“Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli Fərmanının 1.3.1-ci yarımbəndinin icrası ilə bağlı normativ-hüquqi akt hazırlanıb. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 18.65.3-1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası ­Nazirlər Kabinetinin 31 iyul 2018-ci il tarixli Qərarına əsasən 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müəyyən edilib. Minik avtomobillərinin, sürücünün oturacaq yeri də daxil olmaqla oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri minik avtomobillərinin istehsal tarixi və mühərrikinin həcmi nəzərə alınmaqla aşağıdakı kimidir:

– 2000 kubsantimetrədək olan minik avtomobillərinin dövlət rüsumunun məbləği: mühərrikin həcminin hər kubsantimetrinə görə – 0.05 manat
– 3000 kubsantimetrədək olan minik avtomobillərinin dövlət rüsumunun məbləği: 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsanti­metrə görə – 0.1 manat
– 4000 kubsantimetrədək olan minik avtomobillərinin dövlət rüsumunun məbləği: 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsanti­metrə görə – 0.2 manat
– 5000 kubsantimetrədək olan minik avtomobillərinin dövlət rüsumunun məbləği: 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsanti­metrə görə – 0.3 manat
– 5000 kubsantimetrdən çox olduqda isə 1500 manat
Eyni zamanda minik avtomobillərinin istehsal tarixindən asılı olaraq onların dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:
– istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1.0
– istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0.8
– istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0.3

Ayaz İsmayılov
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin
Təbliğat üzrə baş inspektoru,
polis baş leytenantı