07 Mart 2021, Bazar

Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi əhalinin sosial müdafiəsinin davamlı olaraq təmin edilməsidir. Dövlətimizin iqtisadi gücü artdıqca bu istiqamətdə tədbirlərin miqyası da genişlənir. Məqsəd ölkəmizdə yaşayan hər bir vətəndaşın, xüsusən həssas qrup üzvləri olan və cəmiyyət qarşısında xidmətləri ilə seçilən insanların zəruri sosial zəmanətlərlə təminatı və onların ümumi həyat səviyyəsinin artım tempinə müvafiq olaraq yaşayış səviyyəsinin təmin edilməsidir.

Belə tədbirlərdən biri bu ilin əvvəlindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş mühüm dəyişikliklərlə bağlıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 29 dekabr tarixdə imzaladığı Fərmanla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsi ləğv edilmiş və həmin maddədə əks olunmuş pensiya əlavələrinin ləğv edilərək mövcud Prezident təqaüdləri ilə əvəz edilməsi nəzərdə tutulmuşdur. Qanuna edilmiş bu dəyişiklik cari il yanvar ayının 1-dən etibarən qüvvədədir və edilmiş dəyişikliklərin vətəndaşların sosial müdafiəsinə necə təsir edəcəyini öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə müraciət etdik. Fondun Pensiya təminatı şöbəsinin müdiri Hikmət İsmayılovla söhbət zamanı o bildirdi ki, qanuna edilmiş bu dəyişiklik gündən-günə inkişaf edən Azərbaycan Respublikasında yeni dövrün tələblərinə uyğunlaşmaq və əhalinin bu təbəqədən olan hissəsinə yönəlmiş pensiya əlavələrinin ləğv edilərək, Prezident təqaüdlərinin artırılmasını nəzərdə tutur. Belə ki, mövcud dəyişiklik həmin pensiya və Prezident təqaüdləri alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına təsir edəcək, eyni zamanda bu növ sosial təyinatların icrasını da sürətləndirəcəkdir.

Belə ki, edilmiş dəyişikliyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci, 19.1.3-cü, 19.1.5-ci və 19.1.8-ci maddələrinə əsasən bu qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir. Başqa sözlə, əvvəlcə Azərbaycanın Milli qəhrəmanlarının ailə üzvlərinə verilən 110 manat, şəhidlərin ailə üzvlərinə verilən 93,5 manat, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan, işləməyən I və II qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvünə, verilən 5,5 manat, siyasi repressiyaya məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə 11 manat, İkinci Dünya müharibəsi iştirakçıları və bununla əlaqədar sağlamlıq imkanlarını itirmiş şəxslərə müvafiq olaraq I qruplar üçün 154 manat, II qruplar üçün 121 manat, III qruplar və sağlamlıq imkanlarını itirməmiş müharibə iştirakçıları üçün 99 manat məbləğində pensiya əlavəsinin ödənişi davam etdiriləcək.
Bununla yanaşı, dövlət tərəfindən göstərilən sosial müdafiə tədbirlərinin optimallaşdırılması məqsədilə şəhid ailəsi üzvlərinə, şəhid uşaqlarına, müharibə, 20 Yanvar və Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən sağlamlığını itirmiş şəxslərin uşaqlarına ödənilən sosial müavinətlər ləğv edilərək müvafiq kateqoriya üzrə Prezident təqaüdlərinin məbləğinin artırılması, I dərəcə görmə qabiliyyətini itirmiş şəxslərə yeni növ Prezident təqaüdünün təsis edilməsi qanundakı yeni dəyişiklikdə öz əksini tapıb. Bunlardan əlavə olaraq əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan, işləməyən əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsini də qeyd etmək olar. Bunları konkret olaraq qeyd etsək, qanuna edilmiş dəyişikliyə əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü 300 manatdan 500 manata, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü sağlamlıqlarını itirmiş qrupları üzrə müvafiq olaraq I qrup üçün 250 manatdan 400 manata, II qrup üçün 230 manatdan 350 manata, III qrup üçün 210 manatdan 300 manatadək artırılıb. Eləcə də Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 300 manatdan 500 manatadək artırılıb. Həmçinin yeni qanuna əsəsən gözdən əlilliyi olan şəxslər istisna olmaqla, ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I dərəcə sağlamlıq imkanlarını itirmiş şəxslər üçün verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü də artaraq 100 manatdan 130 manat məbləğinə çatdırılıb. Eləcə də ümumi səbəblərdən I dərəcə görmə qabiliyyətini itirmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 210 manat müəyyən olunmuşdur.
Yuxarıda qeyd olunduğu kimi, yeni qanun dəyişikliyi elm və təhsil sahəsində uzun müddət çalışanların da sosial müdafiəsini nəzərdə tutur. Belə ki, fond əməkdaşının sözlərinə görə, qanuna əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslər üçün təsis olunmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuşdur.
Göründüyü kimi, Azərbaycan Respublikası hər sahəyə olduğu kimi insan amilinə də diqqəti davamlı şəkildə artırmaqdadır. Yuxarıda qeyd olunan əhali təbəqələri üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdləri də sosial qayğıya ehtiyacı olan hər bir vətəndaşın daimi dövlət qayğısından xəbər verir. Qeyd edək ki, sözügedən təqaüdlərin verilməsi yeni qanuna əsasən yeni ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri tərəfindən həyata keçirilir.

 Əli CABBAROV

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR