02 İyun 2020, Çərşənbə axşamı

Ölkədə həyata keçirilən iqtisadi tənzimləmə vasitələri arasında əhalinin məşğulluğunun təmin edilməsi mühüm əhəmiyyətli məsələlərdəndir. Məşğulluq kimi vacib bir sahədə də görülən işlər məhz davamlı inkişaf üçün əmək ehtiyatlarından səmərəli istifadə olunması məqsədi güdür. Bu, peşə və ixtisasından asılı olmayaraq, hər kəs üçün faydalı olan əməyin təşkili, insanların bilik, bacarıq və vərdişlərindən maksimum səmərə ilə istifadə olunması üçün dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər sistemidir. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məşğulluq tədbirləri də hər kəsin qabiliyyətindən, sahib olduğu iş qüvvəsindən səmərəli istifadəni qarşıya məqsəd qoyaraq bu istiqamətdə dövlətin yeritdiyi sosial siyasətdə mühüm yer tutur.

Ötən il dekabrın 18-də muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Keçən müddət ərzində adıçəkilən dövlət proqramının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumatda bu sahədə xeyli işlər görüldüyü qeyd olunur. Belə ki, cari ilin ilk 5 ayı ərzində muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə real vəziyyət təhlil edilmiş və əmək bazarında təklif olunan işçi qüvvəsi ilə mövcud iş yerlərinin sayı arasında tarazlığın sabit olduğu müəyyən edilmişdir. Bu dövrdə aparılan təhlil xarakterli işlər kimi əmək bazarında müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi məqsədilə 332 dövlət və özəl müəssisədə sorğular keçirilmişdir. Aktiv məşğulluq tədbirlərində məşğulluq xidməti orqanlarına müraciət edən 1133 işaxtaran vətəndaşın vakant iş yerlərinə göndərilməsi təmin edilmiş, işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə 52 nəfər, o cümlədən 27 nəfər sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə cəlb olunmuşdur. Cari ilin aprel ayında rayon (şəhər) məşğulluq mərkəzləri tərəfindən keçirilmiş əmək yarmarkalarında 320 nəfər işlə təmin olunmuş, tətil günlərində gəlir əldə etmək istəyən 21 tələbə-gəncin mövsümi və haqqıödənilən ictimai işlərə göndərilməsi təmin edilmişdir.
Muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafı, həmçinin yeni iş yerlərinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən muxtar respublikada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə 16 layihə üzrə 230 min manat həcmində maliyyə dəstəyi göstərilmiş, əlavə olaraq muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən 23 milyon 357 min manat güzəştli şərtlərlə kreditlər verilmişdir. Sahibkarlığa yeni başlamaq istəyən şəxslərin maarifləndirilməsi, onlara iqtisadi və hüquqi informasiyaların verilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyində yaradılmış “Operativ əlaqə sistemi” vasitəsilə məsləhət və informasiya, həmçinin “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sahibkarlıq subyektlərinə şifahi məsləhət xidməti göstərilmişdir.
Əmək bazarının tələbinə müvafiq olaraq, işaxtaranların peşə hazırlığının təşkili də diqqət mərkəzində olmuşdur. Qeyd edilən dövr ərzində Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq rəqabətqabiliyyətli ixtisaslar – traktorçu-maşinist, dərzi, xalçaçı, misgər, qaz təsərrüfatının istismarı və təmiri üzrə nəzarətçi-çilingər, kinooperator, televiziya rejissoru, teleaparıcı, elektrik mon­tyoru, bərbər, Təhsil Nazirliyinin tabeliyində olan peşə liseylərində isə elektrik qaz qaynaqçısı, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru peşə kursları təşkil edilmişdir.
Xidmət sahələrində, o cümlədən məişət, iaşə, istehsal və ticarət sahələrində işləyən işçilərin peşələrinə uyğun standartların tətbiqi məqsədilə 8 seminar keçirilmiş, 59 təsərrüfat subyektinə peşə standartları barədə maarifləndirici məktublar göndərilmişdir.
Muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələrinin və şadlıq saraylarının xidmət işçiləri üçün “İctimai-iaşə obyektlərinin fəaliyyətlərinə dair tələblər” hazır­lanmış, eyni zamanda onlar üçün vahid geyim formaları müəyyənləşdirilmiş, xidmət sahələri üzrə peşəkar kadrların hazırlanması məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində ofisiant, aşpaz köməkçisi, dərzi, bərbər və qadın bərbəri, peşə liseylərində isə bərbər-manikürçü və ərzaq malları satıcısı üzrə peşə kursları təşkil edilmiş, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində iaşə obyektində və satış mağazalarında çalışan işçilərə tədris kursları keçilmişdir.
Muxtar respublikada əmək bazarının tələblərinə uyğun milli və xalq tətbiqi sənət növləri üzrə Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçı və misgər peşələri üzrə kurslar təşkil edilmiş, gənc­lərin milli və xalq tətbiqi sənət növlərinə marağının artırılması məqsədilə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən xalq yaradıcılıq emalatxanasında ağac üzərində oyma, rəssamlıq, xalçaçılıq, dekorativ-tətbiqi sənət növləri üzrə sahələrin fəaliyyəti davam etdirilmişdir.
“Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində, habelə Dövlət Miqrasiya Xidmətində iri sahibkarlıq subyektlərinin iştirakı ilə əmək bazarında əcnəbi işçiyə olan tələbatın müəyyənləşdirilməsi ilə əlaqədar keçirilən tədbirlərdə əmək bazarına daxil olan əcnəbi işçi qüvvəsinin keyfiyyət tərkibi nəzərə alınaraq həmin sahələrin tələbatının yerli işçi qüvvəsi hesabına ödənilməsinə dair maarifləndirici tövsiyələr verilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işçilərin ixtisaslarının artırılması və müəssisələrdə mövcud olan vakansiyaları yerli işçi qüvvəsi hesabına təmin etmək məqsədilə hazırlanmış maarifləndirici bukletlər işəgötürənlərə təqdim edilmişdir.
Muxtar respublikanın ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin peşə seçiminə köməklik, əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatların verilməsi məqsədilə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə tədris müddəti ərzində peşəyönümü məşğələlər keçilmiş, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun təmin edilməsi istiqamətində müvafiq tədbirlər reallaşdırılmışdır. Sosial müdafiəyə ehtiyacı olanların işlə təmin olunması üçün 163 kvota yeri ayrılmış və sosial müdafiəyə ehtiyacı olan 51 şəxsin kvota yerlərinə göndərilməsi təmin edilmişdir. Muxtar respublikada evlərdə xalça toxunması ənənəsini davam etdirmək üçün haqqıödənilən ictimai işlərə cəlb edilmiş 12 şəxsin ilkin olaraq toxuduğu və dəyəri 2450 manat olan xalçaların, Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkumlar tərəfindən ümumi dəyəri 2435 manat olmaqla, 48 ədəd rəsm və əl işinin satışı da təşkil olunmuşdur.
Qeyd olunan dövr ərzində sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial reabilitasiyası məqsədilə sağlamlıq imkanları məhdud 9 şəxs müvafiq peşə kurslarına cəlb edilmiş, eyni zamanda penitensiar müəssisədə cəzaçəkənlər üçün misgər peşəsi üzrə kurs keçilmişdir.
İşçilərin əmək hüquqlarının təmin edilməsi istiqamətində də bir sıra işlər görülmüşdür. Belə ki, qeyri-formal məşğulluğun qarşısının alınmasına, işə götürülən şəxslərlə əmək müqaviləsinin bağlanmasına, onlara verilən əməkhaqlarının reallığı əks etdirməsinə nəzarət artırılmış, işəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılmasına, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət etmələrinə nəzarət məqsədilə 66 obyektə baxış keçirilmişdir. Ümumilikdə, 87 yeni əmək müqaviləsinin bağlanmasına, 60 halda isə əməkhaqqının real göstərilməsinə nail olunmuş, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə edilməməsi səbəbindən 15 işçi tikinti sahəsindən müvəqqəti uzaqlaşdırılmış, istehsalatda çalışan 48 işçi yerində fərdi və kollektiv mühafizə vasitələri ilə təmin edilmiş, nöqsanların aradan qaldırılması məqsədilə işəgötürənlərə icrası məcburi olan göstərişlər verilmiş, əmək müqaviləsinin bağlanması və əməyin mühafizəsi üzrə tələblərin pozulmasına görə 4 fiziki şəxsə, ümumilikdə, 4000 manat məbləğində cərimə tətbiq edilmişdir. Bundan başqa, 278 müəssisədə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanmasına nail olunmuşdur.
Bu müddət ərzində işaxtaranlara əmək bazarının tələblərinə uyğun təşkil olunan peşə kursları, ictimai işlər, habelə vakansiyalar barədə məlumatların çatdırılması üçün Dövlət Məşğulluq Xidmətinin (www.isaxtar.nmr.az) internet saytı hazırlanmış, işaxtaranların təşkil olunacaq peşə kurslarına təşviq edilməsi məqsədilə informasiya vasitələrində elanların verilməsi təmin edilmişdir.
Gələcəkdə bu sahədə kompleks nəticələr əldə etməklə regionumuzda bütün iqtisadi fəal əhalinin – işləyən və işaxtaran insanların sosial müdafiəsini gücləndirmək, daha çox yeni iş yeri açmaq, əhali gəlirlərini artırmaq və əmək bazarını daha təkmil hala gətirmək dövlət pro­qramının əsas məqsədlərindəndir.

Əli CABBAROV

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR