” isə onda maddi və mənəvi yorğunluğa səbəb olur. Demək, uşağın ailə büdcəsində iştirakının dərəcəsi onun yaşı nəzərə alınmaqla formalaşmalıdır. Uşağın ailə büdcəsində iştirakı əxlaqi-mənəvi dəyərlər çərçivəsində tənzimlənərsə, bu zaman uşaq pulun qədrini biləcək, özünü ailənin ayrılmaz bir tərkib hissəsi kimi hiss edəcəkdir. Ümumiyyətlə, ailədə bunu təşkil etmək, saxlamaq çətindir. Onu inkişaf etdirmək ondan da çətindir. Burda yalnız o valideynlər qalib hesab olunurlar ki, onlar həyatdan aldığı dərsləri övladlarının tərbiyəsinə lazımi şəkildə tətbiq etməyi bacarırlar.
Valideyn unutmamalıdır ki, bu gün övladının əxlaqi dəyərlərinin saflaşmasında çəkdiyi zəhmət sabahkı gününün xoş istirahətidirsə, bu gün övladının tərbiyəsində buraxdığı boşluq sabahkı gününün ağır nəticələridir.
Uşaqda anaya, ataya olan sevgi ailəyə bağlılıq hissinin pöhrəsidir. Onun qol-budaq atması, gözəl, sağlam bir ağac olması üçün bu pöhrəni bəsləmək, böyütmək lazımdır.

Zəhra SEYİDOVA
Babək rayonu, Qoşadizə kənd tam orta məktəbinin müəllimi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3295216
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3329
3655
6984
79862
3295216

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter