21 Aprel 2019, Bazar

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Dünya binə olandan insanlar uzunömürlülüyün sirlərini öyrənməyə çalışıblar. Lakin günümüzədək bu sirrin üstü açılmaz qalsa da, sevindirici haldır ki, bu sirri daşıyanlar, yəni uzunömürlülər hələ də aramızda var. Onlardan biri də Şərur rayon sakini Qönçə Hümbət­ovadır. Ömrünün 115-ci payızını yaşayan Qönçə Hümbətova 1 iyul 1898-ci ildə Vedi rayonunun Qədirli kəndində anadan olub. 1905-ci ildə ermənilərin Qədirli kəndini yandırmasından sonra anası ilə Naxçıvana gələrək burada məskunlaşıb. Üç əsrə şahidlik edən Qönçə nənənin 1 oğlu, 4 nəvəsi, 8 nəticəsi, 3 kötücəsi var.
1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşları muxtar respublikanın ən uzunömürlü sakini Qönçə Hümbətova ilə görüşüblər. Görüşdə qeyd edilib ki, muxtar respublikada uzunömürlü insanların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətimizin diqqət mərkəzindədir. Onlara müxtəlif sosial xidmətlər göstərilir, onların sağlamlıqları qayğısına qalınır, maddi və mənəvi tələbatlarının ödənilməsi istiqa­mətində ardıcıl tədbirlər həyata keçirilir. Bu görüş də həmin sosial tədbirlərdən biridir.
Ona göstərilən qayğıya görə Qönçə Hümbətova minnətdarlığını bildirib.
Görüşdə muxtar respublikanın ən yaşlı sakininə hədiyyə verilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Hazırda cəmiyyətimiz sürətli sosial-iqtisadi inkişaf mərhələsindədir. Bu inkişaf proseslərinə uyğun olaraq, iqtisadi həyatda sığorta kimi bir çox vacib münasibətlərin də genişləndirilməsi, onun müxtəlif növlərinin tətbiqinin sürətləndirilməsi tələb olunur. Muxtar respublikamızda sığorta fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq üçün verilmiş tapşırıqların icrası istiqamətində görülən işlər qısa müddətdə bu vacib sahənin fəaliyyətini genişləndirməyə, insanların risklərini sığortalamaqla sosial müdafiəsini daha yaxşı təşkil etməyə imkan vermişdir. Sığorta maarifçiliyini genişləndirmək və daşınmaz əmlakın icbari sığortası zamanı əhalini maraqlandıran bəzi suallara cavab vermək üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə müraciət etdik.  Müsahibimiz agentliyin aparıcı mütəxəssisi Hafiz Hüseynovdur.

– Hafiz müəllim, vətəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortası nə üçün vacibdir və o, hansı qanun və fərman əsasında aparılır?

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd ahılların sosial problemlərini öyrənmək və ictimaiyyətin diqqətini onların həllinə yönəltməkdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmış, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmişdir. 2011-ci il dekabr ayının 30-da qəbul edilmiş “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 70 yaşına çatmış hər bir şəxs ahıl sayılır. Azərbaycanda bu təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi, maddi və mənəvi tələbatlarının ödənilməsi uğurla həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir.
Ölkəmizdə yaşlı insanların problemlərinə həssas münasibət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də diqqət mərkəzindədir. Dövlət başçısının “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2006-cı il 17 aprel tarixli Sərəncamı ahılların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatların həyata keçirilməsinə, ölkəmizdə ahılların sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan yaratmışdır.

Ardını oxu...

Şahbuz şəhərində fəaliyyət göstərən Ahıllar evi sakinlərinin rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Onların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə müxtəlif tədbirlər, o cümlədən muxtar respublikamızın tarixi, görməli yerlərinə gəzintilərin təşkili artıq ənənə halını alıb.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Ahıllar evinin 13 sakininin Naxçıvan şəhərinə gəzintiləri təşkil edilib. Tədbir iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzində olub, Əcəmi seyrəngahını gəzərək Naxçıvan Dövlət Xalça və Açıq Səma Altında muzeylərin eksponatlarına, həmçinin Möminə xatın türbəsinə baxıblar.
Gəzinti iştirakçılarına müalicə mərkəzinin fəaliyyəti, duz şaxtalarının bronxial-astma xəstələrinə müalicəvi təsiri, muzeylərdə nümayiş etdirilən eksponatlar, həmçinin tarixi abidələrimiz haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Gəzinti iştirakçıları üçün nahar və çay fasiləsi təşkil olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının təşkilatçılığı ilə ahıl əlillər arasında şahmat, dama və nərd üzrə muxtar respublika birinciliyi keçirilib.
Yarış başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Paralimpiya Federasiyasının sədr müavini Elçin Nəzərəliyev çıxış edərək ahıl idmançılara uğurlar diləyiblər. Naxçıvan şəhərindəki Şahmat Mərkəzində 30 nəfər ahılın iştirakı ilə keçirilən yarışın məqsədi əlil ahılların asudə vaxtının səmərəli təşkil edilməsi idi. Sonda şahmat üzrə İsrafil Hüseynli (Culfa) birinci, Əsədulla İsmayılov (Ordubad) ikinci, Cəlal Fətullayev (Babək) üçüncü; nərd üzrə Elxan Süleymanov (Naxçıvan) birinci, Hüseyn Abbasov (Naxçıvan) ikinci, Bayram Məmmədov (Şərur) üçüncü; dama üzrə Vahid Məmmədov (Naxçıvan) birinci, Fərhad Talıbov (Naxçıvan) ikinci, Vaqif Sadiqov (Ordubad) üçüncü yerlərə layiq görülüblər.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3875379
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
306
3976
23769
65770
3875379

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter