Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub.
Bu məqsədlə keçirilən iclası giriş sözü ilə açan komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov hər il payız-qış mövsümünə hazırlıq işlərinin əvvəlcədən görülməsinin soyuq aylarda yarana biləcək çatışmazlıqların qabaqcadan aşkarlanaraq aradan qaldırılması məqsədi daşıdığını deyib.
Vurğulanıb ki, avqust ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız­-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Dövlət Gömrük Komitəsinə Fövqəladə Hallar Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə birgə standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi, bununla əlaqədar istehlakçıların və sahibkarların əvvəlcədən məlumatlandırılması ilə bağlı tapşırıq verilib.

Komitə sədri qeyd edib ki, qanunvericiliyə əsasən elektrik və qazla işləyən qızdırıcı cihazların muxtar respublikaya idxalına malın üzərində istifadə qaydalarına dair Azərbaycan dilində təlimat və standartlara uyğunluqla bağlı xarici sertifikat tələb olunmaqla, həmçinin standart­lara uyğunluğu yoxlanılmaqla icazə verilir.
Tədbirdə çıxış edən komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli müşavirədə verilmiş tapşırıqların icrasının təmin olunması ilə əlaqədar görüləcək işlərdən danışaraq vurğulayıb ki, aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış tədbirlər planına əsasən standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının satışının qarşısının alınması və gətirilmə yollarının müəyyən edilməsi məqsədilə reydlərin təşkili, istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması, kütləvi informasiya vasitələrində maarifləndirici verilişlərin və materialların hazırlanması nəzərdə tutulub.
Gömrük orqanlarında qışa hazırlıqla bağlı görüləcək işlərdən də danışan sədr müavini qeyd edib ki, qazanxanaların fəaliyyəti, elektrik enerjisi ilə təchizat, su və kanalizasiya xətlərinin vəziyyəti, avtomaşınların sazlığı, əməkdaşların qış geyim dəsti ilə təchizatı məsələləri istiqamətində görüləcək işlər vaxtında başa çatdırılmalı, payız-qış mövsümündə də gömrük nəzarəti zonalarında və inzibati binalarda xidmətin yüksək səviyyədə təşkili təmin olunmalıdır.
Sonra iclasın gündəliyində duran məsələlərlə bağlı tabeli gömrük orqanlarının rəislərinin çıxışları olub.
Tədbirə yekun vuran komitə sədri standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinin qarşısının alınması ilə bağlı maarifləndirmə işlərinə diqqətin artırılmasının vacibliyini vurğulayıb. Həmçinin qeyd olunub ki, gömrük orqanları verilən tapşırıqların icrasını daim diqqət mərkəzində saxlamalı, muxtar respublikada təhlükəsiz həyatın təmin edilməsinə öz töhfəsini verməlidir.

Rahil TAHİRLİ
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük
Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru

*  *  *

Culfa Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev açaraq çıxış edib.
Bildirilib ki, ötən illərdə olduğu kimi, cari ildə də rayon­da bütün sahələrdə müvafiq tədbirlər həyata keçirilir, qış aylarında problemlərin yaranmaması üçün payız-qış mövsümünə hazırlıq işlərinin vəziyyəti diqqət mərkəzində saxlanılır.
Rayonda elektrik enerjisinə və qaza olan tələbatı ödəmək üçün yeni elektrik və qaz xətlərinin çəkilişi, mövcud elektrik və qaz təsərrüfatının yenilənməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, enerji təminatı sahəsində görülən işlərin nəticəsi olaraq cari ilin ötən aylarında rayonda 700 metr aşağıgərginlikli yeni elektrik verilişi, 2400 metr yeraltı kabel xətləri çəkilib, 15 min 400 kilometr yüksək və aşağıgərginlikli elektrik verilişi xətləri beton və ağac dayaqlardan istifadə edilməklə yeniləşdirilib. 10 yeni transformator yarımstansiyası təmir edilib, 4 qapalıtipli yeni şit quraşdırılıb.
Diqqətə çatdırılıb ki, əhalinin təbii qazla təmini isti­qamətində görülən işlər nəticəsində korroziyaya uğrayan 1869 paqonometr uzunluğunda dəmir boru yenisi ilə əvəzlənib, texniki səbəbdən sıradan çıxmış 39 ədəd qaz sayğacı yeniləri ilə dəyişdirilib, 640 paqonometr qaz xətti çəkilib, qaz sayğaclarına müdaxilənin qarşısının alınması üçün 5409 abonent qutusu quraşdırılıb.
Rayonda dayanıqlı rabitənin təmin olunması üçün 41 ədəd rabitə dirəyi, 2420 metr müxtəlif tutumlu kabellərdən istifadə edilməklə yeniləşdirmə işləri aparılıb.
Vurğulanıb ki, əhalinin içməli suya olan tələbatının ildən-ilə yaxşılaşması istiqamətində də müəyyən işlər görülür. Bu gün Culfa şəhəri ilə yanaşı, kəndlər də fasiləsiz içməli su ilə təmin edilib. Qış aylarında qarşıya çıxa biləcək problemlərin aradan qaldırılması üçün mövsümə hazırlıq işlərinə diqqət daha da ­artırılmalıdır.
Şükür Babayev qarşıda duran vəzifələrdən danışarkən deyib ki, rayon Elektrik Şəbəkəsi payız-qış aylarında elektrik enerjisinin veril­məsində fasiləsizliyi təmin etmək üçün mövcud infra­strukturun yenilənməsini davam etdirməli, istismar üçün yararsız olan avadanlıqların, çatlamış şüşə izolyasiyaların, elektrik dirəklərinin və xətlərin vaxtında müəyyən edilərək dəyişdirilməsini, transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsini ­oktyabrın 20-dək başa çatdırmalıdır.
Qaz İstismar İdarəsi qaz təchizatı sistemində texniki baxışı yekunlaşdırmalı, qaz xətlərindəki və qazpaylayıcı qurğulardakı mövcud nasazlıqların aradan qaldırılması, qaz keçidlərinə nəzarət olunması və xətlərin korroziyadan qorunması üçün tədbirlər görməlidir.
Qeyd edilib ki, Kommunal Müəssisələri Kombinatı və Culfa Şəhər Mənzil İstismar Sahəsi bütün qazanxanaların qış mövsümünə hazırlıq işlərini başa çatdırmalıdır. Qazanxanalara işçi hazırlığı diqqətdə saxlanmalı, işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülməlidir.
Təhsil Şöbəsi, Mərkəzi Xəstəxana, Yanğın Təhlükəsizliyi İdarəsi, Mədəniyyət və Maliyyə şöbələrinin payız-qış mövsümünə hazırlıqla əlaqədar görəcəkləri işlərdən danışan İcra Hakimiyyətinin başçısı bildirib ki, dəmiryol nəqliyyatında hərəkətin təhlükəsizliyi üçün zəruri tədbirlər görülməlidir.
Yol Təmir-İstismar İdarəsi qış aylarında kəndlərə rahat gediş-gəlişin təmini məqsədilə yolların qar və buzdan təmizlənməsi üçün istifadə olunacaq maşın və mexanizmlərin saz vəziyyətdə saxlanması, onların ehtiyat hissələri ilə təchiz edilməsi və qum ehtiyatının yaradılması üçün tədbirlər görməlidir.
Çıxış zamanı Baytarlıq İdarəsinə heyvandarlıq, quşçuluq və arıçılıqla məşğul olan sahibkarlıq subyektlərinin qışlamaya hazırlığı ilə bağlı maarifləndirmə tədbirlərini gücləndirməsi, xəstəliklərə qarşı tələb olunan dərman vasitələri ehtiyatının yaradılması ilə də bağlı müvafiq tapşırıqlar verilib.
Sonra mövzu ətrafında çıxışlar dinlənilib.

Hüseyn ŞƏKƏRƏLİYEV