17 Oktyabr 2021, Bazar

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Turizm Departamentinin birgə təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində keçirilən “Naxçıvan Muxtar Respublikasında mövcud olan turizm marşrutları üzrə bələdçilərin texniki-peşə biliklərinin təkmilləşdirilməsi” təlimi başa çatıb. Təlim Azərbaycan Turizm Bürosunun Sənaye Assosiasiyaları üzrə meneceri, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının (WFTGA) beynəlxalq təlimçisi Səkinə Əsgərova tərəfindən aparılıb. Tədris müddətində müdavimlərə turizm marşrutları üzrə bölgələrin coğrafiyası, tarixi, iqtisadiyyatı, incəsənət və əsas mədəniyyət mərkəzləri, muzeyləri, maddi və mədəni tarixi-memarlıq abidələri, eyni zamanda bölgə əhalisinin etnoqrafik xüsusiyyətləri haqqında ətraflı məlumat verilib. Təlim iştirakçılarına bu sahədə fəaliyyət göstərən şəxslərin xarici dil biliklərinə, yüksək ünsiyyət qurma, səlis, işgüzar və mədəniyyətlərarası danışıq bacarığına, ölkənin coğrafiyası, tarixi və mədəniyyəti barədə ətraflı biliklərə, dünyagörüşünə malik olmasının əsasları və şərtləri izah edilib. Dörd gün davam edən təlimdə iştirakçılara “Kursun məqsədi və obyektləri”, “Turizm bələdçisinin rolu”, “Müxtəlif növ turlarda bələdçilik fəaliyyəti”, “Bələdçi mətninin strukturu”, “Səs, sözlərdən istifadə, sualların idarə edilməsi”, “Turizm məhsulu və turizm marşrutunun inkişaf etdirilməsi”, “Gəzinti və avtobus turunda beynəlxalq standartlar” mövzularında seminarlar tədris olunub, Naxçıvan Muxtar Respublikası üzrə tematik, muzey, gəzinti və avtobus turları üzrə praktik məşğələlər təşkil edilib. Qeyd edək ki, sonda təlimi uğurla başa vuran iştirakçılara şəhadətnamə və dinləyici sertifikatları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR