Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evlərdə xalça toxunması ənənəsini davam etdirmək məqsədilə təşkil olunan “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial əhəmiyyətli haqqıödənilən ictimai iş davam etdirilir.
Bunun üçün Şərur, Babək, Ordubad, Şahbuz rayonlarında və Naxçıvan şəhərində, ümumilikdə, 14 ailə xalça toxumaq üçün bütün avadanlıqlarla, o cümlədən digər lazımi alət və materiallarla təmin ediliblər.
Bu tədbir eyni zamanda Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsinə və təbliğinə, milli ənənələrimizin yaşadılmasına xidmət edir. Çünki Azərbaycan xalça sənətinin ənənəvi naxışlar və elementlər, özünəməxsus rəng çalarları ilə zənginləşdirilməsində Naxçıvan xalçaçılıq məktəbi mühüm rol oynayır.
Məlumat üçün bildirək ki, xalçaçılıq sənətinin incəliklərini öyrənmək məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçı peşəsi üzrə kurs təşkil edilib.

Naxçıvan Muxtar Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti