16 Sentyabr 2019, Bazar ertəsi

Muxtar respublikamızda hər il 600-dən çox bal toplayaraq tələbə adını qazanan məzunların sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsidir. Bugünkü yazımız bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış Culfa rayon məktəblərinin məzunları haqqındadır.
Səmanə İmanova rayonun Mahmud Zeynalov adına Ərəzin kənd tam orta məktəbini bitirib. O deyir ki, sınaqlarda yaxşı bal toplayır, özümə güvənir və çox çalışırdım. Səmanə birinci mərhələdə III qrup üzrə 651 bal toplayıb. O, Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə ali təhsil alıb gələcəkdə hüquqşünas olmaq arzusundadır. Səmanə deyir: – Hərənin uşaqlıqdan bir arzusu olur və mənim də ən böyük arzum hüquqşünas olmaqdır. İstər oxuduğun müddətdə, istərsə də həyatda uğur qazanmaq üçün səbirli və çalışqan olmaq əsas şərtdir. Yalnız oxumaq istəyən, gələcəyi haqqında düşünən, istedadlı, bilikli insan öz yolunu doğru seçə bilər. Ancaq demək istəyirəm ki, qazandığım bu uğura görə valideynlərimə və müəllimlərimə borcluyam.
Çox istəyirəm ki, gələcəkdə yaxşı təhsil alıb, peşəkar bir kadr kimi yetişim. Bunun üçün seçdiyim ali təhsil ocağında hər cür şərait var. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda yüksək biliyə malik olan gənclər özləri üçün yaxşı iş tapa və xoşbəxt gələcəklərini təmin edə bilirlər. Mən də gələcəkdə belə ­bacarıqlı, peşəkar gənclər sırasında olacağıma inanıram.

Culfa şəhər 3 nömrəli tam orta məktəbi bitirən Məhəbbət Abbas­zadə qəbul imtahanında III qrup üzrə 586 bal toplayıb. Ən böyük istəyi tarixçi olmaqdır. O deyir: – Hər bir gənc öz xalqının tarixini bilməlidir. Yalnız onu dərindən bilənlər əsl vətəndaş kimi yetişə, kimliyini dərk edə bilər. Mən də gələcəkdə tarixşünas olub həyatımı bu elmə həsr edəcəyəm. Məhəbbət ona təhsil verən, bilik öyrədən müəllimlərinə minnətdarlıq edir. O, məktəblərarası keçirilən “Poliqon” bilik yarışında “Qələbə” qrupunda iştirak edib və I yerə çıxaraq diplomla təltif edilib.
Məhəbbət onu da bildirir ki, bu gün naxçıvanlı gənclərin savadlı, geniş dünyagörüşlü olması, diyarımızı müxtəlif yarışlarda yüksək səviyyədə təmsil etmələri də bunun sübutudur.
Culfa rayonunun Əbrəqunus kənd tam orta məktəbində təhsil alan Təbriz Həsənli isə qəbul imtahanında I qrup üzrə 619 bal toplayıb. İkinci dəfə imtahan verib və yenidən həmin balı yığıb. İndi əsas məqsədi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsilini davam etdirib kompüter mühəndisi olmaqdır. O, dəfələrlə məktəbdə keçirilən olimpiadalarda, bilik yarışlarında iştirak edib və uğur qazanıb. Culfa şəhərində təşkil edilən riyaziyyat olimpiadasında I yer tutub. Bu günə qədər keçirilən sınaq imtahanlarında ən yüksək nəticəsi 691 bal olub. O deyir ki, çox çalışmaq, verilən tapşırıqları vaxtında yerinə yetirmək uğura aparan yoldur.
Təbriz sonda onu da bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək bal toplayan tələbələrlə görüşməsi bizim 11 illik zəhmətimizə verilən ən böyük dəyər olacaq. Həmin tələbələr sırasında olacağımı düşünmək məni daha da qürurlandırır.
Təbriz Həsənlinin atası Malik Həsənov Bənəniyar kənd tam orta məktəbində riyaziyyat müəllimidir. Malik müəllim deyir ki, bir valideyn kimi Təbrizə həmişə dəstək olmuşuq. O, orta məktəbdə çox yaxşı oxuyub, ona görə inanırdıq ki, universitetə qəbul imtahanında da yüksək nəticə göstərəcək. Həm də ona görə ki, bu gün muxtar respublikamızda şagirdlərin yüksək təhsil alması üçün hərtərəfli şərait mövcuddur. Mənim övladım da yaradılan təhsil şəraitindən bəhrələnərək qəbul imtahanlarında yüksək bal toplayıb. Bir valideyn üçün bundan böyük sevinc ola bilməz.
Muxtar respublikanın bir rayonunun timsalında ali məktəblərə qəbul imtahanlarında qazanılan bu uğurlar, nəinki paytaxt Naxçıvanımızda, bölgələrdə də təhsilin yüksək keyfiyyətindən, yaradılan şərait, müasir infrastruktur nəticəsində kadr potensialı hazırlanması baxımından qazanılacaq bəhrələrdən soraq verir.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR