28 Fevral 2020, Cümə

2019-cu ilin sonuna sayılı günlər qalıb. Yaradılmasının 95 illiyini böyük nailiyyətlərlə başa vuran muxtar respublikamızda bütün sahələrin dinamik inkişafı təmin olunmuş, həyata keçirilən quruculuq-abadlıq tədbirləri bütünlükdə qədim diyarın simasını daha da dəyişmişdir. Görülən işlərin nəticəsidir ki, 2019-cu ilin ötən dövründə sənaye məhsulunun həcmi artaraq 1 milyard 15 milyon manata çatmış, kənd təsərrüfatı məhsullarının istehsal həcmi 507 milyon 641 min, ümumi daxili məhsulun həcmi 2 milyard 839 milyon manatdan çox olmuş, muxtar respublika üzrə 3250 yeni iş yeri açılmışdır. Təbii ki, əldə olunmuş uğurlarda muxtar respublikamızın hər bir bölgəsinin öz payı var. Bu il yaradılmasının 15 ili tamam olan Kəngərli rayonu da özünün hərtərəfli inkişafı ilə 95 illik muxtariyyət tariximizə töhfələrini verməkdədir.

Naxçıvanın qədim Kəngərlilər tayfasının adını şərəflə daşıyan bu rayon yaradıldığı gündən indiyədək elə sürətli inkişaf dövrü keçib ki, bəzən görülən bütün bu işlərin 15 ilə necə sığdığına inana bilmirsən. Belə ki, Qıvraq qəsəbəsi və 10 kəndi birləşdirən rayonda avtomobil yolları yenidən qurulub, bütün yaşayış məntəqələrində infrastruktur quruculuğu işləri aparılıb, bölgədə muxtar respublika iqtisadiyyatında böyük payı olan sənaye və kənd təsərrüfatı istehsalı sahələri yaradılıb. Görülən işlərin nəticəsidir ki, rayonun sosial-iqtisadi inkişafında baş verən müsbət dəyişikliklər də ildən-ilə artmaqdadır. Statistik məlumatlara nəzər yetirsək, görərik ki, bu ilin yanvar-oktyabr aylarında rayonda 16 milyon 172 min 300 manat dəyərində sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 0,6 faiz çoxdur. Kənd təsərrüfatının inkişafında da müsbət dinamika qorunub saxlanılmış, 38 milyon 525 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricini 4,8 faiz üstələmişdir. İnfrastruktur quruculuğu çərçivəsində isə 2019-cu ilin yanvar-oktyabr aylarında Kəngərli rayonunda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 36 milyon 106 min 700 manat dəyərində vəsait yönəldilmişdir. Bunun da 33 milyon 562 min 800 manatı və ya 93 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
Ümumiyyətlə, rayon yaradıldığı dövrdən indiyədək infrastruktur quruculuğu tədbirləri davamlı xarakter almış, yeni-yeni obyektlər istifadəyə verilmişdir. Belə ki, ötən 15 il ərzində rayonda 79,9 kilometr yeni yol salınmış, 6 körpü qurulmuş, tarixi abidələrimizə, eləcə də dünya əhəmiyyətli memarlıq nümunəsi olan Qarabağlar Türbə Kompleksinə ikinci həyat verilmişdir. Tikinti-quruculuq işləri rayon mərkəzi ilə yanaşı, kəndləri də əhatə etmiş, 5382 şagird yerlik 12 məktəb, 224 yerlik uşaq bağçası tikilmiş, Mədəniyyət Sarayı, 2 muzey, şahmat məktəbi, 11 tibb müəssisəsi, 2 uşaq musiqi məktəbi, 10 kənd və 10 xidmət mərkəzi istifadəyə verilmişdir.
Bu sahədə görülən işlər əvvəlki dövrlərdə olduğu kimi, cari ildə də diqqət mərkəzində saxlanılmışdır. Bu ilin ötən dövrünə nəzər salsaq görərik ki, infrastruktur quruculuğu çərçivəsində aparılan işlər davam etdirilmiş, bir sıra yeni obyektlər tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Məsələn, bu ilin fevral ayından etibarən rayonun Qabıllı kəndinin ərazisində yeni Günəş Elektrik Stansiyası fəaliyyətə başlamışdır. 2 meqavat gücündəki Günəş Elektrik Stansiyasının tikintisi Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti ilə İsveçrənin “Pure Energy Development” SARL Şirkəti arasında 2018-ci ildə imzalanmış müqavilə əsasında həyata keçirilmişdir. Stansiyanın gücü il ərzində 3 milyon kilovat-saat elektrik enerjisinin istehsalı üçün nəzərdə tutulub. Hazırda isə burada yeni 3 meqavatlıq Günəş Elektrik Stansiyasının tikintisi aparılır. Bu obyekt istifadəyə verildikdən sonra hər iki stansiyada istehsal olunacaq elektrik enerjisi muxtar respublikanın enerji təminatına öz töhfəsini verəcək.
2019-cu il martın 7-də rayonun yaradılmasının 15 illiyi münasibətilə Qıvraq qəsəbəsində zirzəmi ilə birlikdə 7 mərtəbəli 48 mənzilli yeni yaşayış binası, Qurtuluş Günü ərəfəsində – iyunun 11-də isə Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün 44 mənzilli, 5 mərtəbədən ibarət yaşayış binası istifadəyə verilmişdir. Həmçinin aparılan abadlıq-quruculuq tədbirləri çərçivəsində Qıvraq qəsəbəsinə məxsusi gözəllik bəxş edən yeni istirahət parkı salınmışdır. 1,6 hektar ərazini əhatə edən parkda dekorativ ağaclar və gül kolları əkilmiş, fəvvarə qurulmuş, müasir işıqlandırma sistemi yaradılmış, oturacaqlar qoyulmuş, uşaqlar üçün burada müxtəlif attraksionlar və nağıllar aləmini xatırladan kiçik evciklər ­quraşdırılmışdır.

Rayon mərkəzində inşası başa çatdırılmış yeni obyektlərdən biri də “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin rayon filialı üçün binadır. Bu ikimərtəbəli binada bank işçiləri, o cümlədən müxtəlif xidmətlərin göstərilməsi üçün hərtərəfli şərait yaradılmışdır.
Qədim diyarımızın bir çox bölgələrində olduğu kimi, Kəngərli rayonunda da tarixi-mədəniyyət abidələri əsaslı şəkildə bərpa edilir, onlara ikinci həyat verilərək turizm üçün cəlbediciliyi təmin olunur. Tarixi əhəmiyyəti ilə seçilən belə tikililərdən biri də Şahtaxtı hamamıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən bu il XIX əsrin yadigarı olan, 210 kvadratmetrlik ərazini əhatə edən Şahtaxtı hamamında kompleks quruculuq işlərinə başlanılıb. Quruculuq tədbirləri zamanı abidənin təməl hissəsi möhkəmləndirilib, hamamın ilkin görünüşü saxlanılmaqla bərpa işləri aparılıb. Artıq bu tarixi-memarlıq abidəsində də işlər yekunlaşdırılıb.
Bu il rayonda kompleks quruculuq işlərinin aparıldığı ünvanlardan biri də Böyükdüz kəndidir. Cari ilin ötən dövründə buradakı tam orta məktəbin binası yenidən qurulub, gələcək perspektiv nəzərə alınaraq şagird yeri sayı artırılıb. Eyni zamanda məktəbdə müasir tədris şəraiti yaradılıb. Yeni kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının binaları da müasir tələblərə uyğun qurulub, kənd sakinlərinə aidiyyəti üzrə yüksək xidmətlər göstərilməsi üçün müasir iş şəraiti yaradılıb. Bu da onlara uzaq məsafəyə getmədən nəzərdə tutulmuş xidmətlərdən hərtərəfli yararlanmağa imkan verəcək.
Görülən tədbirlər çərçivəsində kənddə aparılmış abadlıq işləri də diqqət çəkir. Belə ki, kəndi Naxçıvan-Sədərək magistral yolu ilə birləşdirən avtomobil yolunun yenidən qurulması, həm də kənddaxili yollarda abadlıq işlərinin aparılması sakinlərin rahat gediş-gəlişini təmin edəcək.
Bir sözlə, Böyükdüz kəndində istifadəyə veriləcək yeni obyektlər, abad yollar sakinlərin rahat yaşayışını təmin etməklə bərabər, həm də onlara əsl Yeni il hədiyyəsi olacaq.

- Səbuhi HƏSƏNOV

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR