18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvanlılar düşmən qabağında əyilmirlər

İndi Sədərək od içindədir. Onun bahar çiçəkləri qana boyanıb. Erməni daşnakları bu dəfə Naxçıvanı hədəf seçiblər. Mayın 18-də daşnakların ordusu Sədərəyə hücuma keçdi. Onlar səhər 5-ə yaxın rus ordusunun əsgərləri ilə birlikdə dinc Sədərəyi güclü atəşə tutdular. 12 min əhalinin yaşadığı kənd səhəri döyüşlə qarşıladı. Kəndin qocaları, qadın və uşaqları təcili çıxarıldı. Günün birinci yarısınadək bir qadın və 3 nəfər milli ordunun əsgəri həlak oldu. 40 nəfərdən çoxu yaralandı. Naxçıvandan, Şərurdan, muxtar respublikanın digər bölgələrindən kömək gələnədək ermənilər mövqelərimizin bir neçəsini ələ keçirdilər. Hücum genişləndi. Lakin igid döyüşçülərimiz mərdlik göstərərək Ucubiz, Şeytan təpəsi postlarını geri almağa, düşmənin iradəsini qırmağa nail oldular. Bir-­birindən qeyrətli oğullar canlarını Vətən yolunda qurban verirdi. Biz cəbhədə olarkən əli silah tutanların necə qəhrəmancasına vuruşduqlarının şahidi olduq. Erməni təcavüzkarları uzaqvuran toplardan və “Alazan” tipli raketlərdən Şərurun bir sıra kənd­lərini, rayon mərkəzini atəşə tutmuşlar. Sədərəkdə top mərmisinə tuş gəlməyən ev, səhiyyə ocağı, məktəb binası qalmayıb. Toplardan və zirehli texnikalardan atılan mərmilərlə kəndin yolu, izi də tamam dağıdılıb.
Heydər Əliyevin xalqa televiziya ilə müraciəti qədim diyarın qeyrətli oğul və qızlarını Vətəni daha cəsarətlə qorumağa səslədi. Döyüşlərdə qələbə, inam əzmi gücləndirildi. Sədərək döyüşlərində bütün Naxçıvan diyarının qeyrətli, qolu bükülməz oğulları mərdliklə vuruşurdular. Biz Sədərəkdən ayrılanda ara-sıra atəş səsləri eşidilirdi. Şir ürəkli, dağ vüqarlı oğullarımıza dedik:
– Bizim işimiz haqq işidir. Biz mütləq qalib gələcəyik! Vüqarlı dağlarımızın ətirli çiçəkləri qana boyanıb. Şəhid qanına. Amma gələcəyə ümidlə baxan naxçıvanlılar düşmənin qabağında Əlincə qalası kimi möhkəm dayanmışdılar.

Cəfər ƏLİYEV
“Şərq qapısı”, 1992-ci il

Atalardan oğullara qalan ərməğan:
sıx birlik, Vətən təəssübkeşliyi, yurda bağlılıq

Mərhum jurnalist Cəfər Əliyev bu sətirləri düz 26 il bundan əvvəl ürək yanğısı ilə qələmə alıb. O günlərdə bütün Naxçıvanın ürəyi Sədərəkdə döyünürdü, nigaran baxışlar oraya dikilmişdi. Əli silah tutan hər kəsin Sədərəyə yollandığı həmin vaxtlarda hamının arzusu, duası bir idi: Cəbhəyə gedənlərin sağ-salamat qayıtması və torpaqlarımızın, yenicə qazandığımız, hələ təzəcə daddığımız müstəqilliyimizin qorunması.

 

Qanlı-qadalı döyüşlərdə xalq birliyi qeyrət qalasını qorudu. “Ermənilər Sədərəyə ancaq bizim meyitimizin üzərindən keçib gedə bilərlər”,– deyən oğulların qanı ilə suvarıldı Vətən torpağı. Ulu öndərimiz Heydər Əliyevin ətrafında birləşən əhalinin sıx birliyi, Vətən təəssübkeşliyi, yurda bağlılığı Sədərəyi qorudu. Budur xalqımızın dəyanəti, budur vətənsevərlik, budur torpaq, yurd sevgisi. Həmin illərdə bunu təkcə mənfur ermənilər yox, bütün dünya gördü. Və bu həqiqət qədim oğuz yurdu, adı dastanlara sirdaş olan Sədərəyə bir ad da qazandırdı – Naxçıvanın qeyrət qalası.
Ermənilər 1990-93-cü illərdə 14 dəfə Sədərəyə hücum etsələr də, hər dəfə geriyə çəkilməyə məcbur qalıblar. O vaxtlar Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri işləyən görkəmli dövlət xadimi Heydər ­Əliyev Sədərəyi “Qeyrət qalası” adlandıraraq demişdir: “Muxtar respublika kəndləri dəfələrlə silahlı hücumlara məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsasən, ağırlıq Sədərəyin üzərinə düşmüşdür. Sədərəkdə vəziyyət tamam başqadır. Burada əsl müharibə gedir”.
Düşmənin biraddımlığındakı doğma yurdumuz, həqiqətən də, tarixboyu torpağımıza göz dikənlərə qeyrətdən, Vətən sevgisindən, torpaq təəssübkeşliyindən ucaldılmış bir sədd olub. Çünki bu yurdun hər daşı sevgidən, Vətən məhəbbətindən, palçığı şəhid qanından yoğurulub. Bu yerdə vaxtilə çox müharibələr, qanlı qırğınlar olub. Ancaq yurdumuz qısa zaman ərzində qəddini dikəldə bilib, abadlaşıb yenidən gül-gülüstana çevrilib. Düşmənlərimiz yüz illər boyu bu torpaqlara sahiblənməyə çalışıblar, ancaq acı məğlubiyyətdən başqa heç nə əldə edə bilməyiblər. Odur ki, tarixin hər səhifəsində qədim oğuz yurdunun min-min salnaməsi var. Bu salnamələr bir yerə toplananda isə qədim diyar haqqında ümumi bir fikir formalaşır: Bura VƏTƏNDİR, bura doğma Naxçıvanımın qeyrət rəmzi, yenilməzlik simvoludur!

Mühüm strateji əhəmiyyətə malik yurd yerimiz

 

Əldə olunmuş arxeoloji materiallar sübut edir ki, Sədərək 7000-8000 il bundan əvvəl Naxçıvan ərazisinin əsas yaşayış yerlərindən və mühüm mədəniyyət ocaqlarından biri olub. Bir çox səyyah və tədqiqatçılar, o cümlədən Jak Şarden, Övliya Çələbi bu kənd haqqında maraqlı məlumatlar veriblər.
Tarixi mənbələrdə adı çox çəkilsə də, bu qaynaqların heç birində “Sədərək” sözünün mənşəyinə toxunulmayıb. Ona görə də bu haqda müxtəlif ehtimallar yaranıb. Məsələn, xalq etimologiyasına görə, kənd üç çayın Çınaqçıçay, Cəhənnəmdərəsi və Bağırsaqdərənin əhatə etdiyi ərazidə yerləşdiyi üçün bura “se-dere” adı verilib və sonralar həmin söz Sədərək şəklinə düşüb. İkinci eh­timala görə, Sədərək sözü “sel gərək” birləşməsindən törəyib.
Xalq etimologiyasında olduğu kimi, müxtəlifsəpkili məqalə və kitablarda da “Sədərək” sözünün mənşəyinə ayrı-ayrı prizmalardan toxunulur. Belə ki, tanınmış alimlərdən Budaq Budaqov, Qiyasəddin Qeybullayev, Səfəralı Babayev və başqaları “Sədərək” sözünü “Kitabi-Dədə ­Qorqud”un “Uşun Qoca oğlu Səgrək boyunu bəyan edər” boyundakı Səgrək antroponimi ilə əlaqələndirirlər.
Tədqiqatlar sübut edir ki, Sədərək oğuzlara məxsus ad olub “Kitabi-Dədə Qorqud” dastanında adıçəkilən “Səgrək” şəxs adı əsasında yaranmış oykonimdir. Bunu qədim yurd-yeri olan Naxçıvan ərazisində vaxtilə mövcud olan Əyrək, Oğuz daşı (iki kənd), Bəydili kimi kəndlərin olması da Sədərək adının oğuzlara məxsusluğunu bir daha təsdiqləyir.
Sərhəd bölgəsinin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədilə, həmçinin ərazinin coğrafi mövqeyi nəzərə alınaraq Sədərək Şərur rayonunun tərkibindən ayrılaraq ona rayon statusu verilib. Sədərək rayonunun əhalisi 15 min 875 nəfər, ərazisi 151,34 kvadratkilometrdir. Mərkəzi Heydər­abad qəsəbəsidir. Rayon Heydərabad qəsəbəsi, Sədərək, Qaraağac və Kərki kənd inzibati ərazi dairələrindən ibarətdir. Sədərək rayonu cənub-qərbdən Türkiyə Cümhuriyyəti ilə (Türkiyə ilə Azərbaycanın həmsərhəd olduğu 15 kilometr məsafə yalnız buradadır), şimal-qərbdən Ermənistanla 24 kilometr, cənub-şərqdən isə İran İslam Respublikası ilə 2 kilometr həmsərhəddir.
Rayonun ərazisi, əsasən, düzənlikdən ibarətdir. Ucubiz, Tejgar, Əjdəhan, Vəlidağ və Saraclı dağ silsilələri təbii sipər kimi Sədərəyi əhatəyə alıb.
Sədərək rayonundakı maili düzənlik Arazboyu düzənliklərdən biridir. 800-940 metr yüksəkliyə malik olan Sədərək düzü cənuba və qərbdən-şərqə doğru meyillidir. Sədərək düzünün mərkəzi hissəsindən kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur.
Türkiyə və İran ilə Sədərək rayonu arasında sərhədboyu Araz çayı axır.

 

Sədərəyin bu günü hər birimiz­ə qürur bəxş edir

Vaxtilə bu torpağın bərəkətliliyi, təbii sərvətləri, insanların əməksevərliyi yurd yerimizin inkişafına o qədər də təsir göstərə bilməyib. Yaşayış məntəqələri, yollar, xəstəxanalar, məktəblər, uşaq bağçaları bərbad vəziyyətdə olub. Bu da insanları yavaş-yavaş torpaqdan, doğma yurddan uzaq salıb. O dövrdə Naxçıvanın hər bir bölgəsi Sovetlər Birliyinin klassik əyaləti idi və uzaqlardan buraya yolu düşən hər kəs Naxçıvanın inkişafdan geri qaldığını açıq-aşkar görürdü.
Vətənimiz bir ictimai quruluşdan digərinə keçdi, müstəqillik əldə etdik. Ulu öndərimizin Naxçıvana gəlişi ilə qədim diyarda möhtəşəm dəyişik­liklərin, inkişafın əsası qoyuldu. İnfrastruktur quruculuğu, təhsil, səhiyyə, mədəniyyət, incəsənət və digər sahələrdə canlanma yarandı. Rəssam da, bəstəkar da, şair də, sadə vətəndaş da bu canlanmanın birbaşa şahidi və iştirakçısı oldu.
1995-ci ildən başlanan yeni inkişaf dövrünü qədirbilən sədərəklilər həmişə böyük minnətdarlıq hissi ilə qeyd edirlər. Çünki məhz həmin tarixdən etibarən Naxçıvanın hər bir bölgəsi kimi, Sədərək də öz inkişafının yeni mərhələsinə ­qədəm qoydu.
Bu gün bölgələrimizə yolumuz düşəndə ilk diqqətçəkən müasir və yaraşıqlı məktəb binaları olur. Sədərəkdə də buna şahid olduq. Geniş, işıqlı sinif otaqları, laboratoriyaları, fənn kabinələri, elektron lövhəli otaqları, kompüter sinifləri, müasir idman zalları olan bu məktəblər şagirdlərin ixtiyarına verilib, onların elm, bilik dünyasına aparan yollarını işıqlandırıb. Bu yolları ömür yolu seçənlərin sayı ilbəil artır. Onların səsi ölkəmizlə yanaşı, dünyanın bir çox ali təhsil ocaqlarından, elmi-tədqiqat institutlarından gəlir.
Sədərək rayonunda həmsöhbət olduğum yaşlı nəslin nümayəndələrindən Əli Ağayev və Taleh Heydərov belə deyirlər: – Bu gün vəziyyət tamam başqadır. Muxtar respublikamızın hər bir bölgəsində olduğu kimi, Sədərək rayonunun da, demək olar ki, bütün kəndlərində müasir məktəb binaları ucaldılıb. Ən müasir şəraiti olan məktəb binaları... Bu, bütün rayon sakinlərini çox sevindirir. Sevinirik ki, ən ucqar sərhəd yaşayış məntəqələrində, ən kiçik kəndlərdə də belə gözəl təhsil obyektləri inşa olunub. Bu, böyük diqqətdir. Müasirtipli məktəb binaları təhsilin inkişafına göstərilən qayğının ifadəsidir.
Rayon məktəblərində şəraitdən söz düşmüşkən qeyd edək ki, Sədərək kənd 1 nömrəli tam orta məktəb də müasir binası ilə göz oxşayır. Bir vaxtlar top mərmilərinin hədəfi olan bu məktəb binasının divarlarında bu gün bir güllə izi belə, qalmayıb. Düşmənin lap yaxında olduğunu bilsək də, bundan heç kim narahatlıq keçirmir. Hamı bilir ki, bizə qarşı ­atılacaq hər bir güllənin cavabı veriləcək. Çünki sərhədlərimiz etibarlı şəkildə qorunur.
İnsan sağlamlığı bəşər övladının ən ali arzularından biridir. Bu haqda söhbət gedəndə yada ilk olaraq xəstəxanalar düşür. Son illərdə muxtar respublikada istifadəyə verilən xəstəxana binaları, onların təcrübəli kadrlarla, ən müasir texnologiyalarla təmin edilməsi dövlətimizin insan amilinə diqqət və qayğısından xəbər verir. Sədərək Rayon Mərkəzi Xəstəxanasında yaradılan şərait də insan amilinə verilən qiymətin daha bir təzahürüdür. Burada dünyanın inkişaf etmiş ölkə­lərinin xəstəxanalarında tətbiq edilən tibbi avadanlıqlar mövcuddur. Əvvəllər Sədərəkdən kənarda şəfa axtaran sakinlər indi sağlamlıqlarını rayon xəstəxanasında fəaliyyət göstərən həkimlərə etibar edirlər. Nəticə isə göz qabağındadır: Xaricə müalicə üçün üz tutanların sayı ilbəil azalır. Profilaktika, müayinə, diaqnoz və müalicənin düzgün təşkili, peşəkar və yerli tibbi kadrların işə əsl vətəndaş həssaslığı ­ ilə yanaşması bu azalmanın əsas səbəblərindəndir.
Bu gün təkcə Naxçıvan şəhərinin yox, muxtar respublikamızın bütün rayon və kəndlərinin şüşə kimi hamar yolları, müasir inzibati binaları, abad məhəllələri, yaşayış massivləri, bərpadan sonra yeni görünüş alan tarixi abidələri, yaşıl libasa, gül-çiçəyə bürünən park və xiyabanları var. Bütün bu gözəlliklər qədim Nuh yurdunu qonaqlar üçün daha da cəlb­edici, muxtar respublika sakinləri üçün isə əmniyyətli və yaşanılacaq yer edir. Sədərəyin keçmişi elə idi ki, qabaqlar burada külək əsəndə, yağış yağanda toz-torpaqdan, palçıqdan durmaq olmurdu. İndi buralar abadlaşdırılıb, park salınıb, kənd sakinlərinin dolanışığı xeyli yaxşılaşıb. Sədərəyə növbəti gəlişimiz zamanı bunun bir daha şahidi olduq.
Gördüklərim onu deməyə əsas verir ki, illər öncə çəkilən əziyyətlərin, keçmişin acı bir xatirəyə çevrilməsinin əsas səbəblərindən biri də mavi yanacaq, elektrik və içməli su təminatı ilə bağlı problemlərin öz həllini tapmasıdır. İndi hər kəs bu problemlərdən uzaqdır, öz gündə­lik qayğıları, işi-gücü ilə məşğuldur. İnsanlar indi vaxtını ərzaq, neft növbələrinə deyil, yaşadığı bölgənin daha da inkişafına, abadlaşıb, gözəl­ləşməsinə sərf edir. Hər kəs məhsuldar fəaliyyəti ilə ümumi işə öz töhfəsini verməyə çalışır.
Bu, mənim Naxçıvanın “dəmir qapı” Dərbəndinə, qeyrət qalasına ilk gəlişim deyil. Yenə də Sədərəyi üç tərəfdən dövrəyə alan vüqarlı dağlara baxıram. Bu dağlar vüqarını Vətən oğullarının bir vaxtlar döyüşlərdə bu torpağa hopan qanından, sevgisindən alır, – deyə düşünürəm. Bir zamanlar barıt qoxusu gələn bu torpaqlardan indi gül-çiçək ətri gəlir. Şair Rövşən Hüseynovun da qələmə aldığı kimi:
Sədərək bu yerin Qeyrət qalası,
Bir vaxtlar üstünə güllələr yağıb.
Qoynunda şırımlar açılan yurdum,
İndi sinəsinə gül-çiçək taxıb.
Düşmənlə çox yaxın mövqedə yerləşən, tarixin müəyyən bir dövrünə kimi doğma Şərurumuzun bir parçası olan, sonradan rayon kimi formalaşan Sədərəkdə yolboyu gördüklərim düşmənin biraddımlığındakı qədim diyarın bugünkü gözəlliyi, əzəməti qəlbimə sevinc gətirdi. Düşmənə gözdağına çevrilən Sədərək əminik ki, hər zaman düşmən qarşısında dağ kimi dayanaraq hər bir muxtar respublika sakininə qürur hissi yaşadacaq.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3285678
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
526
3637
23447
70324
3285678

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter