23 Sentyabr 2019, Bazar ertəsi

Oxucu ilə görüşmək, üzbəsurət olmaq, ürəyimdə tutduqlarımı ona çatdırmaq böyük məsuliyyət tələb edir, nədən ki, qəzetimizin səhifələrini açıb yazıların başlıqlarına və bir də sondakı imzaya nəzər yetirənlər üçün hər şey aydın olur. O şərtlə ki, qəzetin daimi oxucusudur, hər bir nömrəni günbəgün izləyir. Və mən də növbəti kəndimiz barədəki gördüklərimi, eşitdiklərimi bu vərəqlərə köçürərkən ilk cümləni dönə-dönə yazıb-qaraladım və nəhayət, belə qərara gəldim ki, bu yazımı ötən yazımın son cümləsindən başlayım. Həmin cümlə Şahbuz rayonunun ucqar dağ kəndi olan Keçili haqqında idi. Cümlədə deyilirdi: “Dünənimizdən bu günümüzə, bu günümüzdən sabahımıza və neçə-neçə sabahlara aparan yolum hələ qarşıdadır. Oxucuya tanıtdırıb çatdıracağım hələ nə qədər kəndlərimiz var”.

Beləliklə, budəfəki yazımın ünvanı Sədərək rayonudur. Bir qədər də dəqiq desəm, rayonun Qaraağac kəndidir.
Sədərək rayonuna gələsən, Heydərabad qəsəbəsinə baş çəkməyəsən, qeyri-mümkündür. Nədən ki, rayonun idarə və təşkilatlarının, demək olar ki, əksəriyyəti burada qərar tutub. Qəsəbə özgə bir aləmdir – sözün əsl mənasında, ulu öndərin adına layiq bir yaşayış məskəni – abad, hər tərəfi gözəllikdən, səliqə-sahmandan xəbər verən bir qəsəbədir. Payızın son günləri olmasına baxmayaraq, Heydərabad sanki yaz libasına bürünüb – gülzarlıqlar, gül-çiçək dənizi, yaraşıqlı binalar. Payız gözəlliyinə bürünmüş həyətlər, sakinlərinə müftə-müsəlləm verilmiş avropasayağı yaşayış binaları, parıldayan asfalt küçələr, rəngli kərpiclər döşənmiş səkilər –  xülasə Heydər­abad mənfur ermənilərin gözü qarşısında onlara əsl gözdağıdır.
1990-cı ilin o şaxtalı yanvar günlərində insanların təzə-təzə məskunlaşdığı qəsəbəyə mənfur qonşumuz ermənilər tərəfindən raket, mərmi yağırdı. “Böyük qardaşımız”ın əsgərləri isə bu nankorluğu təbəssümlə qarşılayırdılar. Düşmənin topu, tankı olsa da, bizimkilərin də bükülməyən qolu, dönməz iradəsi, Vətən sevgisi var idi. Sədərəyi təkcə sədərəklilər qorumurdular, bütün Naxçıvan qoruyurdu. Təsadüfi deyildi ki, ümummilli liderimiz Heydər Əliyev Sədərəyi Naxçıvanın “qeyrət qalası” adlandırmışdı.
Qayıdaq bu günümüzə. Yox, hələ qayıtmayaq. Bir neçə il əvvəl mərkəzi qəzetlərdən birində jurnalist ləyaqətinə sığmayan, bəlkə də, kiminsə təhriki ilə yazılan bir məqalə oxudum.  Başlıq da belə idi: “Sədərək yanır: susuzluqdan”. Sədərəyi tanımayan, görməyən, buradakı insanlarla bağrı-badaş olmayan kimsə necə bilər Sədərəyin su dərdini? Məgər bu gün dünya suya sirab olub? Elə ölkələr var ki, leysan yağışları düz-dünyanı ağzına alıb, eləsi də var ki, aylarla göydən yerə bir damla yağış düşmür. Bu da tale qismətidir. Bəs Sədərəyin payına nə düşüb? Düşmənlə üz-üzə durmaq, eyni zamanda arxasında bütöv bir el-obaya kürəyini söykəmək, daha bir qüdrətli əl isə dövlət əli. Bəs bu dövlət əli Sədərəyin su təminatına nə kimi köməklik göstərib? Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən aldığım bəzi məlumatları oxuculara da çatdırmaq istəyirəm: Sədərək rayonu yerləşdiyi mövqeyə görə təbii su ehtiyatları baxımından zəif bölgədir. Lakin rayonun su təminatı digər mənbələr hesabına ödənilməkdədir. Belə ki, Sədərəyə Arpaçay Su Anbarından uzunluğu 22 kilometr olan və sağ sahil kanalı adlandırılan kanal vasitəsilə suvarma suyu verilir. Araz çayı üzərində qurulmuş dördpilləli nasos stansiyaları rayonun 3250 hektar sahəsini suvarma suyu ilə geninə-boluna təmin etməkdədir və bu stansiyaların sayı 5 ədəddir. Suvarma suyuna olan təminatı daha dolğun ödəmək üçün Arazın yaxınlığındakı “Şir arxı” deyilən su mənbəsində daha  bir nasos stansiyası tikilib ki, bu, rayonun əlavə min hektar torpağını suvarma suyu ilə təmin edəcəkdir. Hələ bunlar harasıdır?  Rayon ərazisində 115 ədəd subartezian quyusu fəaliyyət göstərir ki, bu da əhalinin həm içməli, həm də suvarma suyuna olan tələbatının ödənilməsinə kömək edir. Yenə bunlar hələ harasıdır? Qaraağac kəndinin aşağısında nəhəng bir obyekt inşa olunmaqdadır və tezliklə buradan Sədərək rayonunun  Qaraağac kəndinə içməli su nəql olunacaqdır. Bəs Qaraağacda bu məqsədlə hansı işlər görülür? Bu barədə bir qədər sonra.
Yazdıqlarımın məğzi-məqsədi ondan ötrü idi ki, oxucu Qaraağac kəndinin hansı məkanda yerləşməsi barədə az-çox məlumat əldə edə bilsin. Qaraağac muxtar respublikanın ən yeni kəndidir və vur-tut 15-16 yaşı var. Qaraağacın yaşı, bəlkə də, min illərdən o yanadır, sadəcə olaraq, dövlət səviyyəsində bura 1997-ci ildə kənd statusu verilib. Bəlkə də, kimsə təəccüblənə bilər, kənd min illərdir ki, yer üzərində qərar tutub, amma 15-16 il irəli öz adını alıb. Məsələ ondadır ki, Qaraağac Sədərək kəndinin bir səmti idi, əsrlər boyu da Sədərəyin tərkibi kimi yaşayırdı. Əzəmətli Əjdəkan dağının qənşərində yerləşən Qaraağac əsrlərin yadigarı kimi yenə də yaşayır, böyüyür, inkişaf edir. Söhbətimizə su barədəki məlumatlarla qüvvət verdim və bu, təsadüfi deyildi. Burada nağıllayırlar ki, həmin Əjdəkan dağının döşündən şipşirin suyu olan bir bulaq çağlayarmış  və günlərin birində bu bulağın gözündə bir əjdaha peyda olub suyun qabağını kəsir. Demirəm ki, bu, həqiqətdir, ya rəvayətdir, əfsanədir, uydurmadır. Deyirlər ki, əjdaha hər gün bir qurban istəyirmiş. O var ki, qaraağaclılar zülmə, əsarətə dözən insanlar olmayıblar və elliklə yığışıb bu çağırılmamış qonağı doğma torpaqlarından qovublar. Ata-babalarından miras qalan torpaq qeyrəti, torpaq sevgisi, torpaq təəssübü bu gün də qaraağaclılarla yaşamaqdadır. 1990-cı ilin ermənilərlə savaşında Qaraağac 14 şəhid verib və bu gün kənddə 14 şəhid ailəsi yaşayır. Kimisi ailə başçısını itirib, kimisi oğlunu, kimisi qardaşını, kimisi atasını. Şəhid ailələri üçün dövlət nə lazımdırsa edir, amma neçə illərdir ki, hər evdə bir nisgil yaşayır. Və bu nisgil zaman keçdikcə bir qürura, bir fəxarətə dönür. Şəhid adları isə ildən ilə, qərinədən qərinəyə, əsrdən əsrə keçir, ən nəhayətdə, ölümsüzlük qazanır.
Qaraağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Şərafəddin Şükürov özünün qeyd dəftərçəsini açır, mən də icra nümayəndəsinin dediklərini olduğu kimi oxuculara çatdırmaq üçün qələm-kağızımı qarşıma qoyuram. Rəqəmlərdən görürəm ki, Qaraağac mənim düşündüyüm kimi o qədər də balaca kənd deyil. Məsələn, 420 evdən ibarətdir, amma təsərrüfatlarını sayıb-sadalayanda çox uzağa gedib çıxır; olur 1320 təsərrüfat. Soruşuram ki, nə əcəb, maşallah olsun, bir belə artım var? İcra nümayəndəsinin cavabı belə olur: “Kim bu qədər torpağı, bu yaşayışı, ən başlıcası isə ata-baba yurdunu qoyub  başqa yerə gedər? 1997-ci ildə Qaraağacda torpaq islahatı başa çatdı. Adambaşına 2100 kvadratmetr torpaq sahəsi düşdü. Kəndin əhalisi də az deyil, qısa müddətdə 4572 nəfəri ötüb. Başqa cür necə ola bilər? Bir kimsə yer-yurdundan qırağa çıxmır, doğulanlar burada boya-başa çatırlar, ailə qururlar, ev-eşik salırlar, oğul-uşaq sahibi olurlar, göz dəyməsin, həndəsi silsilə ilə artırlar”.
Qaraağacda hər addımda tikinti gedir – bir tərəfdə dövlət camaat üçün nəsə yaradır, bir tərəfdə də qaraağaclılar özləri üçün təsərrüfat qururlar. Kimi evinin özülünü qoyur, kimisi hasar çəkir, kimi gələn yazda ilk tumurcuğunu, çiçəyini açacaq ting­ləri torpağa basdırır, xülasə Qaraağacda həyat qaynayır. Burda işin-gücün başlıca istiqaməti elə bütün aran kəndlərimizdə olduğu kimidir. O mənada ki, Qaraağacın geniş torpaqları var. 1320 təsərrüfatın 1974 hektar torpağı var – əkənə, becərənə minnət. Əgər gücün çatırsa, imkanın varsa, bələdiyyədən də torpaq götür. Təkcə bələdiyyədənmi? Ondan əvvəl dövlət var, bu dövlətin də öz insanlarına qayğısı, köməyi var. İstənilən vətəndaşına əl tutmağa hazırdır: işləyənə kredit də verir, o şərtlə ki, gərək həmin vəsaiti ünvanına yönəldəsən. Yoxsa ki, dövlətdən pul aldım ki, torpaq əkəcəyəm, yaxud maldarlıq təsərrüfatı yaradacağam, sonra da həmin pulu özümə istədiyim kimi xərclədim; xeyr, bu keçməz. Bu nə pul alana, nə də pul verənə xeyir gətirər. Bu sətirləri ona görə yazdım ki, yazımı oxuyan bəzi kredit götürənlər qaraağaclı Tural Əliyevdən, Səməd Şahverdiyevdən nümunə götürsünlər. Məsələn, bu yolla Tural qoyun-quzusunun  sayını, göz dəyməsin, 250 başa çatdırıb. Kiçik rəqəm deyil, əgər, sağlıq olsun, inkişaf belə davam edərsə, say 2-3 ilə elə iki-üç dəfə də artacaqdır. Səməd dediyim qaraağaclı isə əkinçilik yolunu tutub, on hektardan çox ərazidə bostan-tərəvəz məhsulları əkib. Ev adamının dükan-bazara qətiyyən ehtiyacı yoxdur; on hektarlıq bostan-tərəvəz nəinki bir ailənin, vallah, onlarla ailənin ehtiyacını ödəyər.
Qaraağaclı Şəfi İbrahimovla söhbətimiz məktəbdən daha çox təsərrüfatın üstünə gəlir. Şəfi İbrahimov peşəsinə görə ibtidai sinif müəllimidir. Məgər müəllim təsərrüfatla məşğul ola bilməz? Dərsdən sonra Şəfi müəllimin vaxtı çox olur. İndi daha o vaxtlar deyil ki, boş vədələrini çayxanada keçirəsən – qeybət, şeş-beş, nələr, nələr... – torpaq da sahibini gözləsin. Çox şükür ki, belə insanlarımız çoxdan həyatın yeni yol-yolağasına düşüblər – necə deyərlər, çörək qazanmaq, ailə dolandırmaq yol-yolağasına.
– Bilirsinizmi, müxbir qardaş, bir söz var, deyirlər, hər kəs yüz il yaşamasa, taxsır onun özündədir. Mən yaşamağı demirəm, yaşamaq Tanrının əlindədir. Amma necə yaşamaq hər kəsin öz əlindədir. İndiki zamanda kim ki dolanışığından giley eləyir, nə dövlətdən incisin, nə hökumətdən küssün. Bu vaxtacan belə azadlıq, belə sərbəstlik, belə qayğımı görmüşdük?
Kəndin dünyagörmüşləri ilə söhbətləşdikcə Qaraağac camaatının dünəni də, bu günü də göz önündə canlanır. Sovetlər dönəmində bu yurdun sakinləri üzümçülük təsərrüfatında çalışırdılar, üzümçülük isə bu tərəflərdə ən zəhmətli, çətin sahədir. Nəinki Qaraağacda, bütövlükdə Naxçıvanda tənəyi payızda basdırmadınsa, gələsi il ondan bar-bəhrə gözləmə: şaxta elə vuracaq ki, torpaq altındakı bir parça kötüyündən savayı, heç nə qalmayacaq. Ona görə də sovxozun bağlarındakı tənəkləri bir-bir basdırırdı qaraağaclılar. Məhsul da pis olmurdu, hökumət üzümün kilosunu qaraağaclıya 1 qəpiyə yığdırırdı. İndi gəl görək, nə qədər üzüm yığıb dövlətə verəsən ki, o boyda əzab-əziyyətinin qarşılığında gündəlik 5-10 manat qazana biləsən. Amma bu gün Naxçıvan bazarlarında Qaraağacın ağ, qırmızı üzümü əl-əl axtarılır, gəliri də  kəndlinin özünündür, çıxarı da.
Kənd inzibati ərazi dairəsi üzrə  nümayəndəlikdə bir-birindən xoş xəbərlər eşidirəm, amma onların ən önəmlisi Qaraağaca daha müasir qaydalarla daha keyfiyyətli içməli suyun çəkilişidir. Tezliklə hər həyətdə, hər mənzildə bolhaboluna su olacaq. Oxucu elə düşünməsin ki, qaraağaclı içməli sudan korluq çəkir, xeyr, dövlət istəyir ki, bu təminat daha keyfiyyətli, yüksək səviyyədə olsun, lap elə şəhərdəki kimi. Qaraağaclılar özləri özlərini  bütün ərzaq məhsulları ilə geninə-boluna təmin edirlər – çörəyindən tutmuş hər cür ağartısına, meyvə-tərəvəzinə qədər. Yazının bir yerində dedik ki, 420 evin 1974 hektar torpağı var. Bunun üstünə gələndə 450 baş qaramalı, 2300 baş qoyun-quzunu, 8500 baş quşu, deməli, kənd adamının ruzisi başının altındadır. Hələ yaz-yay vaxtı Vəlidağın ətəyindən başlanan gülzarlıqlar burada arıçılığın da təşəkkülünə qol-qanad verir. Bir sözlə, Qaraağac yaşamalı, ömür sürməli kənddir. Ona görə də kənddən bir ailə belə olsun, addımını kənara qoymayıb. Bir məsələni də yaddan çıxarmayaq ki, Sədərək rayonunun sosial-iqtisadi inkişafi barədə xüsusi sərəncam imzalanıb, bu rayonda aparılan quruculuq işlərindən Qaraağac kəndinə də xeyli pay düşür.
Qaraağac kəndində dəftərçəmə qeyd elədiyim bu söz-söhbəti ötəri də olsa, oxucuya çatdırarkən ümummilli liderimiz Heydər Əliyevin bir mübarək kəlamı yadıma düşdü: “Muxtar respublikanın sərhəd kənd­ləri dəfələrlə silahlı təcavüzə məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq həmişə Sədərəyin üzərinə düşmüşdür.
Sədərək kəndində vəziyyət tamam başqadır. Burada əsl müharibə gedib, atışmalar olub. Tək sədərəklilər deyil, naxçıvanlılar da burada şəhid olublar. Biz şəhidlərin xatirəsini əbədiləşdirməli, onların ailəsinə xüsusi qayğı göstərməliyik. Bu qayğı həm hökumət tərəfindən, həm ictimai təşkilatlar tərəfindən, həm də ayrı-ayrı şəxslər tərəfindən olmalıdır”.

Ulu öndər bu fikirləri təxminən 20 il bundan irəli bəyan edib. Onda Azərbaycanın iqtisadi, sosial vəziyyəti necə idi? Ölkənin dağıdılmış, talan edilmiş təsərrüfatından savayı nəyi vardı? Təbii ki, belə bir vəziyyətdə şəhid ailələrinə əl tutmaq hər bir imkanlı şəxsin də boynuna düşürdü. Amma bu gün vəziyyət tamam başqadır: Azərbaycan qüdrətli, varlı-karlı dövlətə çevrilib və bu var-kardan nəinki hər bir şəhid ailəsinə, həm də hər bir Azərbaycan vətəndaşına pay düşür. O cümlədən hər bir Qaraağac sakininə də.

Nurəddin BABAYEV
Azərbaycan Respublikasının əməkdar jurnalisti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR