13 Noyabr 2019, Çərşənbə

İran İslam Respublikasının Təbriz şəhərində nəşr olunan “Ərk” qəzetində Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə bağlı məqalə dərc olunmuşdur. Həmin məqaləni təqdim edirik. 


Dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan, Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsinin formalaşdığı Naxçıvan Muxtar Respublikasında muxtariyyətin yaradılmasının 95 illiyi qeyd olunur. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir. 1921-ci il 16 martda bağlanmış Moskva və 1921-ci il 13 oktyabrda bağlanmış Qars müqavilələri Naxçıvanın taleyinin həll edilməsində böyük əhəmiyyətə malik olmuşdur. 1924-cü il fevralın 9-da Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Respublikasına çevrildi. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına və 1998-ci il dekabrın 29-da qəbul olunmuş Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikasına Azərbaycan Respublikasının tərkibində muxtar dövlət statusu verildi.

Görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində bu gün Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir, günü-gündən çiçəklənir. Blokada şəraitində yaşasa da, Naxçıvan Muxtar Respublikasında hərtərəfli və dayanıqlı inkişafa nail olunub. Muxtar respublikada müşahidə edilən bu inkişafın şahidi olmaq üçün dünyanın hər bir guşəsindən bu diyara səfərlər edilir. Muxtar respublikada görülən böyük abadlıq-quruculuq işləri nəticəsində xarici ölkələrdən muxtar respublikaya turist axını daha da artmaqdadır. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır. Burada qədim dövrlərin yadigarı olan tarixi-memarlıq abidələri möhtəşəmliyi ilə diqqətləri özünə cəlb edir.
Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən gözəl əsərlərindən biri olan Möminə xatın türbəsi orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin bir şahidi kimi Naxçıvanın mərkəzində yüksəlir. Abidənin üzərindəki kitabədən türbənin 1186-cı ildə tikildiyi məlum olur. Möminə xatın türbəsi bürcvarı Azərbaycan türbələrinin ən görkəmli nümunəsidir. Abidə yeraltı və yerüstü hissələrdən ibarətdir. Türbənin bucaqlarındakı çıxıntılar əsas etibarilə kufi xətlə işlənmiş kitabə ilə örtülmüşdür. Kitabədə həkk olunan maraqlı bir misra türbə ilə tanış olan hər kəsdə unudulmaz təəssürat buraxır: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.
Əcəmi Əbubəkr oğlunun digər bir gözəl əsəri olan Yusif Küseyir oğlu türbəsi xalq arasında “Atababa türbəsi” və ya “Atababa günbəzi” də adlanır. Səkkiz əsrdən çox yaşı olan türbə XX əsrin ortalarında bərpa edilmişdir. Bərpa işləri nəticəsində türbənin dağılmış hissələri düzəldilmiş, mühəndis qurğuları möhkəmləndirilmişdir. Abidə yeraltı sərdabədən və yerüstü qülləvarı hissədən ibarətdir.
Gülüstan türbəsi Culfa rayonunun Gülüstan kəndi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir. Azərbaycanın digər türbələrindən fərqli olaraq Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə yerləşir. Əcəmi Naxçıvaninin türbələrində olduğu kimi, burada da taxçaların içi incə həndəsi naxışlarla örtülmüşdür.
Kəngərli rayonunun Qarabağlar kəndində orta əsrlərə aid tarixi-memarlıq abidəsi olan Qarabağlar Memarlıq Kompleksinə daxil olan türbədən başqa, burada qoşa minarə və onların arasında yerləşən dini bina qalıqları var. Qoşa minarənin XII əsrin sonu, XIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağ isə XIV əsrə aiddir. Baştağın üzərində Elxani hökmdarı Hülakü xanın arvadı Quti xatının adı yazıldığından, onun Quti xatının şərəfinə tikildiyi güman edilir. Türbənin Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndəsi Əhməd Əyyub oğlu Hafiz Naxçıvani tərəfindən inşa edildiyi ehtimal olunur.
Həmçinin təbiət abidələri – əsrlərdən bəri qorunub saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı Gəmiqaya abidəsi, Kilit mağarası, Qazma mağarası, bu yerlərin əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincə qalası, möhtəşəmliyi ilə seçilən Haçadağ, Babək qalası, Göygöl, Əshabi-Kəhf və yüzlərlə sənət əsərləri Naxçıvan diyarının analoqu olmayan turizm potensialıdır.
Qədim türk mədəniyyəti üçün səciyyəvi olan qayaüstü rəsmləri özündə əks etdirən Gəmiqaya abidələri Azərbaycan xalqının tarixinin, mənəvi mədəniyyətinin öyrənilməsi üçün böyük xəzinədir. Gəmiqaya qayaüstü abidələri Ordubad rayonu ərazisində, 3000-3500 metr yüksəklikdə olan Qaranquş yaylağındadır. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycan türklərinin ulu babalarına aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya-Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və sair) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı-ayrı işarələr və digər təsvirlər həkk edilmişdir. Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 5-6 min il yaşı var.
Əlincə qalası Culfa rayonunda, Əlincəçayın sağ sahilində və eyniadlı dağın zirvəsindədir. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı, təqribən, 2 min il bundan əvvələ aid edirlər. “Kitabi-Dədə Qorqud” dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Əlincəqala özünəməxsus təbiəti olan bu yerlərin əzəmətinin, mübarizliyinin rəmzidir. Qala, hər şeydən əvvəl, özünün qeyri-adi görünüşü ilə insanı heyrətə gətirir. Əlincəqalanın divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. Qalanın qədim bəndi ətraf kəndlərdən gətirilmiş iri daşlardan və bişmiş kərpicdən hörülmüşdür. Qalanın kiçik şəhərciyi xatırladan yuxarı hissəsində bişmiş kərpicdən tikilmiş çoxlu yaşayış və ictimai binaların xarabalıqları və bünövrə daşları nəzərə çarpır. Əlincə qalası hazırda dağ idman turizmi üçün böyük potensiala malikdir.
Muxtar respublikada mövcud olan dini ziyarətgahlar, pir və imamzadələr, xüsusilə müqəddəs “Qurani-Kərim”in “Əl-Kəhf” surəsində haqqında bəhs edilən Əshabi-Kəhf ziyarətgahı dini turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində ziyarətçilərin ziyarət etməsi üçün hər cür şərait yaradılmışdır.
Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi də turistlərin ən çox ziyarət etdikləri məkanlardan biridir. Nuh türbəsi Naxçıvan şəhərinin cənub tərəfində yerləşən memarlıq abidəsidir. Məzarın hazırkı görkəmi 8-ci yüzillikdə bərpa edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” 2006-cı il 28 iyun tarixli Sərəncamı əsasında 2007-2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunmuş, ərazidə geniş abadlıq və yenidənqurma işləri ­aparılmışdır.
Muxtar respublikanın zəngin turizm potensialından səmərəli istifadə etmək məqsədilə mühüm işlər görülmüş, şəhər və rayonlarda milli və müasir memarlığın nailiyyətlərini özündə cəmləşdirən istirahət parkları istifadəyə verilmiş, müasir tələblərə cavab verən mehmanxanalar tikilmiş, yeni abidələr ucaldılmış, tarixi yaddaşı əks etdirən qədim memarlıq abidələri bərpa və konservasiya edilərək əvvəlki görkəmlərinə qaytarılmışdır. Duzdağ Fizioterapiya Mərkəzi, həmçinin Darıdağ Arsenli Su Müalicəxanası müasir tələblər səviyyəsində yenidən qurulmuş, müayinə, müalicə və istirahət üçün hər cür şərait yaradılmışdır.
Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvan şəhərinin 14 kilometrliyində, 5 ulduzlu “Duzdağ” mehmanxanasından iki kilometr məsafədə yerləşir. Mərkəz 1979-cu ildən xəstəxana kimi fəaliyyətə başlamış, 2006-cı ildə yenidənqurma işləri aparılmış, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunmuşdur. Duzdağ Fizioterapiya Mərkəzində, əsasən, allergik xəstəliklərdən, xüsusilə bronxial-astmadan əziyyət çəkənlər müalicə alırlar. Mərkəzdə tənəffüs orqanları xəstəliklərini uğurla sağaltmaq mümkündür. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir.
Darıdağ Arsenli Su Müalicəxanası muxtar respublikanın Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metr hündürlükdə, Şorsu dərəsində yerləşir. Darıdağ Arsenli Su Müalicəxanasında 32 kəşfiyyat quyusundan və 5 bulaqdan ibarət olan arsenli su bir çox xəstəliklərin sağal­masında mühüm rola malikdir. Darıdağ suyu karbonqazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidro­karbonatlı-natriumludur. Polşada Kudova, Almaniyada Dürkgeym, Rusiyada Sineqorsk, İtaliyada Rençeko və Leviko, Fransada Lua Bulbul sularının oxşarıdır. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyi ilə Darıdağ suyu onlardan daha üstündür.
Müalicəvi istirahət məkanları ilə yanaşı, vaxtdan səmərəli istifadəni təşviq edən muzeylər, əyləncə və istirahət xarakterli kino və teatrlar, il ərzində müxtəlif milli festivalların keçirildiyi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, yeni istifadəyə verilən “Saat Meydanı” turistik istirahət mərkəzi cazibədarlıqları ilə qonaqlarda heyrətamiz izlər buraxır.
Muxtar respublikada 20-dən çox mehmanxana və mehmanxanatipli müəssisə fəaliyyət göstərir, mehmanxanalarda yerlərin ümumi sayı 1500-dən çoxdur. Yəqin ki, təkcə muxtar respublika sakinləri deyil, həm də regiona tez-tez səfər edən qonaqlar öz şəraiti ilə seçilən “Duzdağ”, “Təbriz”, “Qrand Naxçıvan”, “Avtovağzal” otellərini yaxşı tanıyırlar. Mehmanxanalarda turistlərin rahatlığı üçün hər cür şərait yaradılıb.
Muxtar respublikanın rəngarəng təbiət mənzərələri, əlverişli iqlim şəraiti, mineral suları ekoturizmin inkişafını şərtləndirən başlıca amillər sırasındadır. Həyatın bütün sahələrində əsaslı dəyişikliklərin şahidi olduğumuz Naxçıvan Muxtar Respublikasında 95 illik tarixi inkişaf yolunun ən dinamik və dayanıqlı inkişaf dövrü yaşanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublika 20 ildən artıq bir dövrdə hərtərəfli tərəqqiyə nail olmuşdur. Bu işlər bu gün də sürətlə və ardıcıl olaraq davam etdirilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində daha böyük inkişafa doğru inamla və qətiyyətlə irəliləyir, çiçəklənən bir diyara çevrilir.

  

 

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR