14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Su təbiətdə ən faydalı və əvəzolunmaz nemətdir. Onsuz həyatın davamı, sadəcə, mümkün deyil. Bütün yeraltı və yerüstü sərvətlərdən əhəmiyyətli olan su, digər təbii ehtiyatlardan ona görə ucuzdur ki, təbiətdə geniş yayılıb. Elə bu səbəbdəndir ki, Yer kürəsinin dörddə üçünü su ehtiyatları təşkil edir. Ancaq bu ehtiyatlar təbiətdə müxtəlif formalarda mövcuddur. Okeanlar, dənizlər, göllər və çayların bir-birindən fərqi, əsasən, onların su tutumuna görədir. Adıçəkilən su mənbələrindən yalnız çaylardır ki, onlar böyük su ehtiyatlarının əsas təminatçıları hesab edilir. Çaylar əkin sahələrinin suvarılmasında, gəmiçiliyin, balıqçılığın inkişafında, elektrik enerjisi istehsalında əhəmiyyətli rol oynayırlar. Əgər çaylar olmasaydı, onda böyük su mənbələrinin mövcudluğu da sual altında olar, kənd təsərrüfatı iflic vəziyyətinə düşər, beləliklə, təbiətin nizamı pozulardı. Buna görə də çaylar təbiətdə müstəsna əhəmiyyətə malik hidroloji obyektlərdir. 

Məlumat üçün bildirək ki, muxtar respublika ərazisində, təqribən, 400 böyük və kiçik çay var. Onlardan 334-nün uzunluğu 5 kilometrədək, 31-i 6-10 kilometr, 24-ü 11-25 kilometr, 7-si 26-50 kilometr, 3-ü 51-100 kilometrdir.

Muxtar respublika ərazisindən axan çaylar, əsasən, az sulu, kiçik çaylardır. Bu çaylar içərisində ən böyüyü digər ölkələrin ərazisindən keçməklə muxtar respublikanın cənub sərhədləri boyunca axan Araz çayıdır. Mənbələrdə “Araz” adının yaranma tarixi eradan əvvəl III-I əsrlərə aid edilir. Bir çox antik və orta əsr müəlliflərinin əsərlərində bu çayın adı çəkilir. Suyunun çoxluğuna görə Cənubi Qafqazda ikinci çay olan Arazın uzunluğu 1072 kilometrdir və başlanğıcını Türkiyə Respublikasının Bingöl silsiləsinin yamaclarından götürür. Çay vadisində aşkar edilmiş arxeoloji abidələr, həmçinin digər materiallar burada qədim yaşayış məskənləri, ticarət, sənətkarlıq və mədəniyyət mərkəzləri olduğunu sübut edir. 11 və 15 aşırımlı Xudafərin körpüləri kimi nadir tikililər Naxçıvan memarlıq məktəbinin Arazboyu abidələrindəndir.
Arazın ölkəmiz, eləcə də muxtar respublikamız üçün böyük suvarma və hidroenerji əhəmiyyəti vardır. Hələ ötən əsrin 70-ci illərində tikilən Araz Su Elektrik Stansiyası enerjiyə olan tələbatın ödənilməsinə öz töhfəsini vermişdir. Həmin əsrin 90-cı illərinin əvvəllərində isə ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti və şəxsi nüfuzu sayəsində qonşu dövlətlərdən elektrik enerjisi alınmasını təmin etmək üçün təcili tədbirlər həyata keçirilmişdir ki, bu tədbirlərdən biri də İran İslam Respublikasından elektrik enerjisinin alınması üçün Araz Su Elektrik Stansiyasının ərazisində 132/110/10 kilovoltluq 40 meqavolt-amper güclü “Araz” yarımstansiyasının tikilib quraşdırılması idi. Bundan sonra 132 kilovoltluq Araz-Araz elektrik verilişi xətti çəkilmiş və 1992-ci il dekabr ayının 3-də istismara verilmişdir ki, bu da qonşu dövlətdən 30 meqavat gücündə elektrik enerjisi almağa imkan vermişdir.
Hazırda Ordubad rayonu ərazisində Araz çayı üzərində gücü 36 meqavat, illik elektrik enerji istehsalı 190 milyon kilovat-saat olacaq derivasiyatipli Ordubad Su Elektrik Stansiyasında tikinti işləri davam etdirilir.
Araz çayı üç dövlətin ərazisindən axır. Qafqaz ekoregionunda transsərhəd çayı boyunca yaradılmış ilk xüsusi mühafizə olunan təbiət ərazisi də Arazın muxtar respublikadan axan hissəsindədir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 23 sentyabr tarixli Sərəncamı ilə Araz çayının və dəryaçasının muxtar respublika hüdudlarına aid hissəsində ümumi ərazisi 9118 hektar olan hidroloji, bioloji və paleontoloji əhəmiyyətli “Arazboyu” Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Arazboyu qurşaq 1700 kvadratkilometr olmaqla muxtar respublika ərazisinin 32 faizini təşkil edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası ərazisində yayılmış 8 dəstə, 20 fəsilə və 55 cinsə mənsub olan 102 məməli heyvan növünün 62-si muxtar respublika ərazisində məskunlaşıb. Bunun da böyük əksəriyyəti Arazboyu ərazilərdə yayılıb. Hazırda Araz çayı muxtar respublikada əkinçiliyin, balıqçılığın və enerji istehsalının təmin olunmasında böyük rol oynayır.
Muxtar respublikada əhəmiyyəti ilə seçilən digər çay isə Arazın sol qolu olan Arpaçaydır. “Şərurun incisi” sayılan Arpaçay öz başlanğıcını qədim türk yerləri olan Soğanlı, Bətdərə kimi obalarımızdan götürür. Bu gün həmin yurd yerləri yad əllərdə olsa da, Arpaçay heç bir səddə baxmayaraq aşıb-daşır, Şərurun, Sədərəyin, Kəngərlinin tarlalarını su ilə təmin edir. Şəninə mahnılar bəstələnən, şeirlər qoşulan Arpaçayın uzunluğu 126 kilometrdir. Hələ sovet dövründən suvarmada geniş istifadə olunan Arpaçayın suyu Araza çatmırdı. Məhz ümummilli lider Heydər Əliyevin səyi nəticəsində 1977-ci ildə çayın üzərində su anbarı tikildi ki, bu da digər əkin sahələrinin suvarılmasına imkan verdi. Yeri düşmüşkən bir faktı da qeyd edək ki, tarixin bütün dövrlərində bizə qənim kəsilmiş ermənilər Naxçıvanın sosial-iqtisadi inkişafına zərbə vurmaq niyyəti ilə 1980-ci ildə Arpaçayın suyunu Göyçə gölünə axıtmaq üçün uzunluğu 48,6 kilometr olan tunel çəkmişdilər. O zaman Şərur rayonunda kəskin su qıtlığı yaranmışdı və bu vəziyyət ərazinin ekologiyasına da ciddi təsir göstərmişdi. Müstəqilliyimizin bərpasından sonrakı dövrdə isə muxtar respublikada bütün sahələrdə həyata keçirilən islahatlardan Arpaçaya da böyük pay düşmüşdür. İndi Arpaçay Su Anbarı Azərbaycanda iri irriqasiya qurğularındandır. 2014-cü ildə çayın üzərində 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları fəaliyyətə başlamışdır. Su anbarının kənarında ictimai iaşə müəssisələri yaradılmış, əhalinin rahatlığı təmin edilmişdir. Bir məsələni də qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 iyun 2009-cu il tarixli Sərəncamı ilə ümumi ərazisi 68911,18 hektar olan “Arpa­çay” Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Bu addım təbiətə göstərilən qayğı sayılmaqla yanaşı, həm də Arpaçayın mühafizəsi üçün mühüm əhəmiyyət kəsb edir.
Arpaçaydan sonra böyüklüyünə görə fərqlənən Naxçıvançaydır. Qədim adı Qarababaçay olan Naxçıvançayın uzunluğu 81 kilometrdir. Çayın mənbəyi dəniz səviyyəsindən 3118 metr hündürlükdə olan Keçəldağdan, eləcə də Ağdaban və Qonaqgörməz dağlarından başlayır. Çayın ən böyük qolu Cəhri çayıdır. Hövzəsində Uzunoba və Sirab Su anbarları yaradılmışdır.
Muxtar respublika ərazisində uzunluğuna görə seçilən çaylardan biri də Əlincəçaydır. Uzunluğu 62 kilometr olan bu çay başlanğıcını Zəngəzur silsiləsindəki Dəmirli dağın yamacından götürür. Çay Xəznədərə və Ləkətağsu çaylarının birləşməsindən əmələ gəlir. Culfa rayonundakı kənd­lərin böyük əksəriyyəti bu çay boyunca yerləşir. Gülüstan kəndi yaxınlığında isə Əlincəçay Araza tökülür.
Naxçıvan ərazisindəki çayların uzunluğuna görə növbəti ardıcıllığı isə belədir: Gilançay (53 kilometr), Bağırsaqdərə (Şərur rayonu ərazisində Arazın sol qolu, 33 kilometr), Düylünçay (30 kilometr), Vənəndçay (29 kilometr), Parağaçay (21 kilometr), Küküçay (20 kilometr), Ordubadçay (19 kilometr). Qeyd edək ki, 2010-cu ildə Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası istismara verilmişdir ki, bu da muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verməkdədir.
Yuxarıda adıçəkilən çayların hər biri haqqında ayrıca bəhs etmək mümkündür. Ancaq ümumilikdə götürsək, muxtar respublika ərazisindəki çayların yaranma tarixi elə Naxçıvanın tarixi qədər qədimdir. Bu çayların bir-biri ilə uyğunluq təşkil edən xüsusiyyətləri ondan ibarətdir ki, onların hamısı yeraltı və yağış suları ilə qidalanır, az suludur, əsasən, suvarmada istifadə olunur. Suyu bol olan çaylardan isə elektrik enerjisi istehsalında, o cümlədən balıqçılığın inkişaf etdirilməsində istifadə olunur. Bu çayların keçdiyi ərazilər, xüsusilə çay vadiləri çox qədim zamanlardan yerli sakinlərin yurd yeri kimi formalaşıb. Aparılmış arxeoloji qazıntılar çay vadilərində çoxsaylı arxeoloji abidələrin olduğunu aşkara çıxarıb. Deməli, regionumuzdakı çaylar yaşı minilliklərlə ölçülən Naxçıvanda ilkin yaşayış məskənlərinin, eləcə də ibtidai mədəniyyətin formalaşmasında əsaslı rol oynayıb. Naxçıvan çayları təbiətin bizə bəxş etdiyi nemət olmaqla həm də regionumuzun həyat mənbəyidir.

 Səbuhi Həsənov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272113
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1734
4121
9882
56759
3272113

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter