01 İyun 2020, Bazar ertəsi

İllərdir, muxtar respublikamızda uzaqgörənliklə aparılan siyasət nəticəsində insanların ilin bütün fəsillərində keyfiyyətli və ekoloji cəhətdən saf təbii ərzaq məhsulları ilə təmin edilməsi üçün lazımi tədbirlər həyata keçirilir. Bu məqsədlə kənd təsərrüfatının inkişafı prioritet məsələ kimi qarşıya qoyulub və görülən silsilə tədbirlər nəticəsində ilbəil bu sahədə əhəmiyyətli uğurlara nail olunur, kənd yerlərində insanların rahat işləməsi, məhsul bolluğu üçün hərtərəfli şərait yaradılır.

Torpaq mülkiyyətçilərinin müasir kənd təsərrüfatı texnikaları, mineral gübrələr və innovativ suvarma sistemləri ilə təmin olunması, sahibkar­lıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, ailə təsərrüfatlarının formalaşması üçün münbit şəraitin yaradılması, eyni zamanda məşğuliyyət növlərinə uyğun ayrılmış maddi yardımlar aqrar sahənin davamlı inkişafına yol açır. Sistemli şəkildə həyata keçirilən kompleks islahatlar sahibkar-torpaq münasibətlərinin elmi əsaslara söykənərək müasir təsərrüfatçılıq formasında inkişaf etdirilməsini reallaşdırmaqla kənd təsərrüfatının bütün sahələri üzrə məhsuldarlığın yüksəlməsinə səbəb olur. Təsadüfi deyil ki, artıq son bir neçə ildir, muxtar respublika sakinlərinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatı tamamilə daxili istehsal hesabına ödənilir. Dünyada geniş yayılan pandemiya dövründə də muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması, ərzaq təchizatı baxımından problemlərin yaşanmaması da məhz aparılan məqsədyönlü aqrar siyasətin uğurudur.
Kənd təsərrüfatı mütəxəssisləri də təsdiqləyir ki, əkinçilikdə, xüsusilə dənli bitkilərin məhsuldarlığının yüksəldilməsində ən təsirli amillərdən biri keyfiyyətli toxumla əkin aparılmasıdır. Deməli, kondisiyalı toxum yetişdirilməsi mühüm şərtdir. Bu mənada, muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarları keyfiyyətli toxumla təmin etməyə çalışan “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti təqdirəlayiqdir. 2017-ci ilin aprel ayında yaradılan cəmiyyətin qısa zaman çərçivəsində özünə ­xüsusi imic formalaşdıra bilməsi məhz muxtar respublika rəhbərinin göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olmuşdur.

Təbii ki, əlverişli şərait olan yerdə düzgün fəaliyyət istiqaməti müəyyən edildikdə yüksəliş, uğur da tez bir zamanda əldə olunur. Məhz toxumçuluq təsərrüfatının inkişafını da bu iki amillə səciyyələndirmək olar. Belə ki, dövlətimizin dəstəyi sayəsində qısa zaman çərçivəsində istehsal müəssisəsinin maddi-texniki bazası xeyli möhkəmləndirilib və intensiv metodların tətbiqinə imkanlar yaradılıb. Təsərrüfatın 2000 hektara yaxın torpaq sahəsi, 6 kombayn, 5 traktor, hər birinin tutumu 10 ton olan 4 yük maşını, 5 toxumsəpən, kotan və dırmıqlar, 5 gübrəsəpən, 5 toxumtəmizləyən, eləcə də digər maşın və avadanlıqlar olmaqla, ümumilikdə, 38 adda 87 texnika və texnoloji avadanlığa məxsus olması onun istehsal potensialının artmasını şərtləndirib. Nəticə isə göz qabağındadır. Belə ki, hazırda muxtar respublikamızda toxum tələbatının 80 faizə yaxını yerli istehsal hesabına ödənilir ki, bunun da böyük bir qismi cəmiyyətin payına düşür və gələcəkdə idxalın tamamilə aradan qaldırılması üçün səylə çalışılır. Cari il aprelin 9-da müəssisə üçün yeni kompleksin istifadəyə verilməsi də məhz bu məqsədə xidmət edir və cəmiyyətin istehsal imkanlarını daha da genişləndirərək artan tələbatın ödənilməsinə yol açacaq.
Yaradılan şəraitlə əyani tanış olmaq üçün həmin ünvana yollanırıq. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cəfər Müzəffərov deyir: – Əkinçiliyin inkişaf etdirilməsində münbit torpaqla yanaşı, sağlam toxumun da olması yüksəkkeyfiyyətli məhsul istehsalını şərtləndirən əsas amildir. Sevindirici haldır ki, son illərdə ayrı-ayrı torpaq sahibləri də toxumçuluğun inkişafında fəallıq göstərir, fərdi təsərrüfatlarda da keyfiyyətli toxum sortları yetişdirilməsinə nail olunur.
Bildiyimiz kimi, məhsuldar toxumun əldə olunmasında aqrotexniki qulluğun göstərilməsi ilə yanaşı, əkinlərin vaxtlı-vaxtında suvarılması da əsas şərtdir. Ötən dövr ərzində “Bərəkət Toxumçuluq” təsərrüfatının öz fəaliyyətini genişləndirməsi, əkinlərin yüksək səviyyədə keçirilməsi və istehsal olunan məhsulun keyfiyyətli toxum materialına çevrilməsi üçün Kəngərli rayonunun Böyükdüz kəndində 1023 hektar sahədə qapalı suvarma şəbəkəsi tikilib istifadəyə verilib. Təsərrüfatda keyfiyyətli və yüksək məhsuldarlığa malik toxumlar tədarük etmək üçün əkinlər şırım üsulu ilə aparılır. Bu üsulun üstün cəhətləri çoxdur. Belə ki, şırım üsulu ilə suvarılan torpaq yaxşı rütubətlənir, qaysaq əmələ gəlmir, torpağın strukturu yaxşı saxlanılır, su itkisinə yol verilmir, əkilən sahə quraqlığa qarşı davamlı olur. Əkinlərdə muxtar respublikanın iqlim torpaq şəraitində sınaqdan keçirilmiş “Qualiti”, “Qobustan”, “Fatimə”, “Qılçıqsız”, “Bezost” kimi taxıl sortlarından istifadə olunur. Əkin qaydalarına uyğun aparılan işlər nəticəsində ilbəil daha çox miqdarda və keyfiyyətdə toxumlar əldə olunur. Belə ki, 2019-cu ildə təsərrüfat fəaliyyət imkanlarını daha da genişləndirərək bir il öncəkinə nisbətən daha yüksək məhsuldarlığa nail olub, 1067 ton toxum istehsal edilərək fərdi təsərrüfatçılara satılıb. 2020-ci ilin məhsulu üçün ötən ilin payızında 1300 hektar ərazidə taxıl əkini aparılıb, hazırda ərazidə dərmanlama və suvarma işləri görülür. İyun-iyul aylarında məhsul tədarük edilərək anbarlara yığılacaq və daha sonra sortlara ayrılaraq vimlərdən keçirilib dərmanlanaraq 50 kiloqramlıq paketlərdə satışa buraxılacaq.

Cəfər Müzəffərov onu da qeyd edir ki, cəmiyyətin istifadəyə verilən yeni kompleksi istehsal sahələrinin çoxalmasına, imkanların genişlənməsinə səbəb olacaq. Burada taxıl anbarı, qarışıq yem sexi, toxumların satış mərkəzi, tutumu 500 ton olan hazır məhsul anbarı, 2 min hektar əkin sahəsi, texnika və avadanlıqların saxlanılması üçün qaraj, eləcə də təmir sexi yaradılıb. 1924 kvadratmetr sahəni əhatə edən taxıl anbarında bütün texniki tələblər nəzərə alınıb və burada ümumi tutumu 24 min ton olan 48 bunker vardır. Hər birinin tutumu 500 ton olan bunkerlər taxılın keyfiyyətlə və uzun müddət saxlanılmasına imkan verəcəkdir. Qarışıq yem sexinin istehsal gücü ildə 72 min tondur ki burada quşlar üçün kökəltmə və yumurtalıq, mal-qara üçün isə ətlik və südlük istiqamətində 8 çeşiddə yem istehsal olunacaq. Xammal təminatı yerli istehsal hesabına ödənilir ki, bu da keyfiyyətli məhsul istehsalına imkan verir. Müasir avadanlıqların quraşdırıldığı müəssisədə istehsal prosesi tamamilə avtomatlaşdırılmış qaydada həyata keçirilir, hazır məhsullar müxtəlif ölçülərdə paketlənərək satış mərkəzinə göndərilir.

Təsərrüfatda işin səmərəliliyini artırmaq üçün yaradılan 3 mərtəbəli satış mərkəzində 9 iş otağı, laboratoriya, mətbəx, qazanxana və satış zalı da yerləşir. Laboratoriyada quraşdırılan elektro-termostatik inkubator, isitmə və qurutma sobası, mikroskop və digər avadanlıqlar hesabına yüksək məhsuldarlığa malik, xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortlarının genofonduna və seleksiyasına nəzarət olunacaqdır. Satış mərkəzində taxılla yanaşı, digər kənd təsərrüfatı bitkiləri toxumlarının, eləcə də dekorativ güllərin, meyvə tinglərinin, gübrələrin, dərman preparatlarının, qarışıq və qüvvəli yemin, kənd təsərrüfatında istifadə olunan alət və avadanlıqların da satışı həyata keçiriləcək.

Satış mərkəzində sərgilənən məhsullara tamaşa edərkən bir neçə təsərrüfat adamının məhsullardan sifariş verdiyi diqqətimi çəkir. Babək rayon Qahab kənd sakiniBaxşəli Rzayev bildirir ki, uzun illərdir, yaşadığı kənddə əkin-biçin işləri ilə məşğul olur və yaradılan əlverişli şərait hesabına hər il bol məhsul əldə edir. Ötən illər ərzində təsərrüfat fəaliyyətini daha da genişləndirmək məqsədilə Nəcəfəlidizə kəndində də məhsuldar torpaqlar icarəyə götürərək əkin dövriyyəsinə qatıb. Yolunu satış mərkəzindən salması da təsadüfi deyil. Çünki artıq bir neçə ildir “Bərəkət Toxumçuluq” təsərrüfatında istehsal olunan toxumların bəhrəsini görür. Bu dəfə isə ötən ilin payızında əkdiyi taxılı zərərvericilərdən qorumaq üçün dərman preparatları almaq məqsədilə gəlib. Bundan əlavə, satış mərkəzindən bostan və tərəvəz bitkilərinin toxumlarını da əldə edib həyətyanı sahəsində əkəcəyini bildirir. Yaradılan gözəl şəraitə görə dövlətimizə minnətdarlıq edən təsərrüfat adamı gələcəkdə aqrar sahənin inkişafına töhfə vermək üçün daha səylə çalışacağını vurğulayır.

Müşahidələrdən aydın olur ki, dövlətimiz tərəfindən “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində çalışan 60 zəhmətsevər insanın səmərəli fəaliyyəti üçün yaradılan gözəl iş şəraiti onları günü-gündən çiçəklənən muxtar respublikamızın inkişafına töhfələr verməyə sövq edir.

- Nail ƏSGƏROV

 

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR