03 Mart 2021, Çərşənbə

Turizm müasir dünyada qlobal əhəmiyyətə malik olan sahə kimi sosial və iqtisadi əlaqələri tənzimləyir, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradır. Həmçinin müasir turizm bu gün biznes maraqlarının əhatə dairəsini genişləndirməklə iqtisadiyyatın dinamik inkişaf edən sahələrindən birinə çevrilib. Yeni iş yerlərinin açılmasında, əhalinin səmərəli məşğulluğunun təmin edilməsində də turizmin mühüm rolu vardır. Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra bu sahəni diqqət mərkəzində saxlamış, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

2002-ci ildə isə qəbul edilmiş “2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı” ilə bu sahənin hüquqi əsasları, rekreativ ehtiyatlardan səmərəli istifadə olunması qaydaları müəyyənləşdirilmiş və sonrakı dövrlərdə Azərbaycanda turizm sektorunun inkişafına ciddi təkan verilmişdir. 2011-ci il isə ölkə­mizdə “Turizm ili” elan olunmuşdur. Artıq bütün dünyada ən gəlirli sahələrdən biri olmaqla geniş və sürətlə inkişaf edən iqtisadi sektor kimi turizmin inkişaf etməsi bu sahəni sosial-iqtisadi inkişafda aparıcı qüvvəyə çevirmişdir. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında da göstərməkdədir.
Naxçıvan Muxtar Respublikasında da turizmin inkişaf etdirilməsi həyata keçirilən dövlət siyasətində öz əksini tapıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Pro­qramı”nın qəbul olunması bu sahədə görülən işlərin davamıdır.
Müasir dövrdə turizmin mühüm sahələrindən biri də idman turizmidir. İdman turizmi özündə mühüm yenilikləri birləşdirən bir sahə kimi, əsasən, idmanın inkişafı, bu sahə üçün yaradılmış mükəmməl infra­struktur və insanların marağının artması nəticəsində daha da perspektivli bir sektora çevrilməkdədir. İdman və turizm doğru zaman və məkan daxilində birləşdiyində tamlıq təşkil edir və idman turizmini meydana gətirir. Daha bir mühüm xüsusiyyət isə ondan ibarətdir ki, bu iki sahə arasında rəqabət olmaz, əksinə, bir-birindən dəstək alırlar. Hər iki fəaliyyət, əsasən, sərbəst vaxtlarda baş verir. Məsələn, dünyanın müxtəlif yerlərində həyata keçirilən olimpiadalar, turnirlər və əhəmiyyətli yarışlar əvvəlcədən vaxtı və məkanı müəyyən edilməklə insanların tətil üçün vaxt ayırdıqları zamanlara uyğunlaşdırılır. İdman və turizm arasındakı əlaqələr müəyyən mədəni, iqtisadi, siyasi və sosial inkişafa da bağlıdır.

Bunlarla bərabər, idman turizmi bir sıra kateqoriyaları əhatə edir. Belə ki, alpinizm, qolf, ovçuluq, velosipedsürmə, paraşütlə atlamaq açıq idman turizmi, dağ-xizək və digər qış idman növləri qış turizmi, üzgüçülük, avarçəkmə, sörf su idmanı turizmi kimi kateqoriyalarda birləşirlər.
Günü-gündən müasirləşən Naxçıvan Muxtar Respublikasının da böyük turizm potensialı var. Muxtar diyarın coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri müxtəlif turizm növlərinin inkişafı üçün əlverişli şərait yaradır. İdman turizmi də məhz bu sahələrdən biridir.
Muxtar respublikada idman sahəsi ilə turizm sektorunu bir-biri ilə əlaqəsindən bəhs edərkən qeyd etməliyik ki, bu turizm sahəsi burada böyük potensiala malikdir. Belə ki, yaradılan əlverişli infrastrukturla birlikdə buna həm də coğrafi şərait imkan yaradır. Çünki bildiyimiz kimi ərazinin böyük hissəsi dağ silsilələrindən, alçaq və ortayüksəklikli çoxsaylı dağ və təpələrdən ibarətdir. Bu isə qış turizmi baxımından alpinizmi sevənlər üçün dağ gəzintisində fövqəladə cəlbedici və maraqlı imkanlar təqdim edir. Yəni bu coğrafi potensialın bəxş etdiyi dağçılıq və xizəksürmə muxtar respublikada idman turizminin inkişafında əhəmiyyətli rol oynayır. Buna Şahbuz rayonunun Ağbulaq kəndində yaradılan Xizək Mərkəzini misal göstərə bilərik. Qış fəslinin əlverişli keçməsi hər il minlərlə insanın bu əraziyə gəlməsinə səbəb olur.
İdman turizminin geniş yayılmış növlərindən biri də veloturizmdir. Coğrafi şəraitin əlverişli olması, təmiz və sakit hava, həmçinin mədəni və tarixi obyektlərin mövcudluğu muxtar respublikada bu turizm növünü daha da cəlbedici edir. Əsas üstün cəhəti ondan ibarətdir ki, bu cür gəzinti ilə hava təmiz saxlanılır, insanların sağlamlığının qeydinə qalınır. Veloturizmin inkişaf etdirilməsi gələcəkdə velosiped yarışlarının mütəmadi olaraq keçirilməsinə də imkan yaradır.
Bütün bunlardan əlavə, muxtar respublikada mağara turizminin, piyada turizminin inkişafı, ultramarafonlar üçün mühüm potensial vardır. Bu istiqamətdə görülən işlər, əlverişli təbii şərait, həmçinin idmana ayrılan diqqət qədim diyarı idman turizmi üçün ildən-ilə daha cəlbedici edir. Səyahətlə idmana olan marağın kompleks birləşdirilməsi bu işə öz töhfəsini verə bilər.
İnanırıq ki, bu istiqamətdə görüləcək kompleks tədbirlər Naxçıvanda idman turizminin inkişafına yeni imkanlar açacaq.

Eltun İBRAHİMOV
Məhəmməd SÜLEYMANOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşları

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR