02 İyun 2020, Çərşənbə axşamı

O, maşından düşüb kombayna tərəf addımladı. Kombaynçı Bahaddin Nağıyev köməkçisi, taxıldaşıyan maşının sürücüsü ilə birlikdə taxılbiçənin sazlığını yoxlayırdılar.
Onlar bir anlığa işdən ayrılıb: “Salam, Aqil müəllim, sabahın xeyir”, – dedilər. Aqil gülümsünərək: “Nə vaxtdan saat doqquz kəndlinin sabahı olub? Kənd adamı səhər tezdən, beşlə altı arasında bu sözü işlətməlidir”, – deyə sözünə davam etdi: “O ki Günəşin çıxmasını iş üstündə qarşılamadı, deməli, tənbəldir, canına əziyyət verən deyil. Mən bura gəlincə tezdən durub mal-qaranı yerbəyer eləmişəm, o biri taxıl sahələrinə də baş çəkmişəm”.
Aqil Məmmədov beş addımlıqdakı buğda zəmisinə tərəf addımlayıb dayandı. Zəmidən sünbül qırıb ovucunun içində ovxaladı. Bahaddinin nəzəri onda idi:
– Hə, necədi, biçinə başlamaq olar?
– Hələ bir az gözləsək, yaxşıdır. Axşamın şehi tam çəkilməyib. Siz işinizdə olun, mən də təpənin o üzündəki sahəyə baxım, gəlirəm.

Çox çəkmədi, Aqil Məmmədov geri qayıtdı. Artıq saat 10-un yarısı idi. Günəşin hərarəti bayaqkı ilə müqayisədə xeyli artmışdı. O, yenə sünbüldən qırıb yoxladı. Üzünü kombaynçıya, onun köməkçisinə tutaraq:
– Başlamaq olar, işiniz avand olsun, – dedi.
Kombayn zəmiyə yan aldı. Pərlər hərlənməyə başladı. Ətrafda yaşıl olan nəsə gözə dəymir. Hər tərəf sapsarı taxıl zəmiləridir. Bir qədər uzaqda isə Şərurun axar-baxarlı Zeyvə kəndi görünür.
Aqil Məmmədovla söhbət edə-edə zəminin biçinini izlədik. Aqil təhsillidir. 2002-ci ildə, yəni 12 il bundan əvvəl Şərur rayonunda “Aqrotexservis” Açıq Səhmdar Cəmiyyətini təşkil edib və onun sədri seçilib. Cəmiyyətin başlıca məşğuliyyəti əkinçilikdir. 15 nəfərdən ibarət kollektivin özünün 60 hektar torpaq sahəsi var. 100 hektar torpaq sahəsi isə icarəyə götürülüb. Ötən təsərrüfat ili də Aqil və onun işgüzar kollektivi üçün uğurlu olub. 70 hektarda taxıl becərmişdilər. Zəmilərə aqrotexniki qaydada qulluq göstərildiyindən hər hektardan 35 sentner məhsul yığılıb. Kartof, bostan-tərəvəz sahələrində də bol məhsul yetişdirilib.
Cəmiyyətin emal müəssisəsi də var. Burada Türkiyə mənşəli avadanlıqlar quraşdırılıb. Gündəlik istehsal gücü 18-20 ton olan müəssisədə un və kəpək istehsal olunur.
“Aqrotexservis” ASC bütün təsərrüfat işlərini öz texniki imkanları hesabına görür. Onların maşın-traktor parkında 25 texnika və texnoloji avadanlıq var. Dördtəkərli traktor və 3 “Sampo” markalı kombayn lizinq yolu ilə alınıb. İndi 120 hektar taxıl sahəsinin məhsulunu da kənardan texnika cəlb etmədən yığıb götürmək əzmindədirlər.
Aqil Məmmədov zəmidə iz açan kombaynın arxasınca gedib biçinin keyfiyyətini yoxlayır, küləşlə birlikdə yerə dən tökülüb-tökülmədiyini müəyyənləşdirir. Apardığı müşahidənin nəticəsindən razı qaldığı təbəssüm yağan çöhrəsindən aydın hiss olunur. Taxıl biçininin uğurla başlandığından aldığı xoş təəssüratı bizimlə həvəslə bölüşür:
– Zəmilərin bu günü üçün, doğrusu, çox zəhmət çəkmişik. Buna görə heç kəsə minnət qoya bilmərik. Çünki süfrəmizin çörəyi üçün çalışırıq. Bir də bizə qol-qanad verən dövlətimizin dəstəyidir. Taxıl əkib-becərməyimizə görə hər il dövlət büdcəsindən xeyli vəsait alırıq. Güzəştli qiymətlərlə bizə lazım olan qədər mineral gübrələr verilir. Bu il taxılımızın bol olacağı şübhəsizdir. Bundan əlavə, kartof, bostan-tərəvəz məhsulları istehsalında da böyük artıma nail olacağıq. Cəmiyyətin əsas üstünlüyü bir də ondadır ki, əkin sahələrindəki pərakəndəlik artıq aradan qaldırılıb. Əvvəllər kəndin ayrı-ayrı ərazilərində hər birinin sahəsi 1, 3, 5 hektar, yaxud bundan az, ya da çox olan taxıl, kartof, bostan-tərəvəz bitkiləri əkilərdisə, indi əkin sahələri komplektləşdirilib. Belə olanda becərmə işlərinin səmərəsi artır, məhsuldarlıq yüksəlir. Təbii ki, istehsal olunan məhsulların maya dəyəri də əhəmiyyətli şəkildə aşağı düşür.
Aqil və onun biçinçi yoldaşlarına iş avandlığı arzulayıb rayonun geniş taxılçılıq ərazisi olan Xanlıqlar kəndinə yollandıq. Burada da indi taxılçılar ən narahat günlərini yaşayırlar. Ona görə ki, aylardan bəri, necə deyərlər, “üstündə əsdikləri” zəmilərinin məhsulu artıq yığılır. Bilirlər ki, bu qiymətli strateji məhsul vaxtında toplanmasa... Taxılçıların çəkdiyi zəhmət hədər getməyib. 247 hektar sahənin barı-bərəkəti aşıb-daşır. Göz işlədikcə uzanan zəmilərin dənə dolmuş sapsarı sünbülü adama “gəl-gəl” deyir. Burada adam özünü ayrı bir aləmdə hiss edir, ürəkdə qəribə bir ülvi istək baş qaldırır. Taxılçıları bar-bərəkət iyi gələn bu torpağa, “sarı kəhrəba” zəmilərinə bağlayan da bu ülvi istəkdir. Biçin gedən taxıl zəmisində fermer İsa Salmanovla qısa söhbətimizdən də bir daha bunu aydın hiss etdik. Təcrübəli taxılçı dedi:
– Torpaq islahatı keçiriləndən üzübəri taxılçılıqla məşğulam. Həmişə məqsədim bu olub ki, öz ailəmin çörəyə olan tələbatını öhdəmdə olan pay torpağı və icarəyə götürdüyüm sahələr hesabına ödəyəm. Özündən demək olmasın, işdən qorxan deyiləm. Dədə-babalarımızdan da az-çox görüb-götürdüyümə görə, torpağın dilini yaxşı bilirəm. Onu da yaxşı bilirəm ki, adına ana dediyimiz bu torpaq heç zaman kiminsə istəyini gözündə qoymayıb, çəkdiyi əziyyətin əvəzini artıqlaması ilə verib. Öz təcrübəmdə bunu dəfələrlə sınaqdan çıxarmışam. Torpağın məni ümidsiz qoyduğu yadıma gəlmir. Bunun sayəsində ailəmə yaxşı dolanışıq qurmuş, kəndimizdə lavaş sexi açmışam. Ona görə də torpaqdan, əkib-becərməkdən ayrı düşmürəm. Dövlətimiz də bu sahədə biz kəndlilərə hərtərəfli qayğı göstərir, kredit, toxum, gübrə, texnika verir. Keçən ilin payızında bu ilin məhsulu üçün 30 hektar sahədə taxıl əkib-becərmişəm. Zəmilərə yaxşı qulluq göstərmişəm və gördüyünüz kimi, sünbül dənin ağırlığından necə əyilib. Artıq 10 hektarda biçin aparmışam. Məhsuldarlıq da ürəyimcədir. Hər hektardan, hələlik, 38 sentner “sarı kəhrəba” əldə etmişəm. Biçini tam başa çatdırdıqdan sonra gəlir-çıxarımı hesablayıb toyuq-cücəmin dənini, toxumluq taxılımı götürəcəyəm. Məhsulumun qalanını isə dəyirmanda üyüdüb lavaş istehsal edəcəyəm.
Tumaslı kəndinin taxıl zəmilərində də əmək bulaq kimi qaynayırdı. Burada da asta-asta irəliləyən “mavi gəmi” elin bar-bərəkətini toplayırdı. Taxılı yenicə biçilən sahədə isə dəstə-dəstə sərçələr, sığırçınlar uçuşur, kombaynın arxasınca yerə qonub dən gəzir, yem arayırdılar. Bu mənzərədən də hiss olunurdu ki, kombayn məhsulu itkisiz toplayır. Əslində, taxılın bolluğu da göz önündə idi. Kombaynçı Mübariz Əliyev bunkerin dolub-dolmadığını yoxlamaq üçün oraya qalxdı. Bir anda üzünə təbəssüm yayıldı:
– Bu sahənin məhsuldarlığı 40 sen­tnerdən aşağı olmayacaq. Bunker dolmaq üzrədir, bir baş da biçsək, dolar, – deyib əlavə etdi: – Bu il biçinə tez başlamışıq. Havalar əlverişli keçir. Belə getsə, elin sərvətini tez və itkisiz toplaya biləcəyik.
Biçilən sahənin Sənan Məmməd­ova məxsus olduğunu öyrəndik. Bu torpaq mülkiyyətçisi neçə illərdir ki, taxılçılıqla məşğul olur. Bu sahədə yaxşı təcrübə qazanıb. Uğurları da ildən-ilə artır. Sənan Məmmədovun dediklərindən:
– Yanacaq da, gübrə də veriblər, pul yardımı da almışıq. Toxumun da yüksək keyfiyyətlisini əkmiş, sahəmizi aqrotexniki səviyyədə becərmiş, nəticədə, bol məhsul hasilə gətirmişik. Biçinə də söz ola bilməz. Çalışırıq ki, tez qurtaraq, sahələrdə şum işinə başlayaq. Çünki ata-babalarımız da taxılın iki yay görməsini sınaqdan çıxarıblar.
Rayonun digər kəndlərində də biçin kampaniyası mütəşəkkil keçirilir. Zəmilərə çıxan 18 kombaynın hər biri saz vəziyyətdədir, istənilən nasazlığı aradan qaldırmaq üçün lazımi ehtiyat hissələri də alınmış, biçin kampaniyasına kifayət qədər maşın-mexanizmlər cəlb olunmuşdur. Buna görə də biçilmiş taxılın xırmanlara daşınmasında sa­hibkarlar heç bir problemlə üzləşmirlər. Elin varını itkisiz toplamaq üçün rayonda yaradılmış qərargah da səmərəli fəaliyyət göstərir. Qərargah üzvləri bütün günü taxılçıların yanında olur, onlara zəruri məsləhətlər verir, zəmilərin yanğından mühafizə olunması üçün tədbirlər görürlər. Ümumiyyətlə, biçin kampaniyasını optimal müddətdə başa çatdırmaq üçün bütün mövcud imkanlardan səmərəli istifadə olunur.
Şərur kəndlisi bu ilin məhsulu üçün 9184,1 hektarda bol taxıl yetişdirmişdir. Əkinin 7313,8 hektarı buğda, 1870,3 hektarı isə arpadır. İndiyədək 672 hektar sahənin məhsulu biçilib, 2028 ton taxıl istehsal olunub. Hələlik, hektarın orta məhsuldarlığı 30,2 sentnerdir.

Cəfər ƏLİYEV

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR