18 Sentyabr 2019, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən səyyar tibbi-texniki heyət cari ilin ilk ayında bölgələrimizdə yaşayan, protez-ortopedik məmulatlara və texniki bərpa vasitələrinə ehtiyacı olan 58 nəfər məhdud fiziki imkanlıya, o cümlədən 22 ahıla və sağlamlıq imkanları məhdud 18 yaşınadək 9 uşağa xidmət göstərib. Məhdud fiziki imkanlı vətəndaşlarımıza evlərində baş çəkilərək ehtiyacı olan 7 nəfərdən protez və ortez sifarişləri qəbul edilib, 3 nəfərin protezləri təmir edilib, 41 nəfər texniki bərpa vasitələri, o cümlədən 2 nəfər kreslo-veloaraba, 3 nəfər eşitmə aparatı, 36 nəfər əsa, qoltuqaltı və dirsəkaltı ağaclarla təmin olunub.
Nazirlik sağlamlıq imkanları məhdud uşaqların bilik və bacarıqlarının, istedadlarının üzə çıxarılması istiqamətində də tədbirləri davam etdirir. Belə tədbirlərdən növbətisi dünən məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində keçirilib. Bu tədbirdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar kompyuterlər vasitəsilə bilik yarışında iştirak ediblər. Muxtar respublikamızın şəhər və rayonlarından bu yarışa qatılan 20 uşaq 2 komandada bilik və bacarıqlarını sınayıb. Üç mərhələdən ibarət olan yarışda ilk üç yerin sahibləri mükafatlandırılıb, yarışın digər iştirakçılarına isə həvəsləndirici hədiyyələr təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi növbəti tədbir nazirliyin nəzdində fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyasının həkimlərinin Ahıllar evinə getməsi olub. Onlar Ahıllar evinin sakinlərini müayinədən keçirib, ahıl vətəndaşlarımızın səhhəti ilə maraqlanıb, tibbi məsləhətlər veriblər. Texniki bərpa vasitələrinə ehtiyacı olan ahıl vətəndaşlarımızdan biri eşitmə aparatı, bir ahıl isə əsa ilə təmin olunub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
 mətbuat xidməti

Bu mövzuya toxunmaqda əsas məqsədim internet səhifələrindəki söhbət kanallarında vaxtını boşa keçirən insanlara bunun bir “xəstəlik” olduğunu xatırlatmaqdır. Əksər insanlar bunun “xəstəlik” olduğunun fərqində deyillər; əksinə, bunu sosiallaşma kimi başa düşürlər.
Bir az oturub düşünür, bu cür “xəstələri” anlamağa çalışıram. Çünki bir şeyi ittiham edərkən ilk olaraq onu dərk etmək lazımdır. Bu andan sonra mən də bu “xəstəliyə məruz qalan bir xəstə” rolunu oynayıram. Çətin olacaq, amma bunun, doğrudan da, bir xəstəlik olduğunu insanlara çatdırmaq üçün bu rolu “oynamalıyam”. Əlimdəki mobil telefonla bu “xəstələrin” “yatırıldığı xəstəxanaya” – söhbət (çat) saytına daxil oluram. Burada o qədər “xəstə” var ki, saymaqla bitməz. Mən də bir müddət buradakı “xəstələrlə” ünsiyyət qurmağa çalışıram. Söhbətlər məndə də saxta sevinclər yaratsa da, mənə təsir edə bilmir. Çünki bunun bir “xəstəlik” olduğunu əvvəlcədən bilirəm. “Bəs bunu bilməyənlər nə edəcəklər?” – deyə düşündüm və bu yazını qələmə aldım.

Ardını oxu...

Planetimizdə əsas radiasiya fonu təbii şüa mənbəyi hesabına yaranır. Təbii radiasiya mənbələri arasında ümumi radiasiya dozasına səbəb olan radon qazı birinci yerdədir. Adi radon maddəsi normal şəraitdə rəngsiz, dadsız, iysiz, təsirsiz qazdır. Həyat üçün təhlükəli ola bilər. Otaq temperaturunda ən ağır qazlardan biridir, havadan 7,5 dəfə ağırdır. O, yer qatının qalınlıqlarında mövcud olur və atmosferə tədricən yayılır. Amma öz-özlüyündə deyil, daha yüngül qazlar olan hidrogen, karbon qazı, metan, azot və başqalarına qarışaraq yayılır.
Son zamanlar alimlər aydınlaşdırmışlar ki, insanın radiaktiv şüalanmasına ən çox məhz radon qazı səbəb olur, radon qazı insanlar tərəfindən alınan şüalanmanın illik dozasının dörddə üçünü və təxminən bütün təbii mənbələrdən bu dozanın yarısını təşkil edir.

Ardını oxu...

Hər dəfə qar yağanda babamın mənə uşaqlıq vaxtlarımda dediyi sözlər yadıma düşür: qar bərəkətdir. Qar yağanda elə bilin ki, göydən bərəkət yağır. Qar yağırsa, deməli, ulu Tanrı bəndələrini sevir, onların ruzi payını göndərir. Çünki nə qədər çox qar yağarsa, ruzi-bərəkət o qədər çox olar. Zəmilər yaxşı göyərər, məhsul bol olar. Bulaqların suyu qurumaz, il boyu çağlayar, yazda da, qızmar yayda da çayların suyu azalmaz. Ona görə də qışın gözəlliyi qardır. Qar növbəti ilin məhsul sevincinin müjdəçisidir.

Bu gün səhər açılar-açılmaz qar yağmağa başladı. Fikir verdinizsə, hamının sevindiyini görmüsünüz. Qarın rəngi ağdır, ağ isə aydınlıq simvoludur. Qar yağanda sanki fikirlər də aydınlaşır. Simalara sevinc qonur. Uşaqların sevinci isə yerə-göyə sığmır. Məktəbə yollanarkən, dərsdən çıxıb evə qayıdarkən əlləri üşüyənədək, əlcəkləri islananadək qartopu oynayırlar.

Ardını oxu...

Əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindəndir.
Muxtar respublikamızda aparılan genişmiqyaslı tikinti-abadlıq işləri, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması təhlükəsizlik və sağlamlıq şərtlərinə tam cavab verən iş yerlərinin yaradılması məsələsini aktuallaşdırır.
Bu məqsədlə istehsal, emal və tikinti sahələrində kimyəvi qazların, rütubətin, tozlanmanın, səsin, işıqlandırmanın, şüalanmanın, istiliyin və digər amillərin səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Fiat” markalı müasir səyyar laboratoriya avtomobili ilə təmin olunub. Xidmətin əməkdaşları mövcud avadanlıqlardan istifadə qaydalarını mənimsəmək üçün Bakı şəhərində keçirilən təlim kurslarında iştirak ediblər.
Səyyar laboratoriya istehsal prosesində, kimyəvi məhsulların istehsalı və istifadəsi aparılan müəssisələrdə və qapalı iş sahələrində oksigen qazının, partlayıcı xassəyə malik metan qazının, zəhərli dəm, xlor, kükürd, azot və digər qazların səviyyəsinin ölçülməsini həyata keçirən doqquz ədəd “Toxi Rae” və iki ədəd “Ultra Rae-3000”, binalarda (ofislərdə, otaqlarda və sair) iş sahəsinin işıqlandırılmasını, qapalı müəssisələrdə mövcud hərarətin və rütubətin, səs səviyyəsinin, açıq hava şəraitində aparılan işlər zamanı ultrabənövşəyi şüaların, müəssisələrdə dəzgahların, boruların, mexanizmlərin, mühərriklərin hərarətini və sair amillərin səviyyəsini ölçən portativ avadanlıqlarla təmin olunub.

Ardını oxu...

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR