21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Bu yazını hazırlayarkən bir neçə il əvvəl mərkəzi mət­buat­da oxuduğum məqaləni xatırladım. Məqalədə deyilirdi ki, dünyanın inkişaf etmiş bəzi ölkələrinin büdcəsi turizm gəlirləri hesabına formalaşır. Bu fakt ilk baxışda mənə inandırıcı görünmədi. Sonrakı araşdırmalarımda bu qənaətin doğruluğuna inandım. Elə öz ölkəmizdə turizmin inkişafına göstərilən dövlət qayğısı, yeraltı və yerüstü sərvətlərlə zəngin olan respublikamızın dünya miqyasında həm də turizm potensialı baxımından tanıdılması başlıca amildir. Gətirdiyi gəlir də öz yerində... Azərbaycan Respublikasının müxtəlif bölgələrinin xarici turistlərin üz tutduqları ünvana çevrilməsi isə bu günün reallığıdır.
Qürurvericidir ki, həmin bölgələr içərisində Naxçıvan Muxtar Respublikası ön sıralardan birindədir. Bu gün sirr deyil ki, qədim diyarımızın hər bir bölgəsi genişmiqyaslı quruculuq tədbirləri hesabına ayrı büsatdadır. Onların hər biri müasir Azərbaycan rayonunun canlı nümunəsidir. Bu ünvanlar arasında Şahbuz rayonunun da öz yeri var. Şahbuz həm də təbii və füsunkar gözəllikləri ilə turizm üçün ən əlverişli ünvanlardan biridir. Bu da bir neçə amillə bağlıdır. Qeyd edək ki, bir şəhər, bir qəsəbə və 23 kənddən ibarət olan rayonda Şahbuz şəhəri və Badamlı qəsəbəsi ilə yanaşı, Kolanı, Kükü, Biçənək, Badamlı, Külüs kimi iri yaşayış məntəqələri, elə digər kəndləri də füsunkar təbiəti ilə bu ünvanlara üz tutanları heyran edir. Bütün kəndlərə müasir standartlara cavab verən yollar çəkilib. Ən ucqar yaşayış məntəqələrində belə, kompleks quruculuq tədbirləri həyata keçirilib, təhsil, mədəniyyət, səhiyyə, rabitə və digər infrastrukturlar üçün yeni binalar inşa edilib, onların maddi-texniki bazaları gücləndirilib. Sahibkarlığın, kənd təsərrüfatının inkişafına yaradılmış şərait insanların məşğulluğunu təmin edib, həm də onların yaşayış səviyyəsini yüksəldib.

Kiçik Qafqazın Dərələyəz silsiləsinin qərb yamaclarında yerləşən bu bölgə zirvələri göylərə çatan dağlarla əhatələnib. Küküdağ, Şişqatar, Biçənək aşırımı, Zəngəzur silsiləsində Şapur, Salvartı, Keçəldağ, Üçqardaş, Qonaqgörməz, Ağdaban dağları Şahbuza bir möhtəşəmlik bəxş edib. Adla deyilən faydalı yataqlar, min bir dərdin dərmanı olan müalicəvi bitkilər, dadlı-ləziz meyvələr, mineral sular bu yurd yerinin təbii sərvətləridir.
Şahbuzda Eneolit, Tunc, Dəmir dövrlərinə, Antik dövrə və orta əsrlərə aid olan yaşayış yerləri və qəbir abidələri bu yurdun qədim tarixindən xəbər verir.
Bu tarixi abidələrdə Şahbuzun ulu keçmişi yaşayır. Biçənək kəndindən şərqdə yerləşən Fərhad evi buraya gələn qonaqları heyrətdə qoyur. Eramızdan əvvəl birinci minilliyin sonlarına və eramızın əvvəllərinə aid olan Fərhad evi ilə bağlı xalq arasında yayılmış müxtəlif rəvayətlər turistlərə yurdun tarixini danışır. Digər bir canlı təbiət abidəsi isə Gəlin qayasıdır. Abidə Azərbaycan xalqının daşadönmə ilə bağlı inanclarını əks etdirir.
Rayonun turizm üçün əlverişli məkan sayılmasında digər amillər də var. Bunlardan biri də bölgədə təbiət qoruğunun yaradılmasıdır.
Hazırda burada 32 növ vəhşi heyvan, 127 növ quş, 1580 növ bitki qorunur. Aparılan araşdırmalar nəticəsində burada 39 fəsilədə cəmlənən 80 cinsə aid 111 növ nadir və məhvolma təhlükəsi ilə üzləşən bitki növü müəyyən edilib. Nəsli kəsilməkdə olan heyvan növlərindən qonur ayı, Avropa tüvüyü, cüyür, vaşaq, nadir bitkilərdən isə zümrüdçiçəyi, ələyəz, görgəmli çiriş, dəfinəotu, gövdəsiz yumaqotu və başqalarını qeyd etmək olar. Təqdirəlayiq haldır ki, ərazidə mövcud olan nadir bitki növlərinin çoxluğu və həmin bitkilərin gələcəkdə yoxolma ehtimalı nəzərə alınaraq ətraf mühitin ekoloji tarazlığının qorunması məqsədilə müntəzəm olaraq onların reintroduksiyası və bioekoloji xüsusiyyətlərinin öyrənilməsi işi həyata keçirilir.
Burada yaradılan İnformasiya Mərkəzində Flora, Fauna və Etno­qrafiya şöbələri fəaliyyət göstərir. Binada torpaq nümunələri, məişətdə istifadə olunan qədim alətlər, ərazidə yetişən dərman bitkilərinin herbariləri, otların ekstraktları, meyvə quruları və heyvan müqəvvaları nümayiş etdirilir.
Rayonda müasir turizm infra­strukturunu göstərən amillərdən biri də Ağbulaq kəndində yaradılmış istirahət mərkəzidir. Bu mərkəzin əhəmiyyətini təkcə burada təklif olunan rekreasiya xidmətləri ilə məhdudlaşdırmaq düzgün olmazdı. Artıq neçə ildir ki, fəaliyyətdə olan Ağbulaq İstirahət Mərkəzi muxtar respublikada həyata keçirilən sosial layihələrə də ev sahibliyi edir. Bu istirahət mərkəzi həm də muxtar respublika gənclərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün ideal məkana çevrilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Pro­qramı”na uyğun olaraq muxtar respublikanın kənd turizminin tətbiq edildiyi ilk yaşayış məntəqəsi olan Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün də kompleks işlər görülür. Bu tədbirlər burada yay turizmi ilə yanaşı, qış turizminin inkişafı üçün də əlverişli şərait yaradacaq.
Şahbuzun turizm potensialında Batabat yaylağı xüsusi yer tutur. Burada gözəl şairimiz İslam Səfərlinin Batabata həsr etdiyi şeirini xatırlamamaq olmur:

Vüqarlıdır zirvələrin, qaşların,
Üzə gülür qayaların, daşların,
Mən İslamam, öz səsimi quşların
Nəğməsinə qata-qata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.

Batabat, doğrudan da, füsunkar bir təbiət abidəsidir. Bu abidənin hər qarışı gözəllikdən yoğurulub. Batabat özünün sıx meşəsi, buranın bitki və canlılarla zəngin biomüxtəlifliyi, bir-biri ilə növbələşən landşaft mənzərələri, suyu adamın əllərini donduran Zorbulağı, dünyada, bəlkə də, bənzəri olmayan “Üzən ada”sı ilə məşhurdur. Burada insana şəfaverici xüsusiyyətlərə malik olan otların, çiçəklərin, ağac və kolların hər birinin turistlər üçün ayrıca bir dəyəri vardır. Batabat ekoloqların, təbiət dostlarının, məktəblilərin, velosiped, herbari həvəskarlarının və ya sadəcə, turistlərin sevimli məkanıdır. Bu ərazinin təbii quruluşu və yaradılmış müasir yol infrastrukturu Batabatda elmi araşdırmaların aparılmasına da şərait yaradıb. Batabat Astrofizika Rəsədxanasının burada yerləşməsi təsadüfi deyildir. Çünki coğrafi mövqe və havanın son dərəcə təmizliyi günün istənilən saatında aparılan araşdırmalar üçün çox əlverişlidir.
Şahbuz rayonunun turizm cazibədarlığının nəticəsidir ki, buraya təkcə muxtar respublikamızdan deyil, ölkəmizin digər bölgələrindən, xarici ölkələrdən də gələnlər olur.
Biz də bu günlərdə yolumuzu Batabat yaylağından salmağı qərara aldıq. Burada gördüklərimiz eşitdiklərimizdən xeyli çox oldu. Havaların bir qədər sərin keçməsinə baxmayaraq, Batabat yaylağına dincəlmək üçün gələnlər kifayət qədər idi. Qeyd edək ki, son illər bu ərazidə müalicəvi dərman bitkilərinin toplanması və satışının təşkili, ərazinin müxtəlif yerlərində muxtar respublikanın ayrı-ayrı bölgələrindən gətirilmiş arı ailələrinin saxlanılması da diqqəti çəkir.
Yaylaqda yerli vətəndaşlarla yanaşı, qardaş Türkiyə Respublikasından və Bakı şəhərindən gəlmiş qonaqlarla görüşdük. Türkiyədən gəlmiş Qurban Turanla həmsöhbət olduq. Bir neçə ildir ki, ailəsi ilə buraya gəldiyini bildirən Qurban Batabat yaylağının əsrarəngiz gözəlliyinə heyran qaldığını dilə gətirdi. Yaradılmış səliqə-sahmandan razılıqla danışdı. Batabata çəkilmiş yolun isə ən müasir standartlar səviyyəsində olduğunu dedi. Burada dincələn insanlarla tez ünsiyyət qurduğunu vurğuladı və bildirdi ki, Türkiyənin Naxçıvan Muxtar Respublikasına yaxın olan Aralıq bölgəsindəndir. Odur ki, buraya gəlib-getmək o qədər də çətin deyil. Batabatda daha çox xoşladığı bir tərəfdə oturub “Üzən ada”ya baxmaqdır. Təbiətin bu möcüzəsi onu öz sehrinə alıb. İnanmır ki, dünyanın başqa yerlərində də belə möcüzə ilə rastlaşsın.
Bakı şəhərindən gəlmiş Cavad Həsənov bildirdi ki, dünyanın bir çox ölkələrini gəzib. Sanatoriyalarda, kurortlarda olub. Batabatın verdiyi zövqü isə o ünvanların heç birindən almayıb. Şahbuz rayonu, onun səfalı kəndləri, təmiz havası, suyu, müalicəvi otları Ulu Tanrının bu qədim torpağa ən böyük hədiyyəsidir.

Yay turizm mövsümü başa çatmaqdadır. Buna baxmayaraq, Batabat yaylağında istirahət edənlər çoxdur. Onlar arasında yerli sakinlərlə yanaşı, ölkəmizin bölgələrindən də gələnlər var. Qonaqlar diyarımızın bugünkü yaşayış səviyyəsini yaxından görür, belə bir ünvandan xoş təəssüratlarla ayrılırlar. 

Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3298657
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2479
4291
10425
83303
3298657

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter