26 Oktyabr 2021, Çərşənbə axşamı

Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətimizin həyatında bir çox mühüm dəyişikliklər baş vermişdir. Təbii ki, köklü dəyişikliklər, o cümlədən mülkiyyətin müxtəlif forma və növlərinin mövcudluğu, torpaqla bağlı münasibətlərin hüquqi tənzimlənməsini tələb edirdi. Məlum olduğu kimi, kənd təsərrüfatında əsas istehsal vasitəsi olan torpaqların statusunun, hüquqi rejiminin, torpaq və digər təbii ehtiyatlardan istifadə edilməsinin qanunvericilik əsasları olmalıdır və ölkəmizdə bununla bağlı zəruri hüquqi baza yaradılmışdır. 

 Torpaq Məcəlləsinə görə, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququ ilə əldə edə bilərlər. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə bələdiyyələr tərəfindən verilir.

Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər. Torpaq sahəsi üzərində icarə hüququna gəldikdə isə qeyd olunmalıdır ki, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.
Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. İcarə müddəti tamam olanadək icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir.
Torpaq Məcəlləsində qeyd olunur ki, torpaq sahəsi ilə bağlı öhdəliklər və məhdudiyyətlər də qoyula bilər. İstifadəyə və icarəyə verilmiş, habelə xüsusi mülkiyyətə verilmiş torpaq sahəsinə dair qoyulan ­öhdəliklər və məhdudiyyətlər müvafiq müqavilə və ya məhkəmənin qərarı ilə müəyyən edilir.
Bunu da qeyd edək ki, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər və bu halda bələdiyyə torpaqlarının icarəyə verilməsi müqavilə ilə rəsmiləşdirilir. Bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin icarəyə verilməsi isə tərəflər arasında bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
Sonda onu da vurğulayaq ki, kənd təsərrüfatı məhsullarının bolluğunun yaradılmasında icarəyə verilmiş bələdiyyə torpaqlarının da mühüm əhəmiyyəti vardır və həmin torpaqlardan təyinatı üzrə və səmərəli istifadə olunması qarşıda duran mühüm vəzifələrdəndir. Vətəndaşların bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə hüququ ilə istifadə etməsi ərzaq bolluğunun yaranmasına, özünüməşğulluğa və ailə əməyinə əsaslanan təsərrüfatların inkişafına öz müsbət təsirini göstərir.

Xəyal EYVAZOV
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi, I dərəcəli ədliyyə qulluqçusu

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR