03 Dekabr 2021, Cümə

XX əsrin 50-ci illərindən başlayaraq dünyada sürətlə yayılmağa başlayan turizmin inkişafı bu sahənin geniş təbliğatı ilə mümkün olmuşdur. Turizm ehtiyatlarının və ümumilikdə, turizm potensialının öyrənilməsi ilə yanaşı, onların kütləvi təbliğatı da insanları səyahətlərə cəlb edən amillərdən biridir. Məhz buna görə də 100 illik yubileyi qeyd olunan “Şərq qapısı” qəzetinin də Naxçıvan Muxtar Respublikasında turizmin təbliğində çox mühüm xidmətləri olduğunu deyə bilərik. Belə ki, hələ keçmiş sovetlər dönəmində turizmin tamamilə dövlət inhisarında olduğu vaxt sərhədyanı bölgə olan Naxçıvana əcnəbi turistlərin səfərləri məhdudlaşdırılmış və qədim diyarın turizm ehtiyatları da istifadəsiz qalmışdı. Bununla belə, insanların yaşadığı diyarın sahib olduğu təbii gözəlliklərini, tarixi-mədəni zənginliklərini tanıtmaq, bununla fəxr etmək kimi vətənpərvər hissləri həmişə, hər fürsətdə özünü göstərirdi. Belə unikal imkanları isə hələ 70-80 il əvvəl öncül mətbuat orqanlarından biri olan  “Şərq qapısı” qəzeti yaradırdı. 

 Bu gün Naxçıvana səfər edən turistlərin əsas motivləri arasında qədim diyarın tarixi abidələri, təbii sərvətləri və qonaqpərvərlik elementləri ilə tanışlıq mühüm yer tutur. Qəzetin arxivinə nəzər saldıqda hələ 1940-cı illərdən başlayaraq Naxçıvanın mineral suları, yaşı min ilə çatan qədim abidələri haqqında olan məqalələri bugünkü turizm ehtiyatları haqqında dərc olunan çoxsaylı yazıların girişi kimi də qiymətləndirmək mümkündür. Şübhəsiz, bunlar o zaman çox ciddi şəkildə aparılan kommunizm ideologiyasının fonunda çox cəsarətli addımlar idi və həmin dövrdə mərkəzin icazəsi olmadan ayrı-ayrı bölgələrin, xüsusən də Naxçıvan kimi iki kapitalist dövləti ilə həmsərhəd olan bir regionun turizm cazibəsindən danışmaq böyük qətiyyət və vətənpərvərlik duyğusu tələb edirdi.

Həmin dövrlər qəzetin səhifələrində indiki kimi birbaşa olaraq insanları turizmə çağıran, asudə vaxtını səyahətlərdə keçirməyi təbliğ edən yazılar olmasa da, Naxçıvanın turizm imkanlarının təbliği və ümumiyyətlə, “turizm” və “turist” ifadələrinin ilk dəfə işlədilməsi baxımından 20 ok­tyabr 1957-ci ildə dərc olunmuş “Qafqazın turist xəritəsi” adlı məqalə diqqəti cəlb edir. Bu məqalədə Naxçıvanın turist marağı kəsb edən görməli yerləri haqqında Moskvada çap edilmiş turist xəritəsində qeyd olunması barədə məlumatlar vardır. Daha sonra qəzetin 17 may 1959-cu il sayında dərc olunmuş “Dağ-iqlim kurortlarından geniş istifadə edək” adlı yazı Naxçıvanda müalicə turizminin perspektivlərinə mütəxəssis rəyi baxımından əhəmiyyətlidir. 19 iyul 1961-ci il tarixli “Turizmi inkişaf etdirək” başlıqlı yazı isə həcmcə kiçik olsa da, əslində, o dövrdə insanların turizm mövzulu yazılara nə qədər çox meyilli olduğunu göstərir.
Qəzetdə 13 noyabr 1964-cü il tarixdə dərc edilmiş “Culfa turist şəhəri olacaqdır” başlıqlı kiçik yazı o dövrdə şəhərin mühüm tranzit mövqeyinə hesablanmış və bəlkə də, 30 il sonra, yəni Azərbaycanın müstəqilliyi dövründə xaricə turist səfərlərinin çox geniş yayıldığı dövr üçün qiymətli ideyalar ortaya qoyur. Yaxud Şahbuzun təbiət gözəli Batabat yaylağının yalnız ferma və yaxud heyvandarlıq məqsədilə istifadəsinə bir növ üsyan edən görkəmli elm xadimi Budaq Budaqov hələ qəzetin 27 sentyabr 1969-cu il sayında “Mərcan gözlü Batabat” başlıqlı yazısı ilə bu cənnətməkanın gözəl turizm, istirahət guşəsi olduğunu dilə gətirirdi. Bugünkü yazılarla müqayisədə mövzuya akademik səviyyəli yanaşma baxımından həmin yazını qəzetin turizm təbliğatı tarixində bir başlanğıc da saymaq mümkündür. Daha sonrakı dövrlərdə qələm əhlinin müxtəlif rekreasiya, tanışlıq məqsədli yazılarını görsək də, qəzetin 8 iyun 1976-cı il tarixli nömrəsində Əməkdar jurnalist Nurəddin Babayevin “İstirahət! Necə, harada”, yaxud Muxtar Məmmədoğlunun 1 oktyabr 2004-cü il tarixli “Ölkə üçün gəlirli sahə: turizm” başlıqlı yazılar asudə vaxtın təşkili baxımından dövrünün reallıqlarına görə çox aktual məqalələr idi.

Sonrakı dövrlərdə qəzet turizm və tanıtım baxımından olduqca rəngarəng mövzulara toxunurdu. Məşhur norveçli səyyah Tur Heyerdalın Azərbaycana səfərindən tutmuş (3 sentyabr 1981-ci il) ulu öndər Heydər Əliyevin büstünün Naxçıvan şəhərinin ən gözəl yerində – Əcəmi seyrəngahında açılması ilə əlaqədar verilmiş geniş yazıyadək (1 avqust 1986-cı il) olduqca maraqlı yazılar vardır.
Naxçıvanın cazibədar turizm ehtiyatlarının təbliği hətta Azərbaycan xalqı ən ağır günlərini yaşadığı 1988-1994-cü illərdə də unudulmamışdır. O zamanlar Novruz bayramı şənliklərinə icazə verilməsi, müqəddəs Əshabi-Kəhf ziyarətgahına edilən səfərlərin azad olması, daha sonra sərhədyanı ticarətin liberallaşması və dünya azərbaycanlılarının həmrəylik arzularından doğan qovuşmaq istəyi qəzetdə dərc olunan yazıların da motivlərini təşkil edirdi. O dövrdə Naxçıvanda siyasi fəaliyyətlə məşğul olan ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində sovetlərin dağılmasından və erməni təcavüzü nəticəsində təklənmiş Naxçıvan əcnəbi jurnalistlərin, iş adamlarının və diplomatların səfər etdiyi region kimi diqqəti çəkirdi. “Türkiyə-Azərbaycan: qarşılıqlı faydalı işgüzar əlaqələr” (4 mart 1990-cı il), “Təbriz oxuyur”du dağlar başında” (25 aprel 1990-cı il), “İtaliya jurnalistləri Naxçıvanda” (18 iyul 1990-cı il), “Türkiyənin nümayəndə heyəti Naxçıvanda” (17 yanvar 1991-ci il), “Ərzuruma gedən yollar (15 may 1991-ci il), 1992-ci ildə Naxçıvan Hava Limanına ilk iritutumlu təyyarələr qəbul edilməsindən xəbər verən 3 mart sayında “Yeni hava xətti açıldı”, ümummilli lider Heydər Əliyevin 23 mart 1992-ci ildə Türkiyəyə səfəri zamanı Türkiyə Respublikasının Baş naziri Süleyman Dəmirəllə görüşü barədə (1 aprel 1992-ci il), Türkiyə Respublikasının Baş naziri Süleyman Dəmirəlin 28 may 1992-ci ildə Naxçıvana səfəri (30 may 1992-ci il) barədə yazıları bu dövrdə qəzetin səhifələrində oxuyuruq.

16 dekabr 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvana rəhbər seçilməsi muxtar respublikanın müasir inkişafında dönüş nöqtəsi oldu. Bundan sonrakı dövr bütün sahələrdə, o cümlədən turizmin inkişafında da yeni mərhələ başladı. Bu dövrdən sonra Naxçıvanda həyata keçirilən elmi tədbirlər, simpozium və konfranslar, rəsmi səfərlər turizmin inkişafına mühüm təsir edən amillər olmuşdur. Qədim diyardakı abidələrin tədqiqi və bərpası, muzeylərimizin fəaliyyətinin işıqlandırılması, yeni muzeylərin yaradılması, yaşıllıqların artırılması, biomüxtəlifliyin qorunması ilə yanaşı, həyata keçirilən infrastruktur layihələri öz nəticəsini turizmin də inkişafında göstərmişdir. Naxçıvanda yeni otellərin inşası, mövcud otellərin 5 ulduzlu keyfiyyət standartları səviyyəsində yenidən qurulması, turizmin idarəolunması üzrə aidiyyəti təşkilatların müasir maddi-texniki şəraitlə təmin olunması kimi turizmin inkişafına müsbət təsir edən amillər qəzetin ilk səhifələrində oxuculara təqdim edilmişdir.
2011-ci il ölkəmizdə “Turizm ili” elan olunmuşdur. Həmin il qəzet də bu istiqamətdə təbliğatda dönüş etmiş, geniş təhlil və təbliğ məzmunlu yazılar dərc etmişdir. Bu dövrdən başlayaraq qəzetdə “Naxçıvan Muxtar Respublikasının turizm marşrutları” rubrikasındakı silsilə məqalələr, muzey ziyarətləri, əcnəbi turistlərin Naxçıvana səyahət təəssüratları, Naxçıvan haqqında xaricdə nəşr olunmuş yazılar haqqında xəbərlər qəzetin səhifələrini oxunaqlı etmişdir. 2012-ci ildə qəzetin internetdə yayımlanması, ayrıca olaraq ingiliscə turizm məzmunlu məqalələrin virtual məkanda yüz minlərlə oxucuya çatdırılaraq Naxçıvana səyahətə gəlmək istəyənlər üçün əsl informasiya komfortu yaratmışdır. Həmin illərdə ölkə başçısının Naxçıvana səfərləri, türkdilli ölkə liderlərinin muxtar respublikada keçirilmiş zirvə görüşləri, tanınmış elm, mədəniyyət xadimlərinin səfərləri, ənənəvi olaraq keçirilən beynəlxalq idman tədbirləri, müxtəlifməzmunlu festivallar turizm-tanıtım baxımından da əsl fürsətə çevrilmiş və bu mühüm hadisələr qəzetin başlıqlarında yer almışdır.
18 mart 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” mövzusunda müşavirə keçirilmiş, aidiyyəti təşkilatlar qarşısında ciddi vəzifələr qoyulmuşdur. Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikadakı turizm ehtiyatlarının və yaradılmış turizm infrastrukturunun potensialından tam istifadə olunmadığını qeyd edərək əlaqədar təşkilatların Naxçıvana turistlərin səyahətlərinin artırılması üçün daha səmərəli işləmələri üçün ciddi tapşırıqlar vermişdir.
2018-ci ildə Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. Bu mühüm beynəlxalq tədbir çərçivəsində Naxçıvana səfər etmiş çoxsaylı qonaq blokada şəraitində Naxçıvanın hərtərəfli inkişafına şahid olmuş, xalqımızın qonaqpərvərliyinə və tolerantlığına heyran qalmışlar. Bütün bunlar bir əsrə yaxın jurnalistika təcrübəsi məktəbində yetişmiş qəzet əməkdaşlarının usta qələmində işıqlandırılmış, müxtəlif mövzulara toxunulmuşdur.
Bu gün Naxçıvan özünün əsl intibah dövrünü yaşayır. Naxçıvana gələn hər bir qonaq, hər bir peşəkar səyyah Gəmiqayadan bu qədim Nuh yurduna ani bir nəzər salıb, Ordubadın qədim küçələrində yüz illər öncəsinə səyahət edir, Əshabi-Kəhfdə ürəyinin ən şirin arzuları üçün dualar edib, Haçadağdan doğan Günəşin parıltısına heyran olur, Gurbulaqdan su içib, Batabatın, Ağbulağın yaşıl libasından özünə çiçək çələngi tutur, Əlincənin zirvəsinə birnəfəsə çıxıb, Duzdağın təmiz havasında sərinləyir, Əcəmi sənətinin qüdrəti qarşısında baş əyib, Naxçıvanqalada özünü evindəki kimi hiss edir. Beləcə, bir həftəliyə Naxçıvana gəlmiş turistlər bu torpağın məhəbbətindən doymadan 5 minillik tarixi şəhərə əlvida demədən yenidən bir də səyahət üçün gələn mövsümə hazırlıqlar aparır.
Bütün bunlar, müasir Naxçıvanın 100 yaşlı qəzetimizin səhifələrinə sığmayan turizm mənzərəsinin yaddaşlarda qalmış iri başlıqlarının, gözəlliyindən doyulmayan fotolarının qısa hekayəsidir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR