11 Aprel 2021, Bazar

Qədim türklər arasında qeyd olunan mərasimlərdən biri də Xıdır Nəbi bayramıdır. Bu mərasim dövri-qədimdən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və digər təbii proseslərlə müşayiət edilib, Böyük çillə ilə Kiçik çillə arasında keçirilən bu mərasimi ata-babalarımız bayram kimi qeyd edib. Xıdır Nəbi bayramının nə vaxtdan bəri keçirildiyi tam məlum olmasa da, o, türk xalqları arasında geniş yayılıb.     

Tədqiqatçıların fikrincə, Xıdır Nəbi suyun, küləyin və havanın himayəçisi kimi təqdim olunur, Xızır Peyğəmbərlə eyniləşdirilir. Bu bayram türkdilli xalqların mifologiyasında mifik obraz, yazın gəlişini xəbər verən mövsümi mərasimidir. Ona görə də Xıdır Nəbi yerini dəyişmir. Xıdır Nəbi bayramından sonra yalançı, daha sonra xəbərçi çərşənbələr və Boz ay gəlir. Boz aydan sonra isə o biri çərşənbələr başlayır. Yəni bu bayram Novruza giriş bayramıdır, təbiətin oyanmasına başlanğıcdır. 

Xıdır Nəbi bayramı və Xızır Peyğəmbər barəsindəki məlumatlar Azərbaycan xalqının qədim mifoloji dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət kəsb edir.Etnoqraf Asəf Orucov qeyd edir ki, Anadolu türklərində bayram “Hıdır-Ellez” adı ilə may ayının 6-da, Balkanlardakı müsəlman-türk xalqları arasında isə aprel ayının üçüncü ongülüyündə keçirilir. Türkiyənin İqdır bölgəsində isə Naxçıvanda olduğu kimi fevral ayında qeyd edilir. Naxçıvan bölgəsinin müxtəlif yaşayış məntəqələrində də fərqli vaxtlarda keçirilir. Xıdıra hazırlıq yay dövründən başlayır. Çətənə, küncüd, fındıq, şabalıd, noxud, püstə, badam, cəviz, ərik dənəsi, qarpız toxumu tədarük edilir və Xıdır günü qovurulur. Qovurğanın əsasını buğda təşkil edir. Qovurğa qarışığına kişmiş, mövüc, iydə, tut qurusu, xurma qarışdırılır. Qovurğa, əsasən, ağ, yumşaq buğdadan hazırlanır. Xıdır Nəbi və İlaxır (axır çərşənbə) mərasimlərinin hər ikisində papaqatma adəti təkrar olunur. Ordubad rayon sakini Lətifə nənə deyir ki, fevralın 1-ci ongünlüyü ərzində axşam şər qarışandan sonra uşaqlar, cavanlar bir yerə toplaşar, dəstələnib Xıdır nəğməsi oxuya-oxuya qapıları döyər, Xıdır adına pay yığar, xorla oxuyaraq ev sahiblərini səsləyərlər:

Xıdıra Xıdır deyərlər
Xıdırın payın verərlər.
Çatma, çatma, çatmaya,
Çatma yerə batmaya.
Xıdırın payın kəsənin
Ayağı yerə çatmaya.

Uşaqların torbalarına Xıdır xonçasındakı şirniyyat, çərəz və qovurğa qoyularaq yola salınar. Həmin payları gecə bir yerə yığıb saxlayarlar. Səhər onlardan iri kömbələr düzəldər və əlavə olaraq bir də qovut hazırlayarlar. Xıdır Nəbi bayramında yeddi nemətdən – (buğda, cəviz, fındıq, badam, küncüd, qarğıdalı, arpa) qovurğa qovurulur, qovut hazırlanır. O gecə “Xıdır gecəsi” adlanır. Lətifə nənə deyir ki, bu gecə çox mübarək gecədir. Bayramın atributu isə qovurulmuş buğda və qovutdur. Xalq inanclarına görə, əfsanəvi Xıdır Nəbi gələn gün qovurulmuş buğdadan çəkilən qovut unundan xəlvət bir yerə qoyardılar. Elə bir yerə ki ora insan nəfəsi, əl-ayaq toxunmur. Hətta ora onu qoyan adamın özü belə, girməməlidir. (Onu da deyək ki, hansı evdə qovutun üzərinə Xıdırın barmaq izləri düşərsə, həmin evdə böyük bayram edərdilər, həmin il o evdə ruzi-bərəkət olardı.) Bir gün əvvəl taxıl qovurularaq kir-kirədə çəkilərək un halına salınardı. Qovut unu böyük bir siniyə tökülərdi və axşam bir tərəfə qoyulardı. İnanca görə gecə vaxtı Xıdır Nəbi atı ilə çaparaq gəlir və qovut ununa əl basır, onu ovsunlayır. Beləliklə də, gələn il bərəkətli olur. Çünki Xıdır Nəbi darda qalanlara kömək edən qüvvədir. Sabahı, bayram günü qovut hazırlanırdı. Sadəcə, qovut ununa şirin su tökülərək qarışdırılır və qovut halına gətirilirdi. Bununla yanaşı, başqa nemətlər də bişirilərdi. İnsanlar bir-birinə qonaq gedər, şənlik edərdilər.

Bayramdan bir gün əvvəl evin kiçik övladını alma ağacının çubuğu dalınca göndərərdilər. Gətirilən şövlər uc tərəfdən səliqə ilə pambığa sarınıb yağda qızardılardı. Axşam evin böyüyü bir-bir şövləri götürüb niyyətlərini sadalayardı. Hər şöv bir niyyət üçün idi. Yurdun salamatlığı, bağ-bağçada bolluq, oğul-qız toyu və başqa xoş niyyətlər edilirdi. Sonra həmin şövlər dəstələnib orta hissədən pambıqla bağlanar və qabdakı unun üstünə sancılardı. Burada Xıdır Nəbinin onların üstündə göz olması üçün ayrıca çubuq qoyulardı. Gecə düşəndə həmin dəstələnmiş çubuqlar şam kimi yandırılardı. Özü yanıb keçənədək ona toxunmazdılar. Həm də səhərədək qablardakı una əl vurulmazdı. Çünki, əvvəlcə, Xıdır Nəbi gəlib öz payını götürməli idi.
Nənənin nəql etdiyi rəvayətlərdən birində deyilir ki, Xızır Peyğəmbər bir qabda dirilik suyu götürüb insanlara gətirirmiş. Çox yorulduğundan yolda bir çinar ağacının kölgəsində yatır. Birdən qab aşır, su tökülür çinarın dibindəki çuxura. Suyun bir hissəsini qarğalar gəlib içir. Qalanını da çinarın kökləri çəkir. Ona görə də deyirlər ki, qarğalar üç yüz il yaşayırlar, çinar ağacı da uzunömürlüdür.
Digər bir rəvayəti isə nənə belə danışır: – Deyirlər ki, qaranlıq dünyada bir bulaq axır, onun suyunu içən heç vaxt ölmür. Xızır o dirilik suyundan içdiyi üçün həmişə diridir və yaşayır. Xızır hər adamın gözünə görünməz. Onu görmək üçün gərək lap yaxşı adam olasan, heç kəsi incitməyəsən. Xızırı kim görsə, ondan nə istəsə, yerinə yetirər.
Araşdırmalarda qeyd olunur ki, türk şairi Üsulinin fikrinə görə, xristian kitablarında “Elya, İlya” şəklində yazılıb, ərəblərdə İlyas adlandırılan Peyğəmbər Xızırdır. Bəzən bu adları qoşalaşdırıb Xıdır-İlyas şəklində də qəbul edirlər. Onlar da irfanda rəmzləşiblər: Xızır genişlik, İlyas isə darlıq, sıxılma simvoludur. Bəzən onları qardaş kimi də göstərirlər. Təbəri tarixində də onlar qardaş kimi verilib. Quranın Ramazan ayında nazil olduğu Qədr və Xızır mövludu gecələrində ağacların səcdəyə gəlməsinə inam indi də yaşayır.
Ümumiyyətlə, insanlarda belə bir inam var: Xızır Peyğəmbər darda qalanların, çətinliyə düşənlərin, xəstələrin hamisinə çevrilməklə ən çətin anda onların köməyinə çatıb. Buna görə də qışın ən çətin dövründə, belə demək olarsa, qışın “oğlan çağı”nda Xızır Peyğəmbərin şərəfinə Xıdır Nəbi mərasimini təşkil etmək, onu köməyə çağırmaq qışın çətinliyindən, soyuğundan xilas olmaq anlamına gəlir.
Lətifə Eyvazova deyir ki, Xıdır Nəbi bayramı günü müxtəlif ayinlər də həyata keçirilir. Evin ağsaqqalı bıçağı götürüb tövləyə girər. Həmin ili bala verməyən, qısır olan mal-heyvanın yanında dayanıb deyər ki, evdə yağımız, ətimiz, yavanlığımız qurtarır, bu da bu il bala vermədi. Mən də bunu kəsirəm. Evin ağbirçəyi də gəlib deyər ki, kəsmə. Bundan sonra hər il bala verəcək. Verməsə kəsərsən.
Maraqlı ayinlərindən biri də “Ağacqorxutma”dır. Barverən ağac bar vermədikdə deyirlər ki, çilləyə düşüb. Evin kişisi baltanı götürüb gəlir ötən il bar verməyən həmin ağacın yanına və kötüyünə astadan zərbələr vura-vura, ucadan deyər ki, havalar çox şaxtalı, soyuq keçir, yanacağımız tükənib. Bu ağac onsuz da ötən il bar vermədi. Mən də bu ağacı kəsirəm ki, yandıraq. Evdən bir nəfər yaxınlaşıb onu saxlayar ki, kəsmə, bu il çoxlu bar verəcək. Oxşar inanc yumurtlamayan toyuqlara da edilir. Göründüyü kimi, bu inanclarla qorxudularaq mal-qaranın bala verməsi, toyuqların yumurtlaması, ağacların isə bar verməsi tələb olunur. Bu inamlar “baltakəsmə”, “bıçaqkəsmə”, “qorxutma” adlanır.
Naxçıvanda Xıdır Nəbi bayramında nişanlı qızlara və təzə gəlin köçənlərə pay aparmaq adəti də var. Oğlan evindən nişanlı qızlara, ata evindən isə təzə gəlinlərə Xıdır xonçası aparmaq ənənəsi geniş yayılmışdır. Xıdır xonçasının yanında yundan toxunulmuş isti qış geyimləri qoyulur. Xıdır Nəbi xonçasından əlavə şirniyyat və meyvə xonçaları da pay aparılır.
Xıdır Nəbi bayramı ərəfəsində doğulan oğlan uşaqlarına Xıdır, Nəbi, İlyas, Xızır kimi adların qoyulması da geniş yayılıb. Bu adlar verilən uşağın çətinlik çəkməyəcəyinə, darda qalmayacağına inanılır.
Qədim diyarımızın adət-ənənələrinə sadiq insanları xalqımızın zəngin milli dəyərlərinə hər zaman həssaslıqla yanaşıb, digər bayramlar, mərasimlər kimi xeyirxahlıq, ruzi-bərəkət, əmin-amanlıq simvolu olan Xıdır Nəbi mərasimini də qoruyaraq əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürüb. Bu gün də yurdumuzda qeyd olunan, zəngin mədəniyyətimizi, mənəvi dəyərlərimizi özündə birləşdirən Xıdır Nəbi bayramınız mübarək!

 Gülcamal TAHİROVA

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR