21 Noyabr 2019, Cümə axşamı

Paytaxt Bakıda təhsil ezamiyyətində olarkən təsadüf nəticəsində gənc bir qızla rastlaşdım. Sözün açığı, bu tanışlığa çox şad oldum. Çünki əslən Naxçıvandan olan bu xanımın mənim növbəti yazımın qəhrəmanına çevriləcəyini elə ilk baxışdan müəyyənləşdirmişdim. Lakin onun ailəsi ilə tanışlığım məni bu yazıda daha bir qəhrəmandan da bəhs etməyə sövq etdi. Çünki Əzizovlar ailəsi istedadlı övladları ilə öyünür. Onlar qazandıqları uğurları ilə nəinki ailəsinin, hamımızın fəxridir. Gəlin bu istedadlı gənclərlə sizi də tanış edim.

Elə başlayaq bu ailənin sorağına düşməyimə səbəb olan Jalə Əzizovadan. 1999-cu ildə Azərbaycanın incisi Ordubadda dünyaya göz açan Jalə orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra sənədlərini ali məktəbə təqdim edib. Qəbul imtahanlarında uğur qazanan bu istedadlı gənc 2016-cı ildə Azərbaycan Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət fakültəsinin Qobelen ixtisasına daxil olub. Elə həmin il ali təhsil almaq üçün ailəsi ilə birlikdə Bakı şəhərinə köçməli olub.
O qeyd etdi ki, ixtisasını çox sevir. Uşaqlıqdan incəsənətə, xüsusilə də tikmə və toxuma işlərinə həvəsi olan Jalənin sözlərinə görə, ona bu sənəti nənəsi sevdirib. Hələ balacalıqdan evdə xalçaçılıqla məşğul olan nənəni görən Jalə elə o zamandan incəsənətə maraq göstərib, rənglərin, ilmələrin sehrinə düşüb.

“Məhz niyə qobelen?” sualımı isə Jalə ixtisasının vurğunu olaraq belə cavablandırdı: – Qobelen hiss və duyğuların sənətidir, düşüncə tərzidir. Çünki qobelenin hazırlanma texnikasının əsasını fikir, ideya və öncədən çəkilmiş eskiz təşkil edir. Biz də bu sənət sayəsində xəyal gücümüzü ortaya qoyub əvvəlcədən düşündüyümüz süjet xəttini ilmələr vasitəsilə sənət əsərinə çevirə bilərik. Mən də çox istəyirəm ki, düşüncələrim ilmələrin, xalçaların üzərində əks olunsun. Özümü yalnız bu sənətdə görürəm. Həm də dünyada geniş yayılmış qobelen Azərbaycanda qədim xalq mədəniyyətinə aid süjetli xalça sənətidir. Bu sənəti qorumaq, davam etdirmək biz gənc­lərin borcudur. Mən də nənələrimizin bizə miras qoyduğu bu sənəti yaşadaraq gələcəyə daşımağa çalışıram. Ona görə də seçimim bu ixtisas oldu. Sağ olsun, ailəm mənə, bu mənada, çox dəstək verdi.
Hazırda III kurs tələbəsi olan Jalənin uğurları az deyil. Bir çox sərgilərdə iştirak edib. Deyir ki, ən böyük sevinci “Rənglərin bahar təravəti” adlı dekorativ-tətbiqi sənət əsərlərinin Bakı şəhərində açıq havada keçirilən sərgisində iştirak etməsi olub. Sərgidəki əl işlərinin naxış, kompozisiya, quruluş və rəng çalarları etibarilə insanların zövqünü oxşadığının şahidi oldum. Həqiqətən də, bu əsərlər insanlar tərəfindən böyük rəğbətlə qarşılandı. Bu sərgidə I yerə layiq görül­məyim isə mənim üçün izahı çətin olan bir hissdir. Bu uğurumdan sonra sənətə həvəsim daha da artdı. Necə deyərlər, bu sərgi mənim üçün daha böyük stimul oldu.
Əl işlərini seyr etdikcə, istedadına bələd olduqca qarşıda onu yeni uğurlar gözlədiyinə əmin oldum. Jalə qeyd etdi ki, ən böyük arzularımdan biri doğma yurdum Naxçıvanda o gözəl diyarın gözoxşayan mənzərələrini tablolara köçürmək və doğma məmləkətdə sərgi təşkil etməkdir. Hazırda Naxçıvanla bağlı bir neçə əl işim var. Lakin bunu sərgi təşkil etmək üçün kifayət qədər hesab etmirəm. Gələcəkdə bu arzumu gerçəkləşdirməyə çalışıram.
Gənc Jaləyə arzularının gerçəkləşməsini və yeni-yeni uğurlar arzulayaraq digər qəhrəmanla da sizi tanış etmək istəyirəm. Ailənin göz nuru olan 3 qız incilərindən biri də elə İnci Əzizovadır. Maraqlıdır ki, o bacısından tamam fərqli bir istedada malikdir. İdman onun üçün artıq bir həyat tərzidir.
2000-ci ildə Ordubad rayonunda dünyaya göz açan İnci 5 yaşından karate idman növü ilə məşğuldur. Hazırda Azərbaycan Milli Karate Federasiyasının üzvüdür. Türkiyə, Gürcüstan, Qazaxıstan, Xorvatiya, Danimarka, Bolqarıstan kimi ölkələrdə bir çox turnirlərdə iştirak edib. Bu turnirlərin, sadəcə, iştirakçısı yox, həm də mükafatçısı olması gənc idmançını ailəsinin və Vətəninin fəxrinə çevirib.
Dediyinə görə, onun üçün ən yaddaqalan yarış “Caspian cup” karate yarışı olub ki, həmin yarışda I yerə layiq görülüb. İnci gənc yaşda olmasına baxmayaraq, kifayət qədər titullara malikdir. “Arpaçay” karate turnirinin ikiqat çempionu adını daşıyır. Uğurları saymaqla bitməyən İnci “Baku Open” turnirində ikiqat respublika birincisi, Dünya Shotokan Federasiyasının təşkil etdiyi Avropa çempionatında II yerə layiq görülüb. Onun ən böyük uğuru isə Bolqarıstanın Varna və Türkiyənin İstanbul şəhərlərində keçirilən dünya çempionatlarında olub. Hər iki çempionatda I yerə layiq görülüb. Beləliklə, ikiqat dünya çempionu olan İnci idmanın karate növü üzrə göstərdiyi nəticələrə görə 2018-ci ilin ən yaxşı “Qadın idmançısı” adını qazanıb və “İdman ustası” dərəcəsi alıb.
Bir sözlə, gənc yaşında bu qədər uğurları ilə nəinki Azərbaycanda, eləcə də dünyada özünə layiqli ad qazanan İnci ilə fərəhlənməmək mümkün deyil. Bu fərəhi isə ən çox onun valideynləri yaşayır. Anası Könül Əzizova ilə söhbətimiz zamanı bir məqamı xüsusilə vurğuladı ki, övladlarımın maraq dairəsi hər zaman mənim üçün daha önəmli olub. Sevdiyin peşənin arxasınca getmək uğura aparan əsas işıqlı yoldur. Buna görə də övladlarımızı balaca yaşlarından maraqlandığı sahələrə yönəltmişik. Elə bu səbəbdəndir ki, Jalə qızımın marağında olduğu sahədə təhsil alması, ona dəstəyimizi əsirgəməməyimiz üçün ailəliklə müvəqqəti Bakıda məskunlaşmışıq. İnci qızımın seçdiyi sahə isə nə qədər zərif cinsin nümayəndələri üçün uzaq olsa da, biz ona mane olmadıq. Nəticəsini isə özünüz də görürsünüz. Qızlar təhsillərini başa vurduqdan sonra yenidən doğma diyarımıza – Naxçıvana qayıtmağımız hamımızın istəyidir. Naxçıvanda incəsənətə, idmanın inkişafına göstərilən diqqət, bu sahələrdə qazanılan uğurlar göz qabağındadır. Mənim də valideyn kimi ən böyük arzum övladlarımın da bu inkişafa töhfə vermələridir.
P.S. Könül xanımla söhbətdən sonra, sözün açığı, əlavə edəcək başqa bir sözə ehtiyac duymuram. Əziz valideynlər, gələcəyimiz olan uşaqlarımızı arzularınızın yox, öz istəklərinin arxasınca yönləndirin. Əgər hamımız belə etsək, Əzizovlar ailəsi kimi gələcəyin Jalələrini, İnci­lərini, başqa sözlə, sağlam, istedadlı və Vətəninə layiq gəncləri yetişdirmiş olarıq.

 Gülcamal TAHİROVA

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR