Muxtar respublikada uşaqların qanunla müəyyən olunmuş hüquq və mənafelərinin müdafiəsi, sağlamlıqlarının qorunması, təhsil alaraq layiqli vətəndaş kimi formalaşması, asudə vaxtlarının səmərəli təşkil olunması 2018-ci ildə də diqqət mərkəzində saxlanılmış, bu sahədə ardıcıl tədbirlər görülmüşdür. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 10 uşaq ötən il qəyyumluq və himayəyə, 11 uşaq övladlığa verilmişdir. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanları məhdud, şəhid və aztəminatlı ailələrdən olan 720 uşağa isə bayram günlərində hədiyyə və sovqatlar verilmiş, 15 sentyabr – Bilik Günü ilə əlaqədar bu kateqoriyadan olan 394 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəzarətdə saxlanılmış, sağlamlıq imkanları məhdud uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilmişlər. Hazırda ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 963, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 8, Distant Tədris Mərkəzində 22 uşaq təhsil alır. 2018-2019-cu tədris ilində 42 uşaq məktəbəqədər təhsil müəssisələrində, 10 uşaq Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində, 9 uşaq ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarında, nitq qüsuru olan 149 uşaq isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrində tədrisə cəlb edilmişdir.