03 Mart 2021, Çərşənbə

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Muxtar respublikada bütün kateqoriyadan olan uşaqlara, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara daim diqqət və qayğı göstərilir, onların sosial reabilitasiyası, təlim-tərbiyələri, asudə vaxtlarının təşkili, cəmiyyətə inteqrasiyası, təhsil hüquqlarının həyata keçirilməsi və intellektual səviyyələrinin yüksəldilməsi hər zaman diqqət mərkəzində saxlanılır. Xüsusi kateqoriyadan olan uşaqlara həssaslıqla yanaşılan muxtar respublikada müvafiq sahə ilə bağlı Dövlət proqramları qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Qəbul olunmuş proqram Naxçıvan Muxtar Respublikasında müvafiq sahədə kadr potensialının təkmilləşməsinə və hər bir sağlamlıq imkanları məhdud uşağın layiqli vətəndaş kimi cəmiyyətə inteqrasiya olunmasına əlverişli şərait yaratmışdır. Müvafiq proqramın icrası ilə bağlı aid dövlət orqanları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə bir sıra vəzifələr qoyulmuşdur. Komitə hesabat dövrü ərzində sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafı, cəmiyyətə inteqrasiyası, sosial reabilitasiyası, təlim-tərbiyəsi, asudə vaxtlarının səmərəli keçirilməsi, istedadlarının aşkar olunması və sair ilə bağlı ardıcıl tədbirlər həyata keçirmişdir. Belə ki, mütəmadi olaraq sağlamlıq imkanları məhdud uşaqların ailələri ilə əlaqə saxlanılmış, məlumat bazasının yenilənməsi ilə bağlı işlər görülmüş, uşaqların sağlamlıq imkanları məhdudluq göstəricisi və səbəbləri araşdırılmış, əldə olunan məlumatlar yaradılmış bazaya əlavə olunmuş və uşaqların potensialına uyğun olaraq məktəbəqədər, məktəb, məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə cəlbi ilə bağlı tədbirlər görülmüşdür. Komitə tərəfindən məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlar barədə məlumat bazası yaradılmış və baza hər rüb mütəmadi olaraq yenilənmişdir. 2020-ci il 1 iyul tarixə olan statistik məlumata əsasən muxtar respublikadakı bu kateqoriyadan olan 18 yaşadək 1881 uşaqdan 257 nəfərin məktəbəqədəryaşlı uşaqlar olduğu müəyyən olunmuşdur. Məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası komitənin diqqət mərkəzində saxlanılmış, 18 uşaq məktəbəqədər təhsil müəssisələrinə cəlb edilmişdir. Komitə tərəfindən bu kateqoriyaya aid uşaqların məktəbəqədər müəssisələrə cəlbi ilə yanaşı, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə cəlbi də diqqətdə saxlanılmış və 9 uşaq mərkəzdəki təlimlərə yönəldilmişdir.

Məlumat üçün qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 14 fevral tarixli Sərəncamı ilə Naxçıvan Şəhər Körpələr Evinin fəaliyyət istiqaməti dəyişdirilərək Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi olmuşdur. Mərkəz həm körpələr evi, həm də sağlamlıq imkanları məhdud uşaqların ailələrinə dəstək məqsədilə fəaliyyət göstərir. Bu da muxtar respublikada yaşayan müvafiq kateqoriyadan olan uşaqlara, eləcə də onların ailələrinə göstərilən diqqətin bariz nümunəsidir. Mərkəz yüksək səviyyəli kadrla və müasir avadanlıqlarla təchiz edilərək uşaqların istifadəsinə verilmişdir. Həmçinin hesabat dövrü ərzində məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin bu sahədə peşəkarlıq səviyyəsinin artırılması məqsədilə mütəxəssislər tərəfindən 3 dəfə kurs keçirilmiş və iştirakçılara geniş maarifləndirici məlumatlar verilmiş, materiallar, əyani vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Komitə tərəfindən təşkil olunmuş kurslara 158 müəllim və metodist cəlb edilmişdir. Hesabat dövrü ərzində ümumtəhsil müəssisələrinə 239, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbinə isə 6 sağlamlıq imkanları məhdud uşaq cəlb olunmuşdur. Proqramın icrası ilə əlaqədar əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verən və hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən 3 uşaq distant təhsilə cəlb edilmişdir. Eyni zamanda tədrisə cəlb edilmiş aztəminatlı sağlamlıq imkanları məhdud uşaqların məktəbli geyimi və ləvazimatları, eləcə də qış geyimi ilə təmini də həyata keçirilmişdir. Komitə tərəfindən hesabat dövrü ərzində aztəminatlı ailələrdən olan 404 uşağa məktəbli geyimi və dərs ləvazimatları, 365 uşağa isə qış geyimi verilmişdir, onların 56-sı sağlamlıq imkanları məhdud uşaqlardır. Tədrisə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, cəmiyyətə adaptasiyası və onlar üçün tolerant mühitin yaradılması diqqətdə saxlanılmışdır. Belə ki, hesabat dövrü ərzində komitə tərəfindən uşaq müəssisələrində 492 monitorinq keçirilmişdir. Həmçinin uşaq hüquqlarının qorunması ilə əlaqədar keçirilən monitorinqlərdə tədrisə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlar yoxlanılmışdır. Sevindirici haldır ki, monitorinqlər zamanı müvafiq uşaqlara qarşı heç bir hüquq pozuntusu halı qeydə alınmamışdır. Monitorinqlərin sonunda həmin uşaqların valideynləri, məktəb psixoloqları və müəllimlərlə 14 dəfə maarifləndirici görüş təşkil olunmuşdur.
Proqramın icrasına uyğun olaraq 2016-cı ildə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində fərdi, ailə və uşaq psixoloji məsləhət xidmətinin təşkili məqsədilə psixoloji dəstək xidməti yaradılmışdır. Hesabat dövrü ərzində komitə tərəfindən 23 sağlamlıq imkanları məhdud uşaq müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərin artırılması məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil olunan məşğələlərə cəlb edilmişdir. Həmçinin müvafiq kateqoriyadan olan 45 uşaq Naxçıvan Uşaq Bərpa Mərkəzinə reabilitasiya üçün yönləndirilmişdir.
Həmçinin ötən dövr ərzində mütəxəssislər tərəfindən muxtar respublikanın şəhər və rayonlarında sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı ibtidai sinif müəllimləri, məktəb psixoloqları və distant tədris üzrə pedaqoji kadrlar üçün 8 dəfə seminar keçirilmiş və iştirakçılara geniş maarifləndirici məlumatlar verilmiş, materiallar, əyani vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Seminarlara, ümumilikdə, 694 nəfər müvafiq sahəyə məsul işçilər cəlb olunmuşdur. Komitə tərəfindən uşaqların tətil günlərində asudə vaxtlarının səmərəli keçirilməsi ötən dövr ərzində də diqqətdə saxlanılmışdır. Hesabat dövrü ərzində 11 film, 24 teatr tamaşası və cizgi filmi nümayiş olunmuş, 8 dəfə muzeylərə və tarixi-memarlıq abidələrinə ekskursiya və 6 konsert proqramı təşkil edilmişdir. Ümumilikdə, keçirilən tədbirlərə 4154 uşaq cəlb olunmuşdur. Bundan əlavə, sağlamlıq imkanları məhdud uşaqlar üçün Ağbulaq İstirahət Mərkəzində 4 dəfə “Yay məktəbi” təşkil olunmuş və ümumilikdə, 147 uşaq iştirak etmişdir.
Hesabat dövrü ərzində 35 sağlamlıq imkanları məhdud uşaq muxtar respublikada fəaliyyət göstərən musiqi məktəblərinə, 45 sağlamlıq imkanları məhdud uşaq isə məktəbdənkənar müəssisələrin dərnəklərinə cəlb olunmuşdur. Bununla yanaşı, 4 müvafiq kateqoriyadan olan uşaq peşə məktəblərinə yönləndirilmişdir.
İdmanın kütləviliyinin təbliği, uşaqların sağlam və fəal həyat tərzinə yönəlməsi komitənin diqqət mərkəzində olmuşdur. Belə ki, komitə tərəfindən bu kateqoriyaya aid 11 uşaq muxtar respublikada fəaliyyət göstərən idman məktəblərinə cəlb edilmişdir. Bu qəbildən olan uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə tədbirlər, o cümlədən yaradıcılıq müsabiqələri, bilik və idman yarışları keçirilməsi də diqqətdə saxlanılmışdır. Belə ki, hesabat dövrü ərzində 16 dəfə müsabiqə təşkil edilmiş və ümumilikdə, müsabiqələrə 333 uşaq cəlb edilmişdir. Eyni zamanda komitə tərəfindən muxtar respublikanın kütləvi informasiya vasitələrində sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial reabilitasiya tədbirləri ilə bağlı maarifləndirici çıxışlar edilmişdir. Ümumilikdə, hesabat dövründə 42 tele­viziya, 41 radio çıxışları olmuş, 36 qəzet materialı dərc edilmişdir.
Bundan əlavə, ənənəvi olaraq hər il talassemiya və hemofiliyalı uşaqlar üçün qanvermə aksiyası keçirilmişdir. Hesabat dövrü ərzində keçirilən qanvermə aksiyalarında 40 litr qan toplanaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qan Bankına təhvil verilmişdir.
Həmçinin təqvimin əlamətdar günlərində sağlamlıq imkanları məhdud uşaqların bayram görüşlərinə gedilmiş, onlara bayram sovqatı, ehtiyaclarına uyğun hədiyyələr və tibbi ləvazimatlar təqdim olunmuşdur. Ümumilikdə, hesabat dövründə 251 sağlamlıq imkanları məhdud uşağa hədiyyə tədqim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bundan sonra da xüsusi qayğıya ehtiyacı olan uşaqların hərtərəfli inkişafı ilə əlaqədar lazımi tədbirlər görəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR