Hər bir xalqın tarixində elə günlər, elə hadisələr olur ki, ulu Tanrı bu ərməğanları ilə o xalqa yeni doğuluş, yüksəliş bəxş edir, o gün, o hadisə tarixə, yaddaşlara köçür, əbədiyaşarlıq qazanır. Qədim Naxçıvan torpağında dünyaya göz açan ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlişi də Azərbaycana sabitlik, tərəqqi, xalqımıza yüksək rifah bəxş etmişdir.
  Mübarizələrlə dolu şanlı tarixə malik Azərbaycan xalqının müasir dövlətçiliyinin təşəkkül tapmasında görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti müstəsna yer tutur. Ümummilli liderimiz mənsub olduğu xalqın müstəqillik arzularını reallığa çevirməklə öz tarixi missiyasını uğurla yerinə yetirmişdir. Dövlətçiliyimizin ən ağır günlərində, mürəkkəb siyasi şəraitdə xalqımızın böyük oğlunun göstərdiyi qətiyyət və iradə onun sonsuz Vətən sevgisinin parlaq nümunəsidir:

                                         O, adi insan deyil, insanlığın tacıdır,
                                         Ürəyi bir millətin yoluna məşəl oldu.
                                         Əməliylə, işiylə xarüqələr yaratdı,
                                         Adilikdən çıxaraq O, fövqəlbəşər oldu.

   “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” fikrini fəxrlə səsləndirən ümummilli liderimiz bu yolda ömrünü şam kimi əritmişdir. Bu sözlər, əslində, həyatını xalqına həsr etmiş ulu öndərin xalqı və dövləti qarşısında övladlıq borcu kimi səslənən vətənpərvərlik andı idi. Dəfələrlə ölümlə üz-üzə dayansa da, təqiblərə, hədələrə məruz qalsa da, tutduğu yol – xalqa və dövlətə xidmət missiyası ulu öndəri xilas etmiş, onu bu ali missiyanı həyata keçirməyə ruhlandırmışdır. Azərbaycana rəhbərliyinin hər iki dövründə böyük öndərin səyi nəticəsində bütün sahələrdə əsaslı dönüş yaranmış, iqtisadiyyatımız, mədəniyyətimiz, təhsilimiz, səhiyyəmiz yeni inkişaf müstəvisinə yüksəlmiş, güclü ordumuz yaradılmış, Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilmişdir. 

   Heydər Əliyev siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Dünyada 155 ölkənin dəstəyini alaraq ən mötəbər beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurasına üzv seçilən, ona rəhbərlik edən Azərbaycanda ulu öndəri­mizin müəyyənləşdirdiyi xarici siyasət xətti uğurla davam etdirilir. Dünyada sülhsevər bir dövlət kimi tanınan Azərbaycan regionda əsl söz sahibidir. Artıq Azərbaycanla həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə hesablaşırlar.
   Bəli, ulu öndər Heydər Əliyevin ən böyük əsəri müstəqil, demokratik Azərbaycan dövlətidir. Nə qədər ki Azərbaycan yaşayır, Heydər Əliyev də yaşayacaqdır. Azərbaycan xalqı milli lideri ilə fəxr edir. “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə – bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi inkişafına xidmət olmuşdur”, – deyən ulu öndər Heydər Əliyevin böyük ideyaları, amalları bu gün də Azərbaycanın yoluna nur saçır, xalqımızı xoşbəxt gələcəyə səsləyir. Vətəni və xalqı qarşısında göstərdiyi misilsiz xidmətlər ümummilli liderimizin şərəfli ömrünü tariximizin canlı səhifəsinə çevirmiş, ona əbədiyaşarlıq hüququ qazandırmışdır.
   Mənim bir gənc kimi dərk etdiyim həqiqət bundan ibarətdir ki, Heydər Əliyev kimi nəhəng siyasətçinin ideyaları, siyasi yolu Azərbaycan var olduqca davam etdirilməlidir. Bu yolu davam etdirən siyasətçi isə yalnız Heydər Əliyev ocağında böyüyüb boya-başa çatan, ömrünün hər günündə, hər sa­atında müdrik insandan dərs alan, Heydər Əliyev bulağından su içən cənab İlham Əliyev­dir. 2003 və 2008-ci illərdə xalqımızın ulu öndərin yolunu dəstəkləməsi, ölkənin və millətin gələcəyini bu yolun ən etibarlı davamçısı olan cənab İlham Əliyevə əmanət etməsi dahi şəxsiyyətin ideyalarına sonsuz sədaqətin, xalq sevgisinin və inamın ifadəsi idi. Ümummilli liderimizin həyata keçirə bilmədiyi işləri bu gün Prezidentimiz cənab İlham Əliyev uğurla reallaşdırır, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada addımlayır. Artıq ölkəmiz beynəlxalq siyasi müzakirələrin aparıldığı, idman tədbirlərinin keçirildiyi, güclü iqtisadiyyata və yüksək yaşayış səviyyəsinə malik olan bir diyara çevrilib.
  Bu gün müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursu bütün sahələrdə uğurla davam etdirilir. Təhsil sahəsində həyata keçirilən böyük tədbirlər də bu siyasətin tərkib hissəsidir. Muxtar respublikamızda bir-birinin ardınca tikilib istifadəyə verilən, ən müasir avadanlıqlarla təchiz olunan məktəblər, tədrisin keyfiyyətinin yüksəlməsinə yönələn tədbirlər bu mənada xüsusi əhəmiyyətə malikdir. Bir sözlə, Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında qazanılan uğurlar ümummilli liderimizin əbədiyaşar təliminin, möhtəşəm siyasi kursunun təntənəsidir.

 

İnarə Rzayeva
Ordubad rayonu, Kotam kənd tam orta məktəbinin X sinif şagirdi