23 Oktyabr 2014, Cümə axşamı

ARXİV

Oktyabr 2014
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

LİNKLƏR

 

 

Muxtar respublikada bu kateqoriyadan olan insanlara hərtərəfli qayğı göstərilir

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1992-ci il 14 oktyabr tarixli qərarı ilə hər il dekabrın 3-ü dünyada “Beynəlxalq Əlillər Günü” kimi qeyd olunur.
Dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindən biri məhdud fiziki imkanlı şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin təmin olunmasından ibarətdir. Ölkəmizdə bu kateqoriyadan olan şəxslərə göstərilən xidmətləri tənzimləyən, onlara sosial, iqtisadi və hüquqi təminatlar verən bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir. Belə ki, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün ölkəmizdə məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsini gücləndirmək, onlara dövlət qayğısını artırmaq məqsədilə təqaüd və müavinətlər təsis edilir, pensiyaların, təqaüdlərin və sosial müavinətlərin məbləği mütəmadi olaraq artırılır. Muxtar respublikamızın da davamlı sosial-iqtisadi inkişafı məhdud fiziki imkanlı şəxslərin, həmçinin sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Müvafiq kateqoriyadan olan şəxslər üçün fərdi evlərin və ümumi yaşayış binalarının tikilib istifadəyə verilməsi, onların minik avtomobilləri və müxtəlif texniki-bərpa vasitələri, protez-ortopediya məmulatları ilə təmin edilməsi, tənha yaşayan, köməyə ehtiyacı olan şəxslərə evdə sosial-məişət xidmətinin göstərilməsi daim diqqət mərkəzində saxlanılır. Həmçinin bu kateqoriyadan olan şəxslərin ictimai həyatın bütün sahələrində iştirakının təmin olunması, onların fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq fəaliyyət göstərmələri üçün zəruri şəraitin yaradılması, sağlam həyat tərzində yaşamaları, maddi və mənəvi tələbatlarının ödənilməsi və rifahlarının yüksəldilməsi sahəsində ardıcıl tədbirlər görülür.
Əlillərə göstərilən sosial xidmətin əsas istiqamətlərindən biri onların tibbi reabilitasiyalarının təşkilidir. Bu ilin ötən dövründə Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 198 şəxsin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 205 uşağın, onurğa xəstəliyi ilə əlaqədar 9 məhdud fiziki imkanlı şəxsin Ukrayna Respublikasının Saki şəhərində, sağlamlıq imkanları məhdud 16 uşağın isə Evpatoriya şəhərindəki reabilitasiya müəssisəsində müalicələri təşkil edilmiş, 85 nəfərə isə respublikamızın sanatoriyalarında müalicə üçün göndərişlər verilmişdir. Həmçinin məhdud fiziki imkanlı 45 şəxsin, o cümlədən sağlamlıq imkanları məhdud 35 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunmuşdur. Sağlamlıq imkanları məhdud şəxslərin həyat fəaliyyətini yaxşılaşdırmaq da diqqət mərkəzində saxlanılmış, 338 nəfərə müxtəlif texniki reabilitasiya vasitələri, o cümlədən 76 nəfərə əlil arabası, 72 nəfərə eşitmə aparatı verilmiş, 210 nəfərə protez-ortopedik, o cümlədən 140 nəfərə səyyar protez-ortopedik xidməti göstərilmiş, 44 nəfərin sosial məişət şəraiti yaxşılaşdırılmışdır.
Son illər muxtar respublikada Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olmuş şəxslərə və 1941-1945-ci illər müharibəsi əlillərinə, Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın ləğvində iştirak edərək sağlamlığını itirən şəxslərə dövlət hesabına minik avtomobilləri verilir.
Əlbəttə, rahat mənzildə yaşamaq hər bir ailənin sevinc mənbəyidir. Muxtar respublikada müharibə əlilləri və şəhid ailələri hər cür kommunal şəraitə malik mənzil və fərdi yaşayış evləri ilə təmin olunmuşdur. Bu ilin may ayında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə və 1941-1945-ci illər müharibəsində əlil olmuş, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın ləğvində iştirak edən şəxslərə 30 ədəd minik avtomobili verilmişdir.
Məhdud fiziki imkanlılara göstərilən sosial xidmətlər günbəgün təkmilləşir, onların müasir informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən bəhrələnmək imkanları genişləndirilir. Bu mənada Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə və danışma məhdudiyyəti olanlar üçün daktilo əlifbası (əl əlifbası) üzrə dərslərin keçilməsi təşkil olunmuş, görmə və eşitmə qabiliyyəti məhdud şəxslər üçün audio və elektron kitabxana xidməti istifadəyə verilmişdir. Həmçinin zehni inkişafında və nitqində qüsurlar olan uşaqların sosial reabilitasiyası məqsədilə kinekt oyunları otağı və defektoloji bölmə yaradılmışdır.
Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin istedadlarının üzə çıxarılması, intellektual səviyyələrinin inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli keçirmələri istiqamətində ardıcıl tədbirlər görülür. Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların iştirakı ilə “Naxçıvan tarixi abidələr diyarıdır” rəsm müsabiqəsinin, “Yurdumuzu tanıyırıq” bilik yarışının keçirilməsi, məhdud fiziki imkanlı rəssamların muxtar respublikamızın təbiətini tərənnüm edən rəsmlərinin Naxçıvan şəhərində keçirilən “Yay etüdləri” sərgisində nümayiş etdirilməsi bu qəbildən olan tədbirlərdəndir. Məhdud fiziki imkanlı şəxslərin bədən tərbiyəsi və idmanla məşğul olmaları üçün zəruri şəraitin yaradılması muxtar respublikada par­alimpiya hərəkatının daha da geniş vüsət almasına təkan vermişdir. Bu il ölkəmizdə ilk dəfə olaraq Şərur Olimpiya-İdman Kompleksində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı keçirilmişdir.
Əlamətdar günlərdə də məhdud fiziki imkanlı şəxslər diqqətdən kənarda qalmır. 2013-cü ildə bu münasibətlə keçirilən görüşlərdə 2617 sağlamlıq imkanları məhdud şəxsə bayram sovqatı və hədiyyələr təqdim edilmiş, “Bilik Günü” münasibətilə sağlamlıq imkanları məhdud 220 şagirdə məktəbli geyimi və ləvazimatları verilmişdir. Bununla yanaşı, keçirilən bayram tədbirlərində və əsgərlər qarşısında sağlamlıq imkanları məhdud ifaçıların konsert proqramları təşkil edilmişdir.

Muxtar respublikamızın dinamik inkişafı, məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin intensiv xarakter alması, nəticədə, bu kateqoriyadan olan şəxslərin həyat səviyyəsinin daha da yüksəldilməsinə səbəb olmuşdur.

“Şərq qapısı”