23 Sentyabr 2019, Bazar ertəsi

Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin kollektivi ilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşlarının görüşü keçirilib. Tədbirin keçirilməsində məqsəd nağdsız ödənişlərin üstünlükləri haqda pedaqoji kollektivin maarifləndirilməsi olub.
Tədbirdə muxtar respublika Vergilər Nazirliyinin əməkdaşlarından Mirhüseyn Seyidovun, Mübariz Əhmədovun, Rəşad Əli­yevin, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Elçin Əli­yevin çıxışları olub. Çıxışlarda qeyd edilib ki, nağdsız ödənişlərin bir çox üstünlükləri var. Əvvəla, kart vasitəsilə edilən bütün əməliyyatların dəqiq uçotu aparılır. Yəni kart sahibi ondan istifadəyə dair məlumatları istənilən anda əldə edə bilər. Təcrübə göstərir ki, nağd alış-verişlə müqayisədə kartla alınan malları geri qaytarmaq daha asandır. Bundan başqa, plastik kartlardan istifadə təhlükəsizdir. Son illər muxtar respublikada POS-terminal şəbəkəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə və kart sahiblərinin sayının bir neçə dəfə artmasına baxmayaraq, kartların mövcud infrastrukturunun imkanlarından lazımi səviyyədə istifadə olunmur. Bununla belə, əminliklə demək olar ki, yaxın gələcəkdə muxtar respublikada da plastik kartlardan istifadəyə münasibət dəyişəcək və nağdsız ödənişlərin sayı ildən-ilə artacaqdır.

Pedaqoji kollektivin diqqətinə çatdırılıb ki, plastik kartlardan istifadə hal-hazırda  bir çox ölkələrdə geniş yayılıb. Bu proses Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında da artan templə davam etməkdədir. Muxtar respublikamızda 183 minə yaxın ödəniş kartı vardır.  Ancaq müşahidələr əsasında demək olar ki, bu kartlardan, sadəcə, bir əməliyyat – nağd pulun bankomatdan çıxarılması üçün istifadə edilir.
Plastik kartlardan istifadənin üstünlüklərindən söhbət açıldığı tədbirdə qeyd edilib ki, plastik kartlar itirildiyi zaman onu yeniləmək mümkündür. Təbii ki, bu halda balansdakı pullar da toxunulmaz qalır. Kartı itirən kimi dərhal banka müraciət etdikdə kart bloklanır və kartı tapan şəxs onun PİN-kodunu bilsə belə, balansdakı puldan istifadə edə bilmir. Bundan başqa, bu kartlardan istifadə büdcəyə nəzarət imkanı verir. Etiraf etmək lazımdır ki, çoxumuz marketlərdə alış-veriş edəndə bizə qalıq olaraq qaytarılan xırda nominallı qəpiklərdən narazı qalırıq. Bəzi hallarda isə bu qəpiklərlə ehtiyac olmayan nəsə alırıq. Kartdan istifadə etdikdə bu problem tamamilə aradan qalxır. Artıq qalmış qəpiklər balansda qalır, lazım olduqda istifadə olunur. Sözügedən kartlardan istifadə gigiyenik cəhətdən də üstündür. Təbii ki, kağız pul və ya qəpiklərin gigiyenik təmizliyindən danışmaq mümkünsüzdür. Bu kartlar vasitəsilə evdə kompüterin qarşısında əyləşib kommunal xidmət haqlarını da ödəmək mümkündür. Plastik kartların üstünlüklərindən biri də budur ki, dünyanın istənilən nöqtəsində ondan istifadə etmək olar. İstifadəçilər ölkəmizdə fəaliyyət göstərən hər hansı bir bankdan aldıqları kartla dünyanın istənilən ölkəsində və istənilən valyutasında nağd pul çıxarmaq və alış-veriş etmək imkanına sahib olurlar. Ən böyük üstünlüklərdən biri də budur ki, hesabınızda olan pullara, sadəcə, kart sahibi nəzarət edir. Xarici ölkələrə səfər edənlərə yaxşı məlumdur ki, istənilən ölkənin sərhədlərindən keçəndə həmin ölkənin müəyyən etdiyi limitdən artıq vəsaiti nağd şəkildə üzərində aparmaq olmaz. Amma kartdakı istənilən məbləğlə xarici ölkələrə səfər etmək mümkündür.
Sonra məktəbin pedaqoji kollektivini maraqlandıran suallar cavablandırılıb, nağdsız ödənişlərin üstünlükləri ilə bağlı reklam çarxları nümayiş etdirilib.
Məlumat üçün bildirək ki, bundan öncə analoji tədbir Naxçıvan şəhərindəki 7, 1 və 4 nömrəli tam orta məktəblərdə də keçirilib.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR