30 Noyabr 2021, Çərşənbə axşamı

(esse)

 Fəsillər içərisində bir fəsil vardır. Bəzən kövrək, həssas, qırılan, bəzən isə hirsli olur. Küləyi ilə əsib sovurub, ildırımları ilə barmaq silkələsə də, ömrün xəzan çağını görəndə buludları ilə dolub boşalır. Bu qarışıq duyğuları özündə birləşdirən payız bir az da insan ömrünü xatırladır. Günləri, ayları bir-birinin ardınca qovaraq böyüyən otlar, güllər, ağaclar bu fəsildə ömürlərinin xəzan çağını yaşayırlar. Necə ki, insanın yaşlanması ilə sahib olduğu sağlamlığını, əmək qabiliyyətini itirməsi kimi. 

 Ömrümüzdən illər ötüb keçir, xəzan yarpaqlarının bir-bir töküldüyü kimi. Bəzən geriyə dönüb baxdıqda qırdığımız qəlbləri, itirdiyimiz dəyərləri görüb payız buludları kimi doluruq. Ağlayırıq saatlarla, günlərlə, amma unuduruq ki, yaz yağışlarından fərqli olaraq payız yağışlarının solmuş güllərə, tökülən xəzanlara heç bir faydası olmayacaqdır...

Həyətdə bir ağac görürəm... Saralmış yarpaqları ömrün illəri kimi tökülür. Lakin üstündəki meyvələr budağını əyir. Sanki ömrünün xəzan çağında insanlara fayda verdiyi üçün çox sevinclidir, “anlayır” ki, ömür ilin fəsilləri kimidir. Gəncliyimiz yaz fəsli, ahıllığımız payızdır. İstəyir ki, xatirələrdə gəncliyində yaşıl budaqlarının kölgəsi, ahıllığında meyvələrinin faydası ilə qalsın.
Pəncərəmdən seyr etdiyim bu payız mənzərəsinin fonunda düşüncələr, sanki payızın ahənginə qoşulur və insanı düşündürür. Həyat özü necə də böyük bir məktəbdir. Həm də öyrənməyi birbaşa təcrübə ilə gerçəkləşdirən bir məktəb. Unutmayın, görünənin hər zaman arxada gizli bir planı vardır. Təəssüf ki, insanların çoxu bunun fərqində deyil. Ətrafımıza diqqətlə baxsaq, daha doğrusu, görmək üçün, öyrənmək üçün baxsaq, çox şey görərik...
Gəlin həyatda zamanın nə qədər dəyərli və geri qayıtmaz olduğunu anlayaraq yaşayaq. Ömrümüzə biçilən zamanda cəmiyyət üçün faydalı olaq ki, ömrün xəzan çağında, hər şey sona çatanda payız buludlarıtək dolub gözümüzdən peşimançılıq yaşları axıtmayaq. Həyatımızı elə yaşayaq ki, xatirələrdə “qızıl payız” olaraq qalaq. Amma bu adı bizə xəzanımızın rənginə görə deyil, insani dəyərlərimizə, təmiz vicdanımıza və ən əsası isə dürüstlüyümüzə görə versinlər.

İlahə ALLAHVERDİYEVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR