06 Mart 2021, Şənbə

Muxtar respublikamızın ərazisinin təbii şəraiti müxtəlif olduğundan, onun heyvanlar aləmi də rəngarəngdir. Fauna biomüxtəlifliyinə sahib diyarımızda heyvanların qorunması, onların normal yaşayışı üçün lazımi tədbirlər həyata keçirilir. Xüsusilə qış fəslində torpaq sahəsinin və bitki örtüyünün qarla örtülməsi bir çox heyvanlar üçün yem əldə olunmasında çətinliklər törədir.

Heyvanat aləminin qidaya olan tələbatının yaxşılaşdırılması məqsədilə onların kompleks yaşadığı ərazilərdə, xüsusi mühafizə edilən təbiət ərazilərində, yeni salınmış yaşıllıq ərazilərində biotexniki tədbirlər icra olunur. Müəyyən edilmiş təbiət ərazilərində bezuar dağ keçiləri, muflonlar və digər dağ heyvanlarının qış aylarında qaba yemə, suya və duza olan tələbatlarının ödənilməsi belə tədbirlər sırasındadır. Bunlar isə heyvanların alternativ qida mənbələri axtarışının, başqa ərazilərə miqrasiyasının və nəsil artımının azalmasının qarşısının alınmasında vacib rol oynayır, bir sözlə, onları məhv olmaq təhlükəsindən xilas edir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, qış aylarında heyvanların yemlənməsi üçün 500 ədəd ot kipi, 10 tona yaxın daşduz ayrılıb, eyni zamanda istifadəyə yararsız olan meyvə-tərəvəz və digər məhsulların da istifadəsi nəzərdə tutulub. Bu məqsədlə ötən həftə ərzində Culfa rayonu ərazisindəki “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, Şahbuz Dövlət Təbiət Qoruğu, “Arpaçay” Dövlət Təbiət Yasaqlığı ərazilərində biotexniki tədbirlər keçirilib, ərazilərə qaba yem, daşduz və digər qida məhsulları paylanılıb.
Nazirlik tərəfindən yüksək dağlıq ərazilərdə məskunlaşan yabanı faunanın su ehtiyacını ödəmək üçün də müvafiq tədbirlər görülür. Su novları düzəldilərək zəruri olan ərazilərə qoyulur ki, bu da heyvanların suya olan tələbatını ödəməyə imkan verir. Belə novlar Ordubad rayonunun Soyuqdağ istiqamətində Əjnohur adlanan hissəsində və Kotam kəndi yaxınlığında qoyulub. Nohurların ətrafında daşduz da qoyulur. Daşduz canlıların həyatında mühüm rol oynayır, xüsusən qış aylarında maddələr mübadiləsini sürətləndirməklə soyuğa və xəstəliklərə qarşı dözümlülüyünü artırmış olur. Həmçinin nazirlik əməkdaşları tərəfindən bir sıra yaşayış məntəqələrində ətraf mühitin mövcud vəziyyəti, ictimaiyyətlə qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə maarifləndirici söhbətlər aparılır, yoxlama-reydlər keçirilir. Aparılan biotexniki tədbirlər vəhşi faunanın qış fəslindən sağlam çıxmasına əlverişli şərait yaradır. Fauna ehtiyatlarının mühafizəsi və artırılması məsələsini daim diqqət mərkəzində saxlayan nazirlik biotexniki tədbirləri bundan sonra da davam etdirəcək.
Təbiətin bir parçası olan canlıları – heyvanları qorumaq təbiəti qorumaq deməkdir. Bunun üçün dövlətimiz tərəfindən lazımi diqqət və qayğı göstərilir, şərait yaradılır. Hər bir insan da təbiəti sevməli, ona qulluq göstərməli, flora və faunanın zənginləşməsində öz köməyini əsirgəməməlidir. Yaşamaq üçün təbiəti də qorumalı və yaşatmalıyıq.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR