03 Mart 2021, Çərşənbə

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun gənc əməkdaşı ornitoloq Hüseyn Rəsulzadənin əmək fəaliyyətinə başladığı ilk günlərdən apardığı tədqiqat işlərinin uğurlu nəticələri institut rəhbərliyinin və həmkarlarının diqqətini cəlb etmişdir. Onun əldə etdiyi daha bir yeni uğur təkcə Azərbaycanda fəaliyyət göstərən ornitologiya üzrə mütəxəssislərin deyil, həmçinin Hüseynlə fəal əməkdaşlıq edən yaxın-uzaq xarici ölkə alimlərinin də xüsusi marağına səbəb olmuşdur.

Bildiyimiz kimi, köçəri quşların Avrasiya-Afrika köç yolu üzərində yerləşməsi, əlverişli təbii-coğrafi şəraiti, yaşam mühitinin müxtəlifliyi muxtar respublika ərazisində zəngin növ müxtəlifliyinə malik quşlar faunasının formalaşmasına zəmin yaratmışdır. Uzun illər bölgə ornitofaunası üzrə xüsusi tədqiqat işləri aparılmış və dəyərli elmi nəticələr əldə edilmişdir. Bununla belə, ilin bütün fəsillərində təbiətə öz təşəbbüsü ilə səfərlər edən gənc ornitoloq özünün yeni elmi məlumatları ilə faunamız haqqında elmi təsəvvürləri daha da genişləndirir. Hüseyn Rəsulzadə Araz Su Anbarının aşağı hissəsinin sol sahil düzənliyində, Araz Su Elektrik Stansiyasına yaxın ərazidə müasir, yüksək optiki imkanlara malik avadanlıqların tətbiqi ilə ilk dəfə olaraq muxtar respublikamızın faunasında yeni quş növünü – üçbarmaq qağayını (lat. Rissa tridactyla) aşkar etmişdir.
Qeyd edək ki, üçbarmaq qağayı Güllütkimilər dəstəsinin Qağayılar fəsiləsinə mənsubdur. Ədəbiyyat məlumatlarına görə, faunamızın yeni sakini – qağayının həyatı açıq su hövzələri ilə bağlıdır, Holarktika zoocoğrafi vilayətində geniş yayılmış quşdur. 2018-ci ildə Azərbaycanda “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda ilk dəfə müşahidə edilmişdir.
Ortaboylu quş olub digər qağayı növlərindən qara pəncələri və uçuş lələklərinin qara uclarında ağ ləkələrin yoxluğu ilə fərqlənir. Pəncələrdə arxa barmağın yoxluğu əsas təyin­edici əlamətdir, onun yerində kiçik qabarıq görünür. Boynunda halqa şəklində qara zolaq var. Bədənin rəngi quşun fərdi inkişafı ilə əlaqədar olaraq dəyişilir. Quyruğun sonundakı qara zolaq mərkəzdən kənarlara doğru ensizləşir və quyruqda çökək görünüş təəssüratı yaradır.
Quşun qidasını başlıca olaraq kiçik balıqlar, xərçənglər və molyusklar təşkil edir, onları suya cumaraq əldə edirlər. Sahilə atılmış balıq torlarına ilişmiş heyvanat qalığından da həvəslə faydalanırlar. Muxtar respublika şəraitində üçbarmaq qağayının həyat tərzinin bioloji və ekoloji xüsusiyyətlərinin izlənilməsi nəzərdə tutulmuşdur.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR